“Bakı 2015” I Avropa Oyunlarının ən yaşlı azarkeşi - FOTO (Fərqanə Qasımlı - AZpress.AZ)

“Bakı 2015” I Avropa Oyunlarının ən yaşlı azarkeşi FOTO (Fərqanə Qasımlı - AZpress.AZ)

Birinci Avropa Oyunları zamanı obyektivimə yaşlı bir nurani azarkeş tuş gəldi. Fotoşəklini çəkdiyimi hiss edən Hüseyn dayı gülümsünüb dedi: Qızım şəklimi nəyə görə çəkirsən? Mən isə cavabında arxivimçün çəkdiyimi söylədim. Hüseyn dayı yenə soruşdu: Ay bala, ay qızım, tutalım ki illər sonra bu fotoşəkilə baxarkən sənə sual verdilər ki, bu kimdi, nə deyəcəksən? Gözümü döyüb üzünə baxdım. Qızım, mənim 88 yaşım var, burda məndən yaşlı azarkeş ola bilməz. Mənim haqqımda məlumat yaz ki, çəkdiyin fotoşəkilin kimə aid olduğunu bilsinlər. Birdən Hüseyn dayının gözü əlil arabasında olan əcnəbiyə sataşdı və ona yaxınlaşıb onların şəkillərini çəkməyimi xahiş etdi. Mən də məmnuniyyətlə şəkillərini çəkdim. Sonra Hüseyn dayı əcnəbiyə üzünü tutub dedi: Qızım, soruş gör neçə yaşı var? Mən necə soruşacağımı düşününcə Hüseyn dayı cibindən şəxsiyyət vəsiqəsinin çıxarıb üzərində doğum tarixini irlandiyalıya göstərdi. Məndən qələm, kağız alıb yazmağı üçün ona verdi. Məlum oldu ki, adı Tim Flanagan olan əcnəbinin 80 yaşı var. Hüseyn dayı dedi: gördün qızım, məndən kiçikdir. Sonda fotoşəkli çıxartdırıb ona verməyimi istədi. Telefon nömrəsini istəyəndə ev nömrəsini verdi və dedi: mobil nömrəm yoxdu, telefon gəzdirməyi də sevmirəm, sonra cibindən konfet çıxarıb mənə verdi. Düzü konfet yerinə düşdü, çünki gün ərzində heçnə yeməmişdim. Sağollaşıb Hüseyn dayıdan ayrıldım.
Bir-iki gün öncə çəkdiyim fotoşəkillərə baxarkən Hüseyn dayının fotoşəkilini görcək ona verdiyim söz yadıma düşdü və nurani insanın axtarışına çıxdım. Telefon nömrəsinə zəng vurub görüşmək istədiyimi bildirdim və görüşdük. İstədiyi kimi fotoşəklini verib söhbət etdik. Hüseyn dayınını söhbətindən doymaq olmurdu. Hüseyn dayı kimi cəmiyyətmizə yararlı insanların efirlərə dəvət olunub bildiyi məlumatları paylaşmaları daha yaxşı olardı, nəyinki kiminsə bahalı evindən, hansı markalı maşını sürməyindən, ailəsi olmayanın ailə dərsi keçməyindən danışması.
Hüseyn dayı haqqında öyrəndiklərim. Hüseynov Hüseyn Mehdi oğlu 1927- ci il yanvarın 22–si Bakı şəhərində anadan olub. Gəncə şəhərində sənət məktəbində 1946-1954-cü illərdə usta vəzifəsində çalışıb. Bakı şəhəri uşaq yaxt klubunda direktor vəzifəsində işləyib. 1983-2005-ci illərdə Nəriman Nərimanov adına neft qaz çıxarma idarəsində operator vəzifəsində çalışıb.

P.S. Hüseyn dayı ilə tanışlığım mənə hazırlığına başladığım kitabımın ideasını verdi.’ 

 

Fərqanə Qasımlı