Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri Almaniyada qastrol səfərində olub -

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri Almaniyada qastrol səfərində olub

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri avqustun 4-dən 11-dək Almaniyada qastrol səfərində olub və XIX Qut-İmmlinq opera festivalında böyük uğurla çıxış edib. Bavariyanın səfalı kurort şəhəri İmmlinqidə keçirilən beynəlxalq opera sənəti və musiqi festivalında orkestrimizin çıxışı hamını heyran edib.
Simfonik orkestrimiz festivalın yekun qala-konsertində iştirak etmək üçün dəvət olunub. Avqustun 9-da baş tutan qala-konsertin açılışı zamanı onun rəhbəri və əsas təşkilatçısı Lüdviq Bauman çox vacib bir məqamı qeyd edib. Bildirib ki, ənənəyə uyğun olaraq festival iştirakçılarının tərkibi hər il dəyişsə də, Azərbaycan orkestri bu tədbirə mütləq şəkildə dəvət alır. Diqqətə çatdırıb ki, bu ilk növbədə orkestrin yüksək professionallığı və ümumiyyətlə Azərbaycanda akademik sənətin inkişaf səviyyəsinin parlaq nümunəsidir. İkincisi isə təkcə keçmiş sovetlər məkanında deyil, həm də dünyada mədəni, iqtisadi və siyasi cəhətdən çox maraqlı bir ölkə kimi Azərbaycana festivalın təşkilatçıları və alman ictimaiyyətinin xüsusi rəğbətini nümayiş etdirir:"Həyat yoldaşım və mən hər il Azərbaycanda oluruq və biz bu ölkədə həyatın bütün sahələrində inkişafın, tərəqqinin canlı şahidiyik. Ölkənin gözəl təbiəti, qədim tarixi və mədəni abidələrlə zənginliyi son illərdə, buraya güclü turist axını olduğunu qeyd etmək istəyirəm və mən festivalın bütün qonaqlarını bizdən nümunə götürməyə, Azərbaycana getməyə, bütün deyilənləri öz gözləri ilə görməyə səsləyirəm".
Festival rəhbərinin bu sözləri gurultulu alqışlarla qarşılanıb. Elə orkestrin çıxışı da hər bir ifadan sonra alqışlar və "bravo" sədaları ilə müşayiət olunub.
Festivalda gənc dirijor -xalq artisti Polad Bülbüloğlunun oğlu Murtuza Məmmədovun çıxışı da maraqla qarşılanıb. O, orkestrin müşayiəti ilə atasının məşhur musiqi əsəri "Azərbaycan"ı və Qaetano Donisettinin "Sevgi şərbəti" operasından parçanı ifa edib.
Qərbi Avropa bəstəkarının əsərləri ilə yanaşı, qala-konsertdə gənc və istedadlı dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin idarə etdiyi orkestr tamaşaçılara Azərbaycan klassik musiqisinin ən parlaq nümunələrini - Qara Qarayevin "Yeddi gözəl" baletindən valsı, Fikrət Əmirovun "Min bir gecə" baletindən "Şəhrizadın bayramı" hissəsini, Niyazinin "Qaytağı"sı və Qara Qarayevin "Pavana"sını təqdim edib.
Konsertdən sonra festivalın təşkilat komitəsi və fəxri qonaqlar simfonik orkestrimizin çıxışına yüksək qiymət verərək, təşəkkürlərini bildiriblər, Bakı və bütünlükdə ölkəmiz haqqında yüksək fikirlər, xoş sözlər söyləyiblər. Orkestr növbəti ildə artıq 9-cu dəfə keçiriləcək festivala dəvət alıb.
Bu uğur təkcə orkestrin və teatrın uğuru olmayıb, həm də Azərbaycanın bütün dünyada təbliğində mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, festivalın musiqi rəhbəri və baş dirijoru baronessa Korneliya Kerssenbrok Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dəfələrlə tamaşaları idarə edib, bütünlükdə teatrın professional səviyyəsini yüksək qiymətləndirir. Almaniyalı musiqi mütəxəssisi musiqiçilərimizin Bavariyada keçirilən festivala dəvət olunmasının təşəbbüsçüsüdür. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !