Quba Turizm İnformasiya Mərkəzində anım mərasimi keçirilmişdir -

Quba Turizm İnformasiya Mərkəzində anım mərasimi keçirilmişdir

20 Yanvar faciəsinin 26-cı il dönümü ilə əlaqədar Quba Turizm İnformasiya Mərkəzi tərəfindən anım mərasimi keçirilmişdir.

Tədbirdə Quba tarix-diyarşünaslıq muzeyinin kollektivi, Quba Mərkəzi Kitabxana Sisteminin əməkdaşları, Qubada fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin nümayəndələri iştirak etmişlər.

Mərkəzin direktoru Murad Hacıyev tədbiri giriş sözü ilə açdıqdan sonra, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. 20 yanvar faciəsini əks etdirən qısa metrajlı filmin nümayişindən sonra Quba tarix-diyarşünaslıq muzeyinin direktoru Məryəm Hacıyeva, Quba Şəhidlər muzeyinin müdiri Həqiqət Hüseynova, muzeyin bələdçisi Aynur Əliməmmədova və 20 Yanvar hadisələrinin canlı şahidi Sadıq Hacıyev çıxış etmişlər.

1990-cı ilin 20 yanvar günü Azərbaycanın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin həm ən faciəli və hüznlü günlərindən biridir, həm də bir qəhrəmanlıq səhifəsidir.

Həmin gün ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələri yeridildi.

O gecə Bakıda 134 mülki vətəndaş öldürüldü, 700-dən çox adam yaralandı.
Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var.