Azər Həsrət: - Avropa Parlamentinin dərdinə baxın hələ…

Azər Həsrət: Avropa Parlamentinin dərdinə baxın hələ…

Azər Həsrət, azer@azerhasret.com

Daha bir qərəzli və əsassız sənəd qəbul edildi. Özünü insan haqlarının ən yüksək təminatçısı kimi qələmə verən Avropa Parlamentində.

Sentyabrın 10-da Avropa Parlamentinin bir qrup deputatının təşəbbüsü ilə Azərbaycanla bağlı qətnamə qəbul edilib. Qətnamənin layihəsi uzun bir mətndir. Ümumilikdə 8 səhifəlik sənədin təşəbbüsçüləri arasında məlum və məşhur Ulrike Lunaçek də var. Zatən olmasaydı təəccüblənərdik. Onun orda olmasıyla bərabər öz oriyentasiyasına uyğun maddənin də sənəddə yer alması tam məntiqlidir. Bu haqda sonra.

Sənəd hər zamankı kimi əsassız və açıq-açığına qərəzli maddələrlə zəngindir. Onlardan bəzilərinə sadəcə nəzər salmaq və qısaca şərh etmək yerinə düşərdi.

Buna qədərsə qeyd edək ki, sənəd hər zamankı “əsaslandırmalar”la zəngindir. Yəni kimsə haçansa hardasa Azərbaycanla bağlı bəyanat verib, bunlar da “onu nəzərə alaraq” müxtəlif Avropa qurumlarına və Azərbaycan hakimiyyətinə çağırışda bulunurlar.

Fakt olaraq təqdim etdikləri bütün “tutarqalar” da məlum kampaniyaçı QHT-lərin – 5-ci kolonun uydurmaları əsasında Qərbin kampaniyaçı mediasında yer alan adlar və qurumlardır.

Bunlar iddia edir ki, Azərbaycanda son illər ərzində insan haqları və vətəndaş cəmiyyəti, eləcə də media sahəsində durum həddən artıq kəskinləşib. Hər üç sahəyə aid uzun müddətli təcrübə sahibi kimi, nəsə, mən onların iddia etdiyi halı görmürəm.

İnternet və ümumilikdə bu müstəvidə ifadə azadlığının da guya senzuraya məruz qaldığı iddia edilir. Kim, necə? Bu haqda bilgi vermirlər. Verə də bilməzlər. Çünki faktları yoxdur.

Sonra iddia edirlər ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı yasaqlanıb! Harda, necə? Yenə də fakt yoxdur. Hə, onu da iddia edirlər ki, qanunsuz yürüş, mitinq keçirənlər həbs edilir. Varmı belə faktlar? Yoxdur! Sadəcə uyğun xəbərdarlıq etmədən bu cür aksiyalar keçirənlərə qarşı yalnız inzibati tənbeh tədbirləri görülür ki, bu da qanun çərçivəsindədir. Xəbərdarlıq edərək mitinq keçirənlərə isə heç bir əngəl törədilmir, əksinə, onların təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilir.

Bunlar o qədər qeyri-ciddi və qərəzlidir ki, məlum Emin Millinin Avropa Oyunları zamanı guya ölümlə təhdid edildiyini də “fakt” olaraq sənədlərinə əlavə ediblər.

Bir az da ehtizaza gələrək artıq qapanmış Emin Hüseynov məsələsini də yenidən qaynatmağa çalışırlar bu ədalətli Avropalılar. Halbuki bunlara birisi izah etməliydi ki, Emin Hüseynov ona qarşı irəli sürülən ittihamlarla razılaşıb, 160 min manat vergi borcunu ödədikdən sonra rahat şəkildə Azərbaycandan gedib. Özü də məsləkdaşlarına, “mübarizəsinə” bir dəfəlik arxa çevirməklə. Hər kəsi və hər şeyi atıb gedib bu yenilməz və barışmaz “mübariz”.

Sənədi diqqətlə oxuduqca bunların əsl dərdi daha aydın nəzərə çarpır. Deyirlər ki, bəs, sən demə, Avropa Birliyi 2014-cü ildə Azərbaycan QHT-lərinə ayırdığı 13 qrantdan 11-ni ünvana çatdıra bilməyib. Çünki ölkədə “məhdudlaşdırıcı” qanunlar var. Var, düzdür. Amma bu qanunlar qanun çərçivəsində daxil olan xarici qrantlara deyil, qaranlıq məqsədlər üçün qanunsuz daxil olmaq istəyən qrantlara tətbiq edilir. Buna görə isə heç kim bizi ittiham edə bilməz! O cür qrantlarınızın Misirdə, Liviyada, Suriyada, İraqda, Ukraynada nələrə səbəb olduğunu hər kəs, özü də çox yaxşı görür.

ATƏT-in Bakı ofisinin də tam olaraq bağlanması bunları narahat edir. Burda hansı qanunsuzluq var və ola bilər axı? Azərbaycan suveren bir dövlətdir, hansısa beynəlxalq təşkilatın bir təmsilçiliyinin öz ərazisində qalıb-qalmamasına qərar verməkdə də sərbəstdir. Üstəlik, o təmsilçilik mənsub olduğu təşkilatdan daha çox məlum super-dövlətlə açıq şəkildə hesablaşarsa və ya o dövlət onu öz əlində tutmaq istərsə…

Noyabrın 1-də keçiriləcək parlament seçkilərinə də qiymət verir bunlar indidən. İddia budur ki, seçkilər artıq saxtalaşdırılıb! Yəni bunların dediyindən belə başa düşülür. Şükür yaratdığına, İlahi!

Hə, bunlar bir də Azərbaycan hakimiyyətinə xatırladır ki, “əhalinin rifah halının yüksəldilməsi davamlı iqtisadi inkişafın əsas komponentidir”. Heç dəxli var? Guya bunlar deməsə biz bunu bilmirdik də?…

Və gəlirik əsas məsələlərə!

İddiaya baxın hələ: “RATİ sədri Rasim Əliyev sosial mediada Prezident Əliyevi tənqid etməsinin ardından davamlı təhdidlərə məruz qaldıqdan sonra şiddətlə döyülərək Bakı xəstəxanalarının birində ölmüşdür”!

Bax, belə! Bunlar gün kimi aydın olan adi bir kriminal hadisəni belə Prezident İlham Əliyevin ayağına rahat şəkildə yaza bilirlər! Bu adamlar bir çoxlarının qiblə kimi baxdığı Avropa Parlamentində oturur, eşidirsinizmi?

Hələ bu da tam deyil. Bunların ən əsas iki dərdi varmış!

Tələb edirlər ki, Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti qrupları, gənc fəallar və ziyalıların Ermənistanla əlaqələrinə əngəl olmasın! Özü də Leyla və Arif Yunusların bu yöndə gördüyü işləri xatırladaraq qeyd edirlər ki, belə təmaslar aradakı düşmən münasibəti ortadan qaldırmaq üçün çox gərəklidir!

Və Lunaçekin əsas dərdi! İddia edilir ki, Azərbaycanın yüksək rütbəli siyasiləri mavi-çəhrayılara qarşı sərt ifadələrə yol verirlər! Özü də bu rəngarəng ünsürlərin hüquqlarını qoruyanlar da basqılara məruz qalırmış! Başqalarını bilmirəm, vallah, məndən olsa o adamların hamısını Avropaya hədiyyə etmək lazımdır. Aparsınlar, özləri onların qayğısına qalsınlar!

Bütün bunları oxuduqdan, bir balaca da düşündükdən sonra bu Avropa insan haqları dəllallarına sual etmədən dayana bilmirik: insan haqlarına belə həssassınızsa, yuxarıda adını çəkdiyimiz ölkələrin yüz minlərlə məhv edilmiş, milyonlarla qaçqın düşmüş insanlarının taleyi sizi heçmi narahat etmir?

Etmir məncə. Etməz də. Çünki onların məhv edilməsinin, yurd-yuvalarının başlarına yıxılmasının səbəbkarı sizin o Azərbaycana sırıya bilmədiyiniz qrantlardır! Onlar bizim qədər çevik tərpənə bilmədilər zamanında, 5-ci kolonu deşifrə edə bilmədilər, viran qaldılar. Azərbaycan isə, həmd olsun, 5-ci kolonu vaxtında nəzarət altına ala bildi. Elə sizin bu qətnamənizdəki adlara baxınca da bir daha əmin oluruq ki, bu, məhz belədir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !