“Bakı 2015 Xoşbəxt anlar” fotosərgisi açılıb - FOTO

“Bakı 2015 – Xoşbəxt anlar” fotosərgisi açılıb FOTO

İyulun 15-də İçərişəhərdə yerləşən "Kiçik Qalart" incəsənət qalereyasında İlk Avropa Oyunlarına həsr olunmuş “Bakı 2015 - Xoşbəxt anlar” adlı fotosərgi işə başlayıb. İyulun 22-dək davam edəcək sərgi Azərbaycan İncəsənət Konsulluğu (“Arts Council Azerbaijan”) və “Bakı 2015” Avropa Oyunlarının rəsmi tərəfdaşı olan “Coca-Cola” şirkətinin təşkilatçılığı və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunub.

Sözügedən sərgi 16-30 iyun tarixləri arasında keçirilən və Avropa Oyunlarına həsr olunan fotomüsabiqənin yekun nəticəsi kimi təşkil olunub. Fotomüsabiqədə “Bakı 2015” zamanı yaşanan həyəcan, sevinc və xoşbəxtlik anlarını əks etdirən fotolar iştirak edib. Azərbaycanın ev sahibliyi etdiyi Avropa qitəsinin möhtəşəm idman hadisəsinin ən maraqlı anlarını nümayış etdirmək üçün peşəkar və həvəskar fotoqraflar yüzlərlə fotolar göndərmişlər. Bu şəkillərdən ən maraqlı olanları “Bakı 2015 – Xoşbəxt anlar” sərgisində nümayiş etdirilmək üçün seçilmişlər. Ən maraqlı fotoların müəllifləri isə dəyərli hədiyyələrlə mükafatlandırıldılar.

Sərginin açılışında çıxış edən “Coca-Cola” şirkətinin ölkə meneceri Qabil Əhmədov “Bakı 2015” Avropa Oyunları Azərbaycanın idman tarixinin ən parlaq səhifələrindən biri olaraq yaddaşlarda qalacağını qeyd etdi və İlk Avropa Oyunlarının ən yadda qalan, və ən həyacanlı anlarını yenidən yaşamaq, hər kəslə bölüşmək üçün bu sərginin təşkil edildiyini bildirdi.

“Sərgidə nümayiş etdirilən şəkillərdə Avropa Oyunlarının Azərbaycan əhalisi üçün necə bir qürur, sevinc və xoşbəxtlik mənbəyi olduğu əks olunub. “Bakı 2015” Avropa Oyunlarının rəsmi tərəfdaşı olan “Coca-Cola” üçün bu oyunlar yalnız həyəcan, sevinc və xoşbəxtlik ilə yadda qalan böyük idman və beynəlxalq dostluq hadisəsi deyil. Oyunlar bizim üçün həm də bir çox azərbaycanlını idmana və sağlam həyat tərzinə cəlb edəcək stimul, ilham mənbəyidir. Biz inanırıq ki, fəal həyat tərzi insan sağlamlığını möhkəmləndirir və nəticədə cəmiyyətin firavanlığını gücləndirir. Dünyada xoşbəxtliyin rəmzinə çevrilən “Coca-Cola” hər zaman milyonlarla insanları ilhamlandıran əlamətdar hadisələrin bir hissəsi olub və “Bakı 2015” Avropa Oyunları belə hadisələrdən biridir. Avropa Oyunları Azərbaycanda gələcək nəsillərin xoşbəxtliyi üçün, onların inkişafı üçün əvəzsiz miras qoyacaq – güclü həmrəylik hissi, müasir idman obyektləri, yeni idman növlərinin inkişafı və daha çox sayda insanların fəal həyat tərzi sürməsi. “Coca-Cola” Azərbaycan tarixində “Bakı 2015” səhifəsinin bir hissəsi olmaqdan qürur duyur və Azərbaycan xalqını və ölkə rəhbərliyini İlk Avropa Oyunlarının müvəffəqiyyətlə keçirilməsi münasibətilə ürəkdən təbrik edirik”, - deyə Q. Əhmədov bildirib.

“Coca-Cola” şirkətinin nümayəndəsi “Bakı 2015” Avropa Oyunlarının ən yadda qalan anlarını sərgidə nümayiş etdirmək üçün foto işlərini təqdim edən peşəkar və həvəskar fotoqraflara da öz təşəkkürünü bildirdi.

Öz növbəsində Azərbaycan İncəsənət Konsulluğunun direktoru Dadaş Məmmədov müsabiqənin qaliblərini elan etməmişdən öncə bildirib: “Bu gün açılan sərgi Azərbaycan İncəsənət Konsulluğu ilə “Coca-Cola” şirkətinin birgə təşkil etdiyi fotomüsabiqənin nəticələrinə əsasən təşkil olunub. Mən həm “Coca-Cola” şirkətinə, həm layihəyə dəstək verən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə, həmçinin, bütün müsabiqə iştirakçılarına təşəkkürümü bildirmək istəyirəm”.

Müsabiqə nəticəsində “Təcrübəli fotoqraf” nominasiyasında Rüstəm İsmayılov “Qürurverici hisslər” fotoşəkili ilə, “Həvəskar fotoqraf” nominasiyasında Vüqar İbadov “Tapşırıq yerinə yetirildi” fotoşəkili ilə, “Telefonla çəkilən foto” nominasiyasında isə “Əhsən, qızlar” fotoşəkilin müəllifi Bəkir Dəlləkov və “Bakı 2015” fotoşəkilin müəllifi Mir-Sadıx Hüseynov qalib gəliblər. Qaliblər mükafatlandırılaraq diplomlarla təltif olunublar. Belə ki, təcrübəli fotoqrafa fotokamera üçün avadanlıq, həvəskar fotoqrafa fotokamera üçün aksesuarlar, telefonla çəkilən fotonun müəlliflərinə isə “iPhone 6” telefonu təqdim olunub.

Xatırladaq ki, “Bakı 2015 – Xoşbəxt anlar” sərgisi iyulun 22-dək davam edəcək. Sərgiyə giriş pulsuzdur.

Qeyd edək ki, bu, “Coca-Cola” şirkətinin “Bakı 2015” Avropa Oyunlarına həsr etdiyi yeganə fotomüsabiqə deyil. Belə ki, “Coca-Cola” şirkəti Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva ilə birgə Avropa Oyunlarının qeyri-rəsmi himninin video-çarxını təqdim edib. Sözügedən video-çarxın hazırlanması iki ay çəkdi və bu müddət ərzində minlərlə insan klipin çəkilişində iştirak etmək fürsəti əldə etdi. Bunun üçün “Instagram” və ya “Facebook” sosial şəbəkələrində #MenveBaku2015 həşteqi ilə fotoşəkil ilə paylaşmaq lazım idi. Təqdim edilən fotolar arasında Avropa Oyunlarının insanlara sevinc və xoşbəxt anlar bəxş etməsini əks etdirən ən şəkillər seçilərək klipə daxil edildi. “Coca-Cola” şirkətinin bu təşəbbüsü geniş populyarlıq qazandı. Belə ki, 1 270 insan öz şəklini təqdim etdi, onlardan 127 ən uğurlu alınan fotolar Tünzalənin musiqisinə hazırlanan video-çarxda əks olunub.