Azər Həsrət: - Aşağılıq kompleksindən əziyyət çəkənlər

Azər Həsrət: Aşağılıq kompleksindən əziyyət çəkənlər

Azərbaycan yeni müstəqil dövlətdir. Təbii ki, qüsurlarımız var. Bəzən dünya da bizi anlamaqda çətinlik çəkir. Çox zaman da bu anlamazlıq qərəzli olur, məqsədli olur. Çünki bizi anlamalı olub da anlamaq istəməyən çevrələrin öz məqsədləri, mənafeləri var və ona görə davranırlar. Bu zaman isə mümkün qədər Azərbaycan daxilindəki uzantılarının köməyilə ölkəiçi ictimai rəyi öz əleyhimizə çevirməyə çalışırlar. Və nə yazıq ki, bir çox insanımız özləri də bilmədən həmin manipulyasiyalara alət olur.

Bugünlərdə də eyni halı müşahidə edirik. Milli Məclisin deputatı Rövşən Rzayevin “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsi təşəbbüsü o adamları əməlli-başlı hərəkətə keçirib. Müşahidə edirəm, görürəm ki, illərdir Qarabağ davası haqqında bir kəlmə belə danışmayanlar, yazmayanlar da ümumi xora qoşulub Azərbaycanı yerdən-yerə vururlar ki, bəs, bizim üçün belə bir təşəbbüs ayıbdır və s.

Heç kimin uzantısı hesab etmədiyim, həmişə bəyənməsəm də şəxsi fikrini dilə gətirdiyini düşündüyüm Zərdüşt Əlizadənin açıqlaması o kəsimdən olanların ümumi mövqeyi kimi də qəbul edilə bilər: “Bu cür qanunu qəbul etməklə xalqın gözünə kül üfürmək istəyirlər. ABŞ-ın heç vecinə deyil Azərbaycan adlı dövlət var, ya yoxdur, Azərbaycan ona sanksiya tətbiq edir, ya etmir. Azərbaycan hökuməti göstərmək istəyir ki, biz də ABŞ-la eyni qüdrətə malikik. ABŞ-ı cəzalandırmaq bizim imkanımızdadır”.

Burada məqsədim Zərdüşt bəyə cavab vermək deyil, həvəslə tirajlanan ümumi fikirlərə münasibət bildirməkdir.

Hər şeydən öncə qeyd edim ki, Azərbaycan təbii ki, ABŞ-la münasibətlərin qorunmasında maraqlıdır və bunun üçün mümkün addımları hər zaman atır. Amma bir suveren dövlət olaraq öz mövqeyini, öz ləyaqətini qorumaq şərtilə. Yəni biz ABŞ-ın superdövlət olmasına baxmayaraq onunla bərabər hüquqlu, qarşılıqlı hörmətə və inama əsaslanan münasibətlərdə maraqlıyıq. Amma anlaşılan odur ki, ABŞ bizimlə diktə dilində danışmaq istəyir və bunun üçün də smitlər və onların kölgəsində baş girləyənlərdən ibarət dəstəsini hərəkətə keçirib.

Özü də bu, elə bir zamanda baş verir ki, ölkədə bəzi problemlərin həlli üçün real imkan yaranıb. Yəni Qərbin siyasi məhbus hesab etdiyi şəxslərin azadlığı üçün addım atılacaq ərəfədə Azərbaycana qarşı tam cəbhə boyu hücum edilir. Düşündürücüdür əlbəttə.

Heç bunu da nəzərə almayan Azərbaycan ictimai rəyinin vintcikləri isə dərhal səs-səsə verib özümüzü ittiham etməyə başlayıblar. Hətta Rövşən Rzayevin layihəsinə lağ edirlər belə. Azərbaycan hakimiyyətini yıxıb-sürüyən bu adamlara görə, biz gərək ABŞ-a qarşı heç bir kəlmə danışmayaq, heç bir addım atmayaq. Niyə? Çünki ABŞ superdövlətdir və Azərbaycanın ona gücü çatmaz.

Çatmaz təbii. Amma biz burada ABŞ-a müharibə elan etmirik ki. Sadəcə xatırlatmaq istəyirik ki, əgər doğrudan da insan haqları sizi belə narahat edirsə, buyurun, öncə güzgüdə özünüzə baxın. Əgər görsəniz ki, Azərbaycanda insan haqlarının durumu sizdən daha pisdir, o zaman buyurun, bizə qarşı sanksiya tətbiq edin.

Bu manipulyasiya çetesi iddia edir ki, bizim ABŞ-a qarşı sanksiya iddiamız gülüncmüş. Bəs, sən demə ABŞ heç Azərbaycanın yerini bilmirmiş və s. İndi bunlara birisi xatırlatsın ki, Əfqanıstan və bənzəri hərəkatlarda, terrora qarşı mübarizədə, enerji təhlükəsizliyi və təchizatı məsələlərində məgər ABŞ Azərbaycana ehtiyac duymur? Məgər o ABŞ deyilmi bütün bu məsələlərlə bağlı həftə səkkiz, mən doqquz Azərbaycana heyətlər göndərən, təşəkkür edən? Ehtiyacı yoxdursa, bunlar nədir bəs?

Lap elə tutaq ki, ehtiyacı yoxdur. Onda niyə az qala hər ay Azərbaycanı masaya yatırıb müzakirə edir bu ABŞ? Demək ki, ehtiyacı da var, maraqları da var.

Elədirsə, niyə içimizdəki bəzi insanlar ABŞ-dan çox ABŞ-lıq etməyə çalışır? Niyə bizim ABŞ-da insan haqlarını masaya yatırmağımızı bunlar gözdən salmaq istəyir? Məgər insan haqları universal deyilmi? ABŞ küçələrində hər gün polisin öldürdüyü qaradərili gənclər, yeniyetmələr insan deyilmi? Yaxud da o ölkənin dustaqxanalarında aşıb-daşan şiddət də müzakirə mövzusu olmamalıdır? Bəs artıq qeyri-rəsmi şəkildə müsəlmanların ABŞ-a girişinə tətbiq edilən əngəl necə, insan haqları pozuntusu sayıla bilməz?

Təbii ki, ABŞ böyük dövlətdir və onun insan haqları problemləri də bizimkindən qat-qat böyükdür. Böyükdürsə, daha həyəcanlıdır, narahatedicidir və müzakirəsi vacibdir. Lap elə Azərbaycanın bu məsələni qlobal səviyyədə ictimailəşdirməsinə gərək var. Niyə də yox? Balaca dövlətdə yaşayırıq deyə bizi istənilən adam tənqid edə bilər, bizsə qarşılığında onları tənqid edə bilmərik? Niyə?

Şəxsi qənaətimə görə, ABŞ-ı tənqid etməyimizə, müzakirəyə çıxarmağımıza lağ edənlərin, bu addımı gözdən salmağa çalışanların böyük bir qismi sadəcə aşağılıq kompleksindən əziyyət çəkənlərdir. Halbuki biz, hər şeydən və hər kəsdən öncə özümüzə hörmət qoymalı, pisimizlə-yaxşımızla dünya çapında özümüzü heç kimdən aşağı görməməliyik. Problemlərimiz var? Var. Elə isə buna görə bizi ittiham və tənqid etmək iddiasına düşənlər öncə yaxşı-yaxşı özlərinə baxsınlar. Bəlkə “əvvəl evin içi, sonra çölü” misalı hərəkət etmək lazımdır? ABŞ-ın indiki davranışı üçün deyirəm bunu. Adama deyərlər ki, hələ bir öz evinin içində nizam yarat, sonra Azərbaycanı hədəf alarsan. Milli Məclisdə irəli sürülən qanun təşəbbüsü də bundan qaynaqlanır. Yəni, ay ABŞ, öncə öz gözündəki tiri çıxar, sonra bizim gözümüzdə çöp axtararsan… 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !