AZpress.AZ TƏQDİM EDİR: - ZAUR USTAC

AZpress.AZ TƏQDİM EDİR: ZAUR USTAC

Gör


İçimi içindən yeyən arzular
Qorx, bir gün yığışıb canımı üzə,
Neyləyim, bu könül səni arzular
Bax, nələr gözümdə çıxıbdı üzə...

 

Demirəm, özünü gəl unut tamam,
Bunu istəmirəm, mümkünsüz, tamam,
Səndən istəmirəm, bir baxış tamam,
Gözucu bir nəzər ayıbmı üzə???

 

Gör, işin harası dil açıb Ustac,
Xəfif təbəssümə qalıbdı möhtac,
Əlacı onadı eləyib merac,
Günəşin səmt tutub, yön alıb üzə...

 

24.05.2015. Bakı.

 


Gülsün


Bir baxıb, baxmamaq olurmu, Gülüm?
Dil qəlbin oxusun, göz gözə gülsün...
Qaynayıb, axmamaq olurmu, Gülüm?
Sözlər gül qoxusun, göz gözə gülsün...

 

Al rəngli tər qönçə bəzək gül üzə,
Ruhun mehman ola, gəzək gül üzə,
Süz dolsun qədəhlər içək, gül üzə,
Üz üzə toxunsun, göz gözə gülsün...

 

Ustacam, söyləməm, heç zaman yarın,
Çoxdan cəzbindəyəm, sənin tək yarın,
Əgər, inanmırsız bu qəlbi yarın,
Arzular qovuşsun, göz gözə gülsün...

 

22.05.2015. Bakı.

 


GÖRÜM


Üzünü üzümə uzaq tutmusan,
Görüm, üzün üzə üz ilə gülsün....
Gözünü gözümə duzaq qurmusan,
Görüm, gözün gözə naz ilə gülsün....

 
Yaradan yadını yad tutub mənə,
Yadım heç, yadını yad tutub mənə,
Doğmam, doğmalığın yad tutub mənə,
Görüm, gül cəmalın nur ilə gülsün....

 
Zaur zəvvarlıqdan qalıb kənarda,
Həcərül Əsvədim, Zəm-zəm iraqda,
İhramım bükülü qalıb qıraqda,
Görüm, arzuların üzünə gülsün....

 


17-24.05.2015. Bakı.

 


OXŞAMIR
(Özünə təskinlik verib, ovutma...)

 


Keçər deyib, ayran qatma aşına,
Əldə barmaq, bir-birinə oxşamır.
Əbəs yerə heç kim vurmaz başına,
Teldə qarmaq, bir-birinə oxşamır.

 

Bu dünyaya yumruq sıxıb, gələrik,
Əli göydə, baş alovlu gəzərik,
Gedəndə də göz yumulu gedərik,
Üstə torpaq, bir-birinə oxşamır.

 

Ustac deyər, söz gələn yer naməlum,
Yaradan de, ya Tanrı de, ya Qəyyum,
Dədələrin ibrətindən bu məlum;
Xəstə, dabaq bir-birinə oxşamır...


18.05.2014. BAKI.

 


SÜKUT


Özünü özündən qaçaq salmısan,
Məskəni, sükutun zirvəsindədir...
Görürəm, ruhunla qaça-qovdasan,
Xəyallar, xülyanın ötəsindədir...


Bəlkə, boğmayasan bunca özünü,
Ruhunu azad et, tapsın özünü,
Lap, bilmək istəsən sözün düzünü,
Sözsüzlük, sözlərin itməsindədir..

 

Sevdiyin mahnı da deyildiyi tək
Həbibi, hamını bəlkə tərk edək???
Kimsələr olmayan diyara gedək...
Yenilik, köhnənin bitməsindədir...


17.05.2014. BAKI.

 


GƏL


Ümiddən bir çələng hörmüşəm, gülüm.
Nə vaxtdır rəfində gözləməkdədir...
Dünyamda bir dünya qurmuşam, gülüm.
Haçandır üfiqdə bəkləməkdədir...

 

Gəl, nazı-qəmzəni sən qoy boxçaya,
Arzu-istəyini çıxar taxçaya,
Bu nədir, dönmüsən əntiq axçaya,
Cəmalın yad nəzər süsləməkdədir...

 

Ustacı etmisən, özünə möhtac,
Gözünün gülməsi, üzünə möhtac,
Ruhunun dinməsi, sözünə möhtac,
Həp ruhum, ruhunu izləməkdədir...


11.05.2014. BAKI.

 


HƏBİBİ

Amr Diabın mahnısına uyğulama

 

Bir gecəlik biz unudub, hamını
Nə olar, ləzzətin duysaq sevginin???
Deyərdim, bir mələk olub qonağım,
Sən də bəhrəsini görərdin eşqin...

 

Əzizim, bir gecə unut, keçmişi
Qollarım belində, qoy kəmər olsun...
Həyatın yeganə gecəsi kimi,
Dünya ikimizə bir saray olsun...

 

Yaşamın səbəbi, qoy eşqin olsun!!!

Deyirsən, xoş günlər önümüzdədir...
Hər gün əvvəlkindən daha xoş olsun!!!
Əl-ələ tutuşmaq əlimizdədir...


03.01.2014. BAKI

 


İNDİ


Səndən əvvəl nəyim vardı dünyada?
Dünya özü mənim üçün heç idi...
Söylə görüm qalıbmı heç yadında
Həmən günün nişanəsi üç idi...


Dil açanda ata-ana demişdim,
Ağzım üstə tərs şilləni yemişdim,
Bağ-baxçada nəyim vardı dərmişdim,
Sən gəlləndə gethagetdi, köç idi...


Dayan dedin tərəddüdsüz dayandım,
Oyan dedin hövlank qalxdım oyandım,
Nə gətirdin nə verdinsə həp aldım,
Bunlar mənə həyat verən bac idi...


Zaman ötüb özümə mat qalmışam,
Tay sayəndə zəngin adam olmuşam,
Bu halımdan inan tamam bihuşam,
Çox düşündüm bir yol olar gec idi...


Sən gələn gün vaxt sataşdı gözümə,
Zaman adlı yoldaş tapdım özümə,
Həmən gündən sərhəd yoxdu sözümə,
Səndən əvvəl kəlmələr də bic idi...


Varidatım saya gəlməz qələmlə,
Gecə mənim, gündüz mənim səhərlə,
Günəş mənim, ulduz mənim qəmərlə,
Tək olanım üzü qara sac idi....


Uzatdıqca uzanacaq siyahı,
Yer götürməz, Göy götürməz bu ahı,
Ustac sorar nədə olub günahı,
Günahsızı dustaq etmək suç idi...


27.07.2014 Bakı

 


Bu gündü...


Keçər deyib, surat asma üstünə
Keçməz dedim, demək keçməz, yəmindi.
İçə atıb, yükü alma üstünə
Dəyməz dedim, demək dəyməz, əmindi.

 

Qıyma, səni həzm eləyə xəyallar,
Mülayimi yem eləyər xəyallar,
Bir az sərt ol, ram olacaq xəyallar,
Əyməz dedim, demək əyməz, həmindi.

 

Ustac deyər, sözdü dedim, uca tut!!!
İnanmırsan, lap inanma, xoca tut!!!
Keçən keçib, sabahı da heçə tut!!!
Yox bilinməz, sənin günün bu gündü...


28.05.2014 BAKI

 


Mütləq


İlahi nurundan pay alan gözəl,
Görsən ki, nurundan pay alaq biz də...
Lütf eylə, bu səmtə bir, pişvaza gəl,
Görsən ki, hərarət qalmayıb, sözdə...

 

Ay Yerin cəzbində, təşnə Günəşə,
Bülbül Gülə möhtac, qəfəs nə işə?
Adam lap, mat qalır inan, gərdişə,
Görsə ki, ötəsi olur yüzün də...

 

Zaur bir, qonaqdı, külli-cahana,
Niyəti bəllidi, tək Yaradana,
Sürünə-sürünə yetər murada,
Görsə ki, taqəti yoxdu dizində...

 

24.08.2010. Bakı.

 


GÜLÜM


Ümidini üzmə, heç vaxt sabahdan,
Ümidsiz düşmənin qoy olsun, Gülüm!
Özünü sən qoru, nagahan ahdan,
Sabahın gülərüz, xoş olsun, Gülüm!

 

Aldım eşq badəsin, içdim əlindən,
Öpdüm yanağından, sordum dilindən,
Dirilik suyunu əmdim ləbindən,
Gülə-gülə dedin: - “Nuş olsun”, Gülüm!

 

Vardı bu dünyanın acı, xoş günü,
Vardı bu dünyanın quru, yaş günü,
Hansıdır dünyanın yaranış günü?
Dedin: - “Biz görüşən gün olsun”, Gülüm!

 

06.08.2000. Culfa.

 


GƏL ÖYRƏT MƏNİ


Düşmüşəm hüsnünün sehrinə inan,
Çox azdır bu incə mətləbi qanan,
De görüm qövr edib, alışıb yanan
Odlu bir yaraya su səpərsənmi?

 


İncə bir təbəssüm aparır məni,
Qovursan dünyamdan dumanı, çəni
Allahım bir mələk göndərib səni
Şəfalıq bir kəlmə söz deyərsənmi?

 


Xəstənin dərdinə dərman təbibim
Nə qədər nazənin, nə qədər həlim
Bütün elmlərdən arif müəllim
Bisavad Zaura dərs verərsənmi?