Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərinin Bakı-2015 də uğur qazanmış idmançıları ilə görüş olub -

Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərinin “Bakı-2015”də uğur qazanmış idmançıları ilə görüş olub

İyulun 10-da təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərindən “Bakı 2015” I Avropa Oyunlarında uğur qazanmış idmançılarla görüşüb.

Görüş iştirakçılarını salamlayan nazir qeyd edib ki, tarixdə ilk dəfə ölkəmizdə keçirilmiş “Bakı 2015” I Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi hamımızda böyük qürur hissi doğurub. Azərbaycan Respublikası Prezidentinin böyük diqqət və qayğısı, I Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın yüksək təşkilatcılıq bacarığı nəticəsində qısa müddət ərzində müasir tələblərə cavab verən müxtəlif idman obyektlərinin tikilib istifadəyə verilməsi, tələb olunan infrastrukturun yaradılması, digər hazırlıq işlərinin görülməsi Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə zəmin yaradıb.
I Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kompaniyası çərçivəsində Təhsil Nazirliyi tərəfindən təşkil olunan kütləvi idman tədbirlərinə diqqət çəkən Mikayıl Cabbarov bildirib ki, müvafiq yarışlar I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliği, məktəblilərin sağlam həyat tərzinə cəlb olunması, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində bədən tərbiyəsinin və idmanın rolunun artırılması məqsədilə keçirilib. Təsadüfi deyil ki, I Avropa Oyunlarında ölkəmizi təmsil edən idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi-müəllimlərdir. Onlar 7 idman növü üzrə (atletika, akrobatika gimnastikası,badminton, qılıncoynatma, sambo, sərbəst güləş, stolüstü tennis) mübarizə aparıbar.
Qürurverici haldır ki, Azərbaycan idmançıları I Avropa Oyunlarında yüksək nailiyyətlər əldə edərək Avropanın Almaniya, Böyük Britaniya, Fransa, İtaliya kimi ölkələrini geridə qoyub, 21 qızıl, 15 gümüş, 20 bürünc olmaqla, ümumilikdə 56 medal qazanaraq, ölkəmizin bayrağını yüksəklərə qaldırıb, ikinci yeri tutmağa nail olub.
Avropa Oyunlarının təşkili və keçirilməsində Təhsil Nazirliyinin təşkilatçılığı ilə 17 ali məktəb və 15 kollecdən 14 minə yaxın tələbə könüllü kimi iştirak edib və müstəsna xidmətlər göstərib. Bütün bunlar nəzərə alınaraq, Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələri və kolleclərə təşəkkür məktubları göndərilib.
Təhsil naziri deyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, könüllülər ölkəmizin bir daha böyük potensiala, insan kapitalına malik olduğunu göstərdilər. Tələbə-könüllülərin fəaliyyətinə I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva tərəfindən də yüksək qiymət verilib.
Könüllülər arasında SABAH qruplarının tələbələrinin uğurlu fəaliyyəti də qeyd olunmalıdır. Cari ilin martından fəaliyyətə başlayan “SABAH-ın könüllüsü” proqramı çərçivəsində Təhsil Nazirliyinin SABAH qruplarındakı könüllülərin “Bakı 2015” I Avropa Oyunlarına dəstəyini nümayiş etdirmək məqsədilə silsilə tədbirlər keçirilib. Könüllülər Avropa Oyunlarının keçirildiyi müddətdə idmançılara və rəsmi şəxslərə kömək edib, tamaşaçılara, əcnəbi qonaqlara, turistlərə və media nümayəndələrinə dəstək göstəriblər.
Nazir bildirib ki, I Avropa Oyunlarının təcrübəsini, könüllülərin iştirakını nəzərə alaraq, 5 dekabr 2015-ci il tarixdə-Beynəlxalq könüllülər günündə tələbə-könüllülərin Respublika Forumunun keçirilməsi nəzərdə tutulub. Forumun məqsədi tələbə-könüllülərin təşkilatlanması, beynəlxalq miqyaslı kütləvi tədbirlərin təşkili və keçirilməsində tələbələrin fəal iştirakının təmin olunması, onların bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir.
Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin uğurlarından söhbət açan nazir “Bakı 2015” I Avropa Oyunlarında həmin məktəblərin yetirmələrindən olan Amil Qasımovun Sambo idman növü üzrə II, Hacı Əliyevin Sərbəst güləş idman növü üzrə III, Eldar Səfərovun idman gimnastikası üzrə komanda yarışında III yeri tutduğunu nəzərə çatdırıb. İdmançıları təbrik edən Mikayıl Cabbarov onların idman karyeralarında daha parlaq uğurlar qazanacaqlarına ümidvar olduğunu bildirib.
“Bakı 2015” I Avropa Oyunlarının əhəmiyyəti haqqında fikirlərini bildirən təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə mövcud olan yüksək səviyyəli idman infrastrukturunun istənilən beynəlxalq yarışı keçirməyə imkan verdiyini nəzərə çatdırıb. Bütün bunlar ölkəmizdə idmana göstərilən dövlət qayğısı və dövlət başçısının şəxsi dəstəyi sayəsində reallaşdırılıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Səadət Qəndilova I Avropa Oyunlarında uğur qazanmış idmançıları təbrik edib, tələbə-könüllülərin fəaliyyətini yüksək dəyərləndirib.
Sonra hər üç idmançıya Təhsil Nazirliyi tərəfindən Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
İdmançılar görüşə və göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edib, növbəti möhtəşəm idman yarışlarında da ölkəmizi layiqincə təmsil edəcəklərini bildiriblər.
Daha sonra təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin, ali təhsil müəssisələrinin, kolleclərin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin I Avropa Oyunlarında fəal iştirak etmiş bir qrup əməkdaşını Fəxri fərmanla təltif edib.
Ölkəmizin idman tarixinə qızıl hərflərlə yazılan bu möhtəşəm idman tədbirinin uğurla yekunlaşması üçün verdiyi töhfəyə görə hər kəsə təşəkkürünü bildirən nazir qazanılmış təcrübənin dəyərli olduğunu vurğulayıb.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !