Azər Həsrət: - Təkcə Avropanın qərəzi deyil bu…

Azər Həsrət: Təkcə Avropanın qərəzi deyil bu…

Milli Məclisdə Avropa Parlamentinin sentyabrın 10-da yayımlanmış qətnaməsilə bağlı müzakirələr gedir. Kəskin ifadələrin, sərt münasibətlərin yer aldığı müzakirədə bəlkə də çoxlarının diqqət yetirmədiyi məqamlar hər zamankı kimi bu dəfə də mənim diqqətimi çəkir.

Əsas mətləbə keçməzdən öncə qeyd edim ki, elə ayın 10-da məlum qətnaməylə bağlı konkret faktlar əsasında bir yazı yazaraq onun qərəzli və əsassız olduğunu diqqətə çatdırmışdım. Borcumuzdur bunu etmək.Çünki Azərbaycanda problemlər olsa da Qərbin bəzi dairələrinin bizi əsassız yerə ittiham etməsinə əsla sakit baxa bilmərik və ona görə də zaman-zaman mövqeyimizi bəyan edirik.

Qətnamənin qəbulundan keçən 5 gün ərzində həm də bir müşahidə apardım. Azərbaycan parlamentində təmsil olunan deputatların məsələyə münasibətini izlədim. Hər zamankı kimi 10-15 deputat bu və ya başqa şəkildə reaksiya verdi qətnaməyə. Yerdə qalan yüzdən çox, bəli, yüzdən çox deputat susduqca susdu! 15 il, 20 il parlament kürsüsünü işğal edib Azərbaycan üçün həyati əhəmiyyətli məsələlərə bir dəfə olsun münasibət bildirməyən deputat-bazarkomlar, hacılar, bilmirəm daha kimlər susdular ki, susdular! Sanki Avropa Parlamentindən atılan böhtanlar onların da təmsilçisi və vətəndaşı olduğu ölkəyə qarşı yönəlməyib!

Kimlər münasibət bildirdi bu məsələyə? Prezidentin köməkçisi Əli Həsənov fəal şəkildə şərh və bəyanatla çıxış etdi. PA-dan Novruz Məmmədov da yetərincə fəal şəkildə mövqeyini sərgilədi.

MM-dən isə Oqtay Əsədov, Ziyafət Əsgərov, Bahar Muradova, Azay Quliyev, Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Zahid Oruc, Elxan Süleymanov və daha bir neçə deputat bu və ya digər şəkildə mövqeyini bəyan etdi. Yerdə qalanlar isə sadəcə susdu!

Elə Azərbaycanla bağlı belə əsassız və qərəzli qətnamələr də bu susan deputatların hesabına qəbul edilir! Təəccüblənən varsa, izah edirəm: Milli Məclisdəki aşağı-yuxarı 100 nəfərlik susqunlar Azərbaycanı ən yüksək beynəlxalq tribunalarda təmsil və müdafiə etməliykən susmağa üstünlük verdikcə bizi hələ çox və çox qətnamələr gözləyir!

İstər-istəməz sual verməli olursan ki, ay adam, sən 15-20 ildir parlament kürsüsünü zəbt edib durursan, Azərbaycana nə faydan toxunub, bir hesabat ver görüm! Verə bilmirsənsə, utanmadan necə yenidən deputat kürsüsünə iddia edirsən?

Bugünkü Milli Məclis toplantısında o susanların böyük əksəriyyəti susmağa davam etdi. Zatən bunların danışacaq dili, deyəcək sözü yoxdur axı! Anlamadıqları məsələlər haqqında nə danışsınlar axı? Birdən danışsalar da mənim kimi birisi çıxıb bunlardan soruşmazmı ki, ay deputat, sən o Avropalı deputatlarla hansı əlaqəni qurdun, onlara nəyi izah etdin, Azərbaycanı tanıtdınmı heç? Cavab verə bilərlərmi? Bilməzlər! Çünki bu məsələlər onların anlayacağı məsələ deyil! Dükan-bazar işlədən adam nə anlar Avropa Parlamentiylə necə işləməyi? An-la-maz!!!

Avropa Parlamentinin məlum qətnaməsi sadəcə onların qərəzə uymasının nəticəsi deyil. Bu həm də illərlə Azərbaycan Milli Məclisində kürsüləri zəbt edib heç bir işə yaramayan çoxsaylı deputatların günahıdır! Əgər Avropadan, dünyadan ədalət istəyiriksə, öncə öz parlamentimizi təmizləməliyik. Yox, əgər yenə də o dükan-bazar işlədənlər, bazarkomlar MM-də təmsil olunacaqsa, vay halımıza!… 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !