Lalə Namiqqızı: - Muğamatım bir dəryadır....

Lalə Namiqqızı: Muğamatım bir dəryadır....

Muğam sənəti peşəkar musiqi mədəniyyətimizin şifahi ənənəli irsinin mühüm hissəsini təşkil edir. Bu sənət Azərbaycan xalqının tarixində dərin köklərə malikdir. Muğam anlayışı sözün əsl mənasında bir dəryadır. Bu dəryaya baş vurmaq nə qədər çətindirsə, bir o qədər də məsuliyyətlidir. Böyük tarixə sahib bu sənətin öyrənilməsi, tədris və təbliğ olunması, eyni zamanda onun sirlərinin açılması ilə bağlı bir çox işlər görülmüşdür. Muğam sənəti nə qədər araşdırılsa da, dərinliyi sonsuz olan bu dəryanın suyu tükənməzdir və açılmamış bir çox məqamları ilə onun öyrənilməsi, təbliğ olunması və yaşadılması zərurətini yaradır.
Günümüzədək qorunan şifahi ənənəli professional musiqi janrı olan Azərbaycan muğamının inkişaf etdirilməsi istiqamətində hər keçən gün daha çox işlər görülür, yeni-yeni uğurlar əldə olunur. Məlumdur ki, günümüzdə muğam sənətinə dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Televiziya kanalları, eləcə də radio dalğalarında biz mütəmadi olaraq muğam dinləyirik. Bildiyimiz kimi həm milli mədəniyyət üçün, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan muğamının mənəvi dəyəri qiymətləndirilərək, 2003-cü ildə YUNESKO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən muğamımızın "Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi" elan edilmişdir. Bu baxımdan ölkəmizdə artıq neçə illərdir ki, beynəlxalq layihələr, festivallar, müsabiqələr keçirilir. Təsadüfi deyildir ki, hər iki ildən bir “Muğam Aləmi" Beynəlxalq Muğam Festivalının təşkil olunması artıq ənənə halını alıb. Eyni zamanda müxtəlif ölkələrdə də bu istiqamətdə həyata keçirilən layihələrdə gənc və istedadlı ifaçılarımızın ölkəmizdən kənarda Azərbaycan muğamını uğurla təmsil etməsi diqqətdən qaçılmazdır. Bu kimi layihələr bilavasitə Azərbaycan mədəniyyətinin təbliğidir və müxtəlif ölkələrin diqqətini məhz Azərbaycan muğamına yönəlməsinə xidmət edir. Təbii ki, bu festival və layihələrdə muğam ifaçılığının təbliği ilə yanaşı, Muğama nəzəri aspektdən yanaşmaq, nəzəri məsələlərin müzakirə edilməsi də diqqətə layiqdir. Həmin festivallar çərçivəsində elmi konfranslar keçirilir ki, bu konfransların materiallarının müxtəlif dillərə tərcümə olunması sözün əsl mənasında digər xalqların nümayəndələrinin də muğamla yaxından tanış olmasına şərait yaradır. Bu kimi addımlar və uğurlu layihələr muğamın təbliği ilə yanaşı onun qorunub saxlanması və yaşamasında önəmli rol oynayır.
Yuxarıda qeyd olunan fikirlərə əsaslanaraq bu günlərdə keçirilmiş – “Muğamatım bir dəryadır” adlı önəmli bir layihənin baş tutmasını da xüsusi qeyd etmək lazımdır. Bakı Musiqi Akademiyasının gənc və istedadlı tələbəsi İlahə Qismətin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun VI qrant müsabiqəsi çərçivəsində təqdim etdiyi “Muğamatım bir dəryadır” layihəsi qalib olmuş, fond tərəfindən layihənin həyata keçirilməsinə maliyyə dəstəyi göstərilmişdir. Layihənin əsas məqsədi ixtisasından asılı olmayaraq hər bir gənci milli dəyərlərimiz olan muğamlar haqqında ətraflı məlumatlandırmaq, onların dünyagörüşü və təsəvvüründə muğamla bağlı müəyyən fikirlərin formalaşmasında rol oynamaqdır.
BMA-nın bəstəkarlıq ixtisası üzrə II kurs magistr pilləsində təhsilini davam etdirən İlahə Qismətin təşkilatçılığı ilə 11,12 və 14 noyabr tarixlərində layihə çərçivəsində həyata keçirilən təlimlərdə muğam biliciləri olan dəyərli müəllimlər əməkdar incəsənət xadimi, professor Aydın Əzimov, xalq artisti, dosent Zümrüd Məmmədova, əməkdar artist, dosent Mirnazim Əsədullayev, Azərbaycan Milli Konservatoriyasının müəllimi, ADMİU-nun doktorantı Əhsən Əhmədov, Asəf Zeynallı adına Musiqi Kollecinin müəllimi Məhərrəm Dövlətov və musiqişünas Fərdin Məmmədli iştirakçılara muğam sənəti haqqında geniş məlumat verdilər. Onu da vurğulamalıyıq ki, müxtəlif universitetlərdə təhsil alan tələbələrin də layihəyə olan marağını nəzərə alsaq, bu təlimlər nəticəsində onların muğam biliklərinin daha da zənginləşməsi, həmçinin onlara muğama olan sevginin aşılanması – dərin muğam biliciləri olan müəllimlərimizin simasında muğama olan bağlılığın artmasına təkan verdi.
Təlimin ilk günü noyabr ayının 11-i Bakı Musiqi Akademiyasının kiçik zalında baş tutdu. Giriş sözü ilə xalq artisti, BMA-nın Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektoru, eyni zamanda “ixtisas fortepiano” kafedrasının professoru, tanınmış pianoçu, Yeganə xanım Axundova çıxış edərək gələn qonaqları salamladı. O, layihə haqqında fikirlərini bölüşərək gənc və istedadlı bəstəkar-tələbəyə bu yolda uğurlar arzuladı. Daha sonra "Muğamatım bir dəryadır" layihəsinin yaranması, təlimlərdə müzakirə olunacaq mövzunun əhəmiyyəti və layihənin gedişatı haqqında iştirakçıları ətraflı məlumatlandırmaq üçün layihə rəhbəri çıxış etdi. İlahə Qismət xüsusilə vurğuladı ki: – “Məqsədimiz təlimlər zamanı gənc iştirakçıların onlara maraqlı olan suallara cavab tapması, professional muğam ifaçıları ilə gənclərin yaxından ünsiyyət qurmasına şərait yaratmaq və ən əsası təlimlərdən ayrıldıqdan sonra hər bir iştirakçının Azərbaycan muğamı haqqında müəyyən fikirlərə sahib olmasına kömək etməkdir. Buna nail olmaq bir musiqiçi kimi bizim borcumuzdur.”
Daha sonra muğam haqqında ümumi məlumat vermək üçün musiqişünas Fərdin Məmmədliyə söz verildi. O, zalda əyləşənlərə muğamın bugünki musiqi cəmiyyətində önəmli rolu və inkişafı haqqında dolğun məlumat verərək muğam ifaçılığı və nəzəriyyəsinin bir-biri ilə əlaqəli olduğunu, muğam biliklərinə daha dərindən yiyələnmək üçün bu iki amilin vəhdət şəklində mənimsənilməsinin vacibliyindən danışdı. Eləcə də auditoriya ilə birlikdə musiqiçi olmayan insanların təsəvvüründə "Muğam nədir?" - sualına cavab axtarmağa çalışdı. Gənc musiqişünasın fikirləri iştirakçılar tərəfindən maraqla qarşılandı.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Ramin Cəfərov iştirakçıları salamlayaraq, layihənin əhəmiyyətindən, Gənclər Fondunun bu tip mövzularda olan layihələrə ayırdığı diqqətdən söz açdı. Ramin Cəfərov həmçinin xüsusi ilə qeyd etdi ki, Fond hər zaman gənclərin maraqlı layihələrinin dəstəkləməyə hazırdır.
Daha sonra söz Əməkdar artist, mahir kamança ifaçısı Mirnazim Əsədullayevə verildi. Muğamın şöbələrinin ardıcıllığı haqqında məlumat verdikdən sonra Mirnazim müəllim kamançada tarixi qədim olan və az ifa olunan muğamlardan birini – “Nəva” muğamını çox böyük məharətlə ifa etdi. Görkəmli tar ifaçısı Əhməd Bakıxanovdan sonra kamançada ilk ifaçısı olan Mirnazim Əsədullayev (müasir dövrdə hal-hazırda bu muğamın yeganə ifaçısı oğlu və tələbəsi Toğrul Əsədullayevdir) qeyd etdi ki, bu muğamı öyrənməsində Elxan Müzəffərovun böyük əməyi olmuşdur.
Mirnazim müəllimin əsrarəngiz kamança ifasından sonra Asəf Zeynallı adına Musiqi Kollecinin müəllimi Məhərrəm Dövlətov çıxış edərək muğamların yaranma tarixindən danışdı. Muğamın kökünün 8 min il öncəyə söykəndiyini - əcdadlarımızın yaşadığı Babil torpağı, Mesapatomiya ərazisində amerikan alimlərinin tapdığı Ciqqurat məbədindəki gil yazıda “Üşşaq” muğamının adının qeyd olunduğunu iştirakçıların diqqətinə çatdırdı.
İlk təlim gününün son spikeri proffesor Aydın Əzimov ilk öncə ifa olunan “Nəva” muğamı ilə bağlı danışaraq, onun 12 əsas makamlardan biri kimi rolundan, həmçinin “Nəva” və “Nəvayi Nişapur” muğamının fərqindən söz açdı. Xüsusilə gənclərə ünvanladığı fikirlərində, onlara elm və yaradıcılığın paralel getməli olduğunu aşılayan professor bildirdi ki, muğamların araşdırılması da onun gələcəyini düşünərək istiqamətli olmalıdır. Təlimdə eyni zamanda müasir dövrümüzdə xüsusilə bəstəkar yaradıcılığı üçün önəmli olan muğamlar haqqında vəsaitin az olması problemi də müzakirə olundu.
Təlimin növbəti günü Bakı Musiqi Akademiyasının böyük zalında layihə rəhbəri İlahə Qismət gələn qonaqları salamladı və bildirdi ki, layihənin ikinci günü daha çox ifalara yer veriləcək. İlk olaraq səhnədə Muğam müsabiqəsinin iştirakçısı, AMK-nın müəllimi, ADMİU-nun doktorantı, xanəndə Əhsən Əhmədov tarda İlhamiz İsmayılov, kamançada isə Bayram Əliyevin müşayiəti ilə “Dilkeş” muğamını ifa edərək dinləyicilərin zövqünü oxşadı.
Daha sonra çıxış üçün söz xalq artisti, dosent Zümrüd Məmmədovaya verildi. Çıxışını Ulu öndər Heydər Əliyevin kəlamı – “Yüksək mədəniyyətə malik xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcək, həmişə yaşayacaq” sözləri ilə başlayan xalq artisti gənclərimizi öz milli-mənəvi dəyərlərimizi qorumağa, dərin köklərə malik mədəniyyətimizə sahib çıxmağa səslədi. Zümrüd xanım zalda əyləşənlərə nümunə kimi öz səmimi xatirələrindən söz açaraq Azərbaycan muğamını xarici ölkələrdə necə uğurla təbliğ etdiyi anların təəssüratlarını bölüşdü və qeyd etdi ki, hər bir xalqın nümayəndəsi kimi kimliyindən asılı olmayaraq bizimdə borcumuzdur ki, muğamlarımızı yaşadaq və təbliğ edək.
Növbəti ifa Əməkdar artist Teyyub Aslanovun tələbəsi Qiyasbəyova Fidanın ifasında kiçik həcmli “Bayatı Kürd” muğamı oldu.
Ardınca Məhərrəm Dövlətov əvvəlki gündə olan mövzusunu davam etdirərək, elmi mənbələr, muğam haqqında hazırlanmış kitablar, tədqiqat əsərləri ilə iştirakçıları tanış etdi.
İştirakçıların maraqla dinlədiyi əməkdar incəsənət xadimi Aydın Əzimov çıxış edərək bildirdi ki, Azərbaycan muğamı haqqında ən dolğun və düzgün məlumatı yalnız öz xalqımız hiss edib çatdıra bilər. Öz köklərimizi, milli dəyərlərimizi içdən olaraq ən doğru yolla biz təmsil edə bilərik. Buda təbii bir haldır, çünki Azərbaycan vətəndaşı olaraq muğamlarımız hər birimizin qanına, ruhuna, canına hopmuşdur.
Nəhayət, təlimin sonuncu günü yadda qalan və maraqlı anlarla baş tutdu. BMA-nın kiçik zalında həyata keçirilən tədbir iki hissədən ibarət oldu. Birinci hissədə ənənəyə sadiq olaraq layihə rəhbəri gələn qonaqları salamladı və əsas təlimçi Aydın Əzimov başda olmaqla layihə boyu maraqlı çıxışlar etmiş müəllim heyəti bir daha olaraq muğamla bağlı fikirlərini ümumi şəkildə gənclərə çatdırdı. Mövzuya uyğun olaraq, Aydın Əzimovun “Ağ tut” muğam kompozisiyasının lent yazısı səsləndirildi. Daha sonra Xalq artisti Zümrüd Məmmədovanın qastrol səfərlərindən birində ifa etdiyi “Heyratı” və “Qarabağ Şikəstəsi” zərbi-muğamları video-çarx nümayiş olundu. İkinci hissədə üç gün ərzində təlimlərdə aktiv iştirak edən gənclərin muğamla bağlı yaranan sualları ekspertlər tərəfindən cavablandırıldı. Bu fürsətdən səmərəli yararlanan gənc iştirakçılar qaranlıq qalan məqamlarla bağlı verdikləri suallara peşəkarların köməyi ilə cavab tapmağa çalışdılar. İstər müəllim heyəti, istərsə də bütün təlimlərə sevərək qatılan gənclər onlara bu imkanın yaradıldığı üçün layihə rəhbəri İlahə Qismətə öz dərin minnətdarlığını bildirdilər. Sonda böyük zəhməti olan təlimçi müəllimlərə təşəkkürnamələr və layihə ərzində fəal iştirak edən gənclərə sertifikat təqdim olundu.
Doğrudan da xalqımızın mənəvi sərvəti olan muğamlarımızı dərindən bilmək, milli mədəniyyətimizə sahib çıxmaq hər bir azərbaycanlı olaraq bizim borcumuzdur. Və bu vəzifəni gənclərə aşılamaq, onlarda muğama marağı – elmə dərindən yiyələnməyi, düzgün istiqamətdə inkişaf etməyi yol göstərən müəllimlərlə görüşməyə səbəb olan İlahə Qismət, özü də mənəvi dəyərlərimizə son dərəcə sadiq olan bir gənc kimi bu layihə ilə ən böyük uğuruna imza atmış oldu. Çünki Azərbaycan gəncliyinin düzgün maariflənməsi Azərbaycan mədəniyyətinin gələcəkdə daha çox inkişaf etməsi deməkdir. İstedadlı gənc bəstəkarımıza bu yolda həyata keçirdiyi layihələrin axırıncı deyil, axarıncı olmağını arzu edirik.

 

II kurs magistr, Musiqişünas Lalə Namiqqızı
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !