Zaur Ustac: - NƏ İSTƏYİM???

Zaur Ustac: NƏ İSTƏYİM???

ANA


Ana, ən ülvi insan
Çox əziz, çox mehriban.
Övladına qayğılı,
Övlad ananın balı.
Ana balasın sevər,
Hərdən tənbeh də edər.
Bu danlamaq deyildir,
Ana nəvazişidir....
Övlad üçün şalışır,
Hər zəhmətə qatlaşır.
Övladı gümrah olsun,
Paltarı təmiz olsun.
Hamıdan yaxşı geysin,
Ən ləziz yemək yesin.
Bala pis iş görəndə,
Ana bunu biləndə....
Bir-iki kötək heç nədir,
Ana məhəbbətidir.
O, övladın çox sevir.
Pis əməlin istəmir....
İstəyir yaxşı olsun,
Ləyaqətli böyüsün....
Fərsiz övlad olmasın,
Adın təmiz saxlasın.
Ana tənbeh edəndə,
Hərdən kötəkləyəndə....
O, balasın döyməyir,
Xətadan hifz eləyir.
Deyirəm, bir haləti,
Qədim bir rəvayəti;
Rəvayətdə deyilir,
Bir Ana vəfat edir....
Vəfat edərkən Ana
Deyir öz yoldaşına:
-“Sən kəs əlimi saxla,
Sonra yoldaşın olsa....
Bu əllə uşaqları,
Vursun, vuranda barı....
Mənim əlim ağtıtmaz,
Öz balamı sızlatmaz....
Axı, ananınkıdır,
Ana əli AĞRITMIR....

 

08.03.1990. Ağdam-Yusifcanlı.

 

 

AY, KAMAN....


Nədir, yenə nalə çəkirsən nədən?
Aman, elə, fəryad qoparma, Kaman!
Bəsdir, diddin, parçaladın qəlbimi,
Aman elə, ruhumu yorma, Kaman!

 

Dərdli ürək bircə, himə bənddi bil,
Bir himə bənddi ki, o, ötsün dil-dil,
Yatmış duyğuları oyatma qəfil,
Gəl, sarı simlərə toxunma, Kaman!

 

Onsuz da canımda elə bir hal yox,
Beynimdə, qəlbimdə fikirlər nə çox,
Dərdli ürəyimə dərman edən yox,
Gəl, mənim qəsdimə durma, ay Kaman!

 

Yenə nalə çəkib, ah qoparırsan,
Səsinlə qəlbimdə od qalayırsan,
Ağır bir hava tək məni boğursan,
Könlümə yaralar vurma, ay Kaman!

 

Nə edim, neyləyim, öldürdün məni,
Ahın, fəryadınla diddin qəlbimi,
Heç, çəkə bilmirəm öz dərdlərimi,
Yükümün üstünə yük vurma, Kaman!

 


Kaman, aman elə, batır səsini,
Dindirib, sızlatma, sızlsr qəlbimi,
Nalənlə artırma, nisgil, qəmimi,
Nədən həsrətliyəm sorma, ay Kaman!

 

Söylə, sənin səsin niyə belədir?
Səsinin ahəngi kədərdir, qəmdir,
Bütün qəmginlərin ilk həmdəmidir,
Kədərimə şərik durma, ay Kaman!

 

Sən, yalnız qəmimə qəm artırırsan,
Dərdimin üstünə dərd artırırsan,
Ay Kaman, özünü nahaq yorursan.
Dünyayla aramı vurma, ay Kaman!!!

 

20.11.1994. Tərtər.

 

 

NƏ İSTƏYİM???


Mən vurğunam, qələm qaşa
Şux qamətin bir tamaşa,
Yanağında xallar qoşa,
Daha səndən nə istəyim?

 


Təkrarsızdı xətti-xalın
Al rəngi var, yanağının,
Qıvrım telin, qulac saçın,
Daha səndən nə istəyim?

 


Ustac deyər sözün düzün,
Nə əksilməz, öyməz özün,
İlham pərim qara gözün,
Daha səndən nə istəyim?

 

15 aprel 1991 Yusifcanlı

 

 


TƏZAD


Gəlmədim, həsrətdən yük tut mənimçün,
Gəldim ki, bir sevinc bəxş eləyəsən...
Gəlmədim, ayrılıq çələngi hör sən,
Gəldim ki, xoşbəxtlik tacı verəsən...

 

Gəldim ki, taledən payımı alım,
Sevinc, xoş bir sevda qismətim olsun.
Gəlmədim, görüşək, tez də ayrılaq,
Qazandığım ancaq intizar olsun...

 

Gəldim ki, həsrətin vüsalın görüm,
Gəldim ki, saçını oxşayım, gülüm...
Əlini, əlimdən de necə üzdün?
“GEDİRƏM” kəlməsin sən dedin, gülüm...


 

13.06.1994. Marağa. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !