Bakı metrosunda baş vermiş yanğın hadisəsindən 20 il ötür -

Bakı metrosunda baş vermiş yanğın hadisəsindən 20 il ötür

1995-ci il oktyabr ayının 28-də Bakı metropoliteninin “Ulduz” stansiyasından “Nərimanov” stansiyası istiqamətində hərəkət edən qatarda baş vermiş dəhşətli yanğın hadisəsindən 20 il ötür.

“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar “Ulduz” stansiyasında Milli Qəhrəman Çingiz Babayevin büstü ziyarət edilib və anım mərasimi keçirilib.

Tədbirdə metropoliten işçiləri, Yasamal rayon İcra Hakimiyyətinin, C.Naxçıvanski adına hərbi liseyin zabit-müəllim və müdavim heyətinin nümayəndələri, neçə-neçə insanı həyatı bahasına xilas edərək şücaət göstərmiş qəhrəmanların valideynləri və yaxınları, eləcə də həmin hadisələri unutmayan sərnişinlər iştirak ediblər.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev çıxış edərək bildirib ki, itkilərinin sayına görə (289 nəfər həlak olub, 270 nəfər xəsarət alıb) dünya metropolitenləri tarixinin ən dəhşətli faciəsinin qurbanlarının xatirəsi daim ehtiramla yad edilir.

Hərəkət xidmətinin rəis müavini Erşad Musayev, “Ulduz” metro stansiyasının rəisi Şaiq Heydərov hadisə baş verdiyi an köməyə yetişənlərin çox olmadığı bir vaxtda sərnişinlərin rolunu xüsusi vurğulayıb. Bildiriblər ki, C.Naxçıvanski adına hərbi liseyin bölük komandirinin siyasi-tərbiyə işləri üzrə müavini baş leytenant Çingiz Babayev və kursantlar bir vətəndaş, vicdanlı insan və zabit şərəfini uca tutan hərbçi kimi, qara tüstüyə bürünmüş vaqonun salonunu tərk etməyə çalışan insanlara kömək ediblər.

Yasamal rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Zöhrab Cəfərov həmin dövrün ab-havasına toxunaraq qeyd etdi ki, yenicə müstəqilliyini əldə etmiş, həmin ərəfədə yeni Konstitusiya layihəsinin son müzakirələri gedən ölkə üçün bu hadisə bir sınaq olub. Hadisə zamanı Azərbaycan əsgərinin Qarabağda döyüş meydanında deyil, adi həyatda da şücaətə qadir olduğunu nümayiş etdirməsi isə cəmiyyət üçün əsl qəhrəmanlıq nümunəsidir.

Xatırladaq ki, hadisədən bir həftə sonra ümummilli lider Heydər Əliyevin 3 noyabr 1995-ci il tarixli Fərmanı ilə, ölümlərindən sonra Çingiz Babayev Milli Qəhrəman adı, kursantlar Nicat Mürvət oğlu Səfərov, Ruslan Məmməd oğlu İsayev və Samir Nadir oğlu Məmmədova “İgidliyə görə” medalı ilə təltif olunublar.