Azər Həsrət: - Nardaran işi birdəfəlik həll edilməlidir

Azər Həsrət: Nardaran işi birdəfəlik həll edilməlidir

Nardaranda yaşananlar üzücüdür. Heç bir icmaya, topluma belə olaylar arzu etməzdim. Edilməsi də insanlıq dışı olardı.

Mənim bildiyim Nardaran da daxil Bakı və bütövlükdə Abşeron kəndləri özlərinin adət-ənənəsi, böyük-kiçiyi, ağsaqqal-ağbirçəyi ilə seçilən toplumlardır. Burada ta qədimdən ümumi qəbul edilmiş qaydalar, birgəyaşayış normaları mövcuddur.

Düzdür, heç vaxt Nardarana yolum düşməyib, amma haqqında eşitmişəm. Özü də yaxşı şeylər eşitmişəm. Bəzən də başqalarına örnək olacaq şeylər. Deyilənə görə, kəndin küçələrində açıq şəkildə siqaret çəkmək ayıbmış. Bəyənirəm bunu. Əladır!

Yaxud da qıza-qadına münasibətdə buranın özünəxas sayğı üzərində qurulmuş yanaşması var. Bu da olsun. Yaxşıdır.

Bu kəndin insanlarının əməli-saleh, dinə bağlı olduğu isə Azərbaycandan kənarda belə bilinən bir gerçəkdir. Bunun özü də yaxşıdır.

Gerçək İslama könül verən insanlardan heç kimə, hələ onların vətəndaşı olduğu dövlətə zərər gəlməz düşüncəsindəyəm.

Bu cür yaxşı cəhətləri olan kənddə yaşanan son olaylarsa tamam başqa bir şeydən xəbər verir.

Hətta o gözəl cəhətlərə kölgə salacaq, bu toplumda Vətənə, dövlətə xəyanət edəcək insanların varlığına təəccüb etməyə bilmirəm.

Sual edilir ki, məlum əməliyyata nə zərurət vardı? Mən də sual edirəm. Amma cavabı Nardarandan çəkilmiş görüntülərdə tapdığım üçün dağa-daşa düşmürəm.

Örnək üçün, kəndin meydan və küçələrində gənclər əllərində dəmir və ağac dəyənəklərlə gəzib dolaşır. Bəzilərinin əlində isə bütün dünyada “molotov kokteyli” kimi tanınan partlayıcı-yandırıcı sursatlar gözə dəyir.

Üstəlik, iki qəhrəman polisimiz də bu kənddə, “inanclı” kimi təqdim edilənlər tərəfindən şəhid edilib. Odlu silahla. Gülləylə vurulublar.

Dini inanc ehtiyaclarını yerinə yetirənlərin əlində nə gəzir odlu silah? Ümumiyyətlə, bu “inanclılar”ın tək istəyi doğrudan da İslamdırsa, niyə öncədən silah, partlayıcı, yandırıcı tədarükü görürdülər?

Bu suallar və ortada olan faktlar da təsdiq edir ki, o kənddə əməliyyat keçirməyə əməlli-başlı ehtiyac varmış və şanlı polislərimiz durub-durduqları yerdə buna getməyiblər.

Kənddə yuva salmış bir ovuc qurumsaq mənim dövlətimin polisinə silah çevirib, onları şəhid edib!

Və bu azmış kimi sosial şəbəkələrdə Azərbaycan dövlətinə, onun polisinə qarşı kampaniya aparır həmin ünsürlər!

Bütün bunlar yuxarıda qeyd etdiyim kimi, özünün adət-ənənəsilə, böyük-kiçiyilə seçilən Nardaran kəndində baş verib, oradan qaynaqlanır.

Bəs hardadır bu kəndin əsl ağsaqqalları?

Bu gün ağsaqqal kimi təqdim edilən birisinin dövlətlə ultimatum dilində danışdığını oxuyub lap dəhşətə gəldim. Adam tələb edir ki, dövlət dünən həbs olunmuş Nardaran sakinlərini azad etmədikcə heç bir danışıqdan, razılaşmadan söhbət gedə bilməzmiş!

Həyasızlığın hədsizliyini görürsünüzmü?

Sən dövlətin polisini şəhid edəcəksən, ortalığı qarışdırıb silahlı müqavimət göstərəcəksən, kəndin küçələrində barrikadalar qurub dirənəcəksən, buna görə də tutulmamalısan, eləmi?

Xeyr! Elə şey ola bilməz! Bu dövlət dövlətdirsə, o barrikada quranların soyunu belə qurudaraq öz hökmünü göstərməlidir! Danışıq, anlaşma ağlı başında olan, dövlətin avtoritetinə sayğı duymağı bacaran adamlarla olar! Daha yerindən durub da özünü kim bilir nə sananlarla deyil!

Bu olaylarda sadəcə bir şeyi anlamaqda çətinlik çəkirəm: doğrudanmı Nardaranda hamı bu cahil sürüsünün əsarətindədir? Əgər elədirsə, mənim dövlətim oranın normal insanlarını bu cahillərin basqısından birdəfəlik xilas etməlidir!

Nardaran, heç də bəzilərinin düşündüyü kimi cəhalət yuvası deyil. Bu kənd, yuxarıda da qeyd etdiyim kimi, böyük-kiçiyi, adət-ənənəsilə seçilən bir yerdir. Ona görə də kəndin ziyalılarının, ağlı başında olan normal sakinlərinin önə çıxması lazım. Özü də dövlətin təminatı altında.

Nardaranı məlum fanatik qrupun əlindən və əsarətindən birdəfəlik xilas etmək lazımdır! Əks təqdirdə bu zərərli ünsürlər cəzasızlıqdan ürəklənərək öz cəhalət toxumlarını daha geniş səpməyə, əhalini qorxu içində saxlamağa çalışacaqlar.

Bunlar Azərbaycanı Suriyanın, İraqın gününə salmağa çalışan bir ovuc başıpozuq yığınıdır! Ləğv edilməlidirlər! Nardaran onların əlindən qurtarılmalı, Nardaranlılar dövlətin güvəncəsi altında rahat nəfəs almalıdırlar! 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !