Eldar QULİYEV: - Azərbaycan Avropa Oyunlarının tarixə çevrilən ilk parlaq səhifəsini yazdı

Eldar QULİYEV: Azərbaycan Avropa Oyunlarının tarixə çevrilən ilk parlaq səhifəsini yazdı

Gənc Azərbaycan Respublikasının müstəqilliyi ərzində əldə etdiyi nailiyyətlər çoxdur. Əgər ilk çağlarda ağrı-acılı günlər yaşayırdıqsa, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra uğurlarımız bir-birini əvəz etdi. Son illərdə isə respublikamız Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə yüksək templə inkişaf etdiyindən artıq Azərbaycan bütün Avropanın həyatında əhəmiyyət kəsb edən uğurlara, tarixi ilklərə imza atır.
Tək Azərbaycanın uğuru yox, həm də möhtəşəm qələbəsi olan növbəti hadisə I Avropa Oyunları oldu. Respublikamız Avropada ilk dəfə keçirilən bu idman müsabiqəsini layiqincə təşkil etməklə tarixini daha bir möhtəşəm nailiyyətlə zənginləşdirdi. Haqlı olaraq beynəlxalq səviyyədə də tarixi, olduqca mühüm, yaddaşlarda xoş təəssüratlar oyadan möhtəşəm hadisə kimi qiymətləndirilən I Avropa Oyunlarından danışarkən onu bir neçə mərhələyə bölmək olar: hazırlıq mərhələsi, oyunların gedişi və nəticə.
Avropa Olimpiya Komitəsi 2012-ci ilin dekabrında səsvermə nəticəsində I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edəndə qarşıda cəmi iki il yarım vaxt var idi. Lakin bu müddət yay olimpiya oyunları səviyyəsində olan idman yarışmasının təşkili üçün yetərli deyildi. Məsələn, 2016-cı il Yay Olimpiya Oyunlarının Rio de-Janeyroda keçirilməsi illər öncədən məlumdur. Avropanın bəzi dairələri daim Azərbaycan əleyhinə çıxış etsələr də, o zaman bu Oyunların ölkəmizdə keçirilməsinə heç bir ölkə və heç bir təşkilat qarşı çıxmadı. Çünki Azərbaycanı istəməyən dairələr bizim bu beynəlxalq idman yarışının təşkilinin öhdəsindən gələ bilməyəcəyimizi zənn edir, dövlətimizin bu idman müsabiqəsindən üzüağ çıxa biləcəyinə inanmırdılar.
Bu Oyunlara evsahibliyinin Azərbaycana həvalə olunduğu gündən hazırlıq işlərinə start verildi, Təşkilat Komitəsi yaradıldı. Komitəyə rəhbərliyin respublikamızın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya həvalə olunması məsələyə çox ciddi yanaşmadan xəbər verirdi. Biz 2012-ci ildə Bakıda keçirilən “Eurovision” Mahnı Müsabiqəsinin Təşkilat Komitəsinin Mehriban xanım Əliyevanın rəhbərliyi ilə öz işinin öhdəsindən layiqincə gəlməsini də yaxşı xatırlayırıq. Buna görə də Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan I Avropa Oyunlarının Təşkilat Komitəsinə Mehriban xanım Əliyevanın rəhbərlik etməsi, ilk gündən Azərbaycanın I Avropa Oyunlarını da ən yüksək səviyyədə təşkil edəcəyi heç kəsdə şübhə doğurmurdu. Belə də oldu. Artıq bu ilin may ayına qədər bütün hazırlıq işləri tam başa çatdı. Cəmi iki il yarımdan da az bir vaxtda tamamilə 5 yeni idman kompleksi tikilərək istifadəyə verildi. Bunlar Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi, Bakı Su İdmanı Sarayı və Veloparkdır. Yarışların keçirildiyi digər idman qurğuları isə tamamilə yenidən quruldu, ən müasir standartlara uyğunlaşdırıldı. Qısa müddətdə bu qədər işin görülməsi həqiqətən gərgin və fədakar zəhmət tələb edirdi. Lakin ölkəmiz ən yüksək formada bunun öhdəsindən gəlməyi bacardı. Bir vaxtlar heç düşünə bilməzdik ki, Böyükşor gölü yaxınlığında, baxımsız bir ərazidə Bakı Olimpiya Stadionu kimi möhtəşəm idman kompleksi tikilər, o torpaqlar belə abadlaşdırıla bilər. Amma qısa müddətdə həmin ərazi neft tullantılarından təmizləndi. Yerində dünyanın ən böyük stadionları ilə rəqabətə girə biləcək möhtəşəm idman qurğusu tikildi, gölün sahilində isə gözəl bulvar salındı.
Bakıda işlərin çox olmasına baxmayaraq, Mehriban xanım Əliyevanın təşəbbüsü və iştirakı ilə Avropa ölkələrində I Avropa Oyunlarının təqdimatları keçirildi. Həmin təqdimatlarda təkcə bu idman yarışı barədə müzakirələr açılmırdı. Onların hər birində Azərbaycanın tarixi, mədəniyyəti barədə geniş məlumatlar verilir, milli-mənəvi dəyərlərimiz, musiqimiz əcnəbilərə çatdırılır, Azərbaycan tanıtdırılırdı. Mən iki dəfə - Almaniya və Fransada keçirilən təqdimatlarda iştirak etmişəm. Hər dəfə də əcnəbilərin ölkəmizə heyranlıqlarının şahidi oldum. Bu təqdimatların özü də I Avropa Oyunlarının çox yüksək səviyyədə keçiriləcəyindən xəbər verirdi.
I Avropa Oyunlarının açılış mərasiminin keçirildiyi iyunun 12-si isə təkcə Azərbaycanın deyil, dünyanın və Avropanın idman həyatında ən əlamətdar tarixlərdən biridir. Çünki həmin gün axşam Bakı Olimpiya Stadionunda 68 min tamaşaçı, eləcə də dünyada yüz milyonlarla televiziya tamaşaçısı unudulmaz tarixi anın şahidi oldular. Dünyanın aparıcı bədii, yaradıcı və texniki heyətlərinin iştirakı ilə ərsəyə gələn kreativ şou heyrətamiz bir mənzərə yaratmaqla hər bir azərbaycanlını xüsusilə qürurlandırdı. Mən bir çox mötəbər idman yarışlarının açılış mərasimlərini izləmişəm. Lakin I Avropa Oyunlarının açılış mərasimi bunların arasında ən möhtəşəmi idi. Bu mərasimin ən mühüm cəhəti onun əvvəldən axıra kimi xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirməsi idi. Rəngarəng kompozisiyalar o qədər milli, o qədər gözəl idi ki, adam o mənzərəni izlədikcə Azərbaycan vətəndaşı olduğuna görə həyəcanlanmaya, fəxr etməyə, kövrəlməyə, qürurlanmaya bilmirdi. Azərbaycan bu Oyunlar zamanı öz xalqının milli kimliyini nümayiş etdirməklə yanaşı, öz vətəndaşını da dünyaya tanıtdırdı.
Əslində, ölkəmizdə bu möhtəşəm idman müsabiqəsinin həyəcanı aprelin 26-dan başlamışdı. Həmin gün Bakıda “Atəşgah” məbədində I Avropa Oyunlarının məşəli alovlandırıldı və bununla da özünün yeni mərhələsinə qədəm qoydu. Buna görə o gün də ilk Avropa Oyunlarının həyəcanının başlanğıc günü kimi tarixə düşdü. Olimpiya ənənəsinə uyğun olaraq estafet qədim od məbədi olan “Atəşgah”dan başladı. Prezident İlham Əliyevin alovlandırdığı məşəl Azərbaycanın bütün regionunu gəzdi. Məşəlin səyahəti Azərbaycanın inkişafını, yüksəlişini, xalqımızın isə sıx həmrəyliyini və yüksək mənəvi ovqatını bütün dünyaya nümayiş etdirdi.
Təbii ki, I Avropa Oyunları həm də Azərbaycanda dövlətin idman siyasətinin uğurlu nəticələrini ortaya qoydu.
21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla, qazandığımız 56 medalla Azərbaycan bu idman yarışmasının ikincisi oldu. Əlbəttə, hər kəs idmançılarımızdan yüksək nəticə gözləyirdi. Lakin biz böyük idman ənənələri olan Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və digər ölkələri də geridə qoyduq. Ona görə də fəxrlə deyə bilərik ki, idmançılarımız da bu Oyunlarda əsl tarix yazdılar. Bu yarışların bir çoxunda Prezident İlham Əliyevin və ailə üzvlərinin iştirakı isə idmançılarımıza qələbə üçün əlavə stimul verdi. Cənab Prezidentin qızıl medal qazanan idmançılarımızın əksərinə mükafatı şəxsən təqdim etməsi sevinclərə sevinc qatdı. Həmin anlar hər birimizi həm qürurlandırdı, həm də təsirləndirdi.
Diqqəti çəkən məsələlərdən biri də Oyunlar zamanı həyata keçirilən yüksək təhlükəsizlik tədbirləri idi. Bu o deməkdir ki, Azərbaycanda vətəndaşların və cəmiyyətin təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunur. I Avropa Oyunları beynəlxalq səviyyəli idman tədbiri olduğundan ölkəmizə minlərlə idmançının, on minlərlə turistin gələcəyini nəzərə alaraq yarışların keçirildiyi günlərdə də ölkəmizin hüquq-mühafizə orqanları bu işin öhdəsindən layiqincə gəlirdi. Onların əsl vətənpərvərlik, yüksək əzm və peşəkarlıq nümayiş etdirmələrinin nəticəsi olaraq I Avropa Oyunlarının təhlükəsizliyi ən yüksək səviyyədə təmin olundu. Bu həm də onu göstərdi ki, Azərbaycan ictimai-siyasi baxımdan sabit ölkədir və burada hər hansı riyakar planın həyata keçirilməsi mümkün deyil.
Bütün şəhərlərdə beynəlxalq yarışlar keçirilən zaman nəqliyyatın hərəkətində xüsusi tənzimləmələr olur. Bakı da istisna deyildi. Hələ Oyunlar başlamazdan öncə bəzi yollarda I Avropa Oyunlarında idmançılara və nümayəndə heyətlərinə xidmət edəcək, eləcə də tamaşaçıları idman komplekslərinə aparan xüsusi nəqliyyat vasitələri üçün zolaqlar ayrılmışdı. O cümlədən, rayon qeydiyyatında olan avtomobillərin Bakıya girişinə məhdudiyyət qoyulmuş, bəzi marşrutların hərəkətində dəyişiklik edilmişdi. Sevindirici haldır ki, paytaxt sakinləri, sürücülər bu müvəqqəti məhdudiyyətləri yüksək anlayışla, ehtiramla qarşıladılar. Bu həm də vətəndaşlarımızın yüksək mədəni davranışından, ölkəmiz üçün əhəmiyyət kəsb edən bu cür məsələlərə həssas münasibətindən xəbər verirdi. Həmin günlərdə biz eyni zamanda yol polisi xidmətinin yüksək səviyyədə qurulmasının və burada çalışan əməkdaşların peşəkarlığının da şahidi olduq.
I Avropa Oyunlarının əsas simalarından biri də könüllülər idi. Artıq bir neçə ay idi ki, şəhərimizdə və yarışlarda gördüyümüz xüsusi uniformalı oğlan və qızlar hər birimizdə xoş ovqat oyadırdılar. “Bakı-2015”in “Alovqoruyanlar” adlandırılan könüllüləri
I Avropa Oyunlarının möhtəşəm idman bayramına çevrilməsində yaxından iştirak etdilər. Onlar Oyunlar ərzində idmançılara və rəsmi şəxslərə kömək göstərdilər, idman yarışlarında işlədilər, tamaşaçılara, turistlərə və media nümayəndələrinə bələdçilik etdilər. Hətta gimnastika yarışlarının könüllülərindən biri polşalı idmançını zədə almaqdan xilas etdi. Bütövlükdə könüllülər öz üzərlərinə düşən işi məsuliyyətlə yerinə yetirdilər. Könüllülük proqramı həm də böyük təcrübənin əldə edilməsidir. Çünki gələcəkdə Azərbaycanda yenə yarışlar keçiriləcək və onda da könüllülərin təcrübəsindən istifadə olunacaq.
Bir sözlə, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi I Avropa Oyunlarında ən yüksək təşkilatçılıq nümunəsini ortaya qoydu. Azərbaycan Avropa Oyunlarının tarixə çevrilən ilk parlaq səhifəsini yazdı. Bu baxımdan “Heydər Əliyev” ordeni ilə təltif olunması Mehriban xanım Əliyevanın layiqli haqqıdır.
Beləcə, I Avropa Oyunları müstəqil Azərbaycanı dünyaya yenidən tanıtdı, ölkəmizin təbliğində olduqca müstəsna rol oynadı. Azərbaycan sübut etdi ki, ən böyük tədbirlərə, o cümlədən yay olimpiya oyunlarına evsahibliyi etmək iqtidarındadır.

 


Eldar QULİYEV,
iqtisad elmləri doktoru, Milli Məclisin deputatı

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !