Dövlət YUĞ Teatrında M.F.Axundzadənin əsərləri əsasında hazırlanmış "Naməlum Axundzadə" tamaşası nümayiş olunacaq -

Dövlət YUĞ Teatrında M.F.Axundzadənin əsərləri əsasında hazırlanmış "Naməlum Axundzadə" tamaşası nümayiş olunacaq

«M.F.Axundzadənin 200 illik yubileyi münasibətilə Azərbaycan Dövlət YUĞ Teatrında keçirilməsi aktuallaşan «Naməlum Axundzadə» teatr layihəsi çərçivəçində hazırlanan yeni tamaşa M.F.Axundzadə irsinin fərqli, bu günə qədər qapalı qalan aspektlərini işıqlandırır.
138 yaşlı Azərbaycan teatrını təmsil edən bütün sənət ocaqlarında M.F.Axundzadənin pyesləri əsasında hazırlanan tamaşaların sayəsində neçə-neçə rejissor və aktyor nəsilləri yetişib. İnanırıq ki, M.F.Axundzadənin pyesləri müasir dövrdə çağdaş teatr sənətinin yeni bədii-estetik prinsipləri çərçivəsində səhnəyə gətirilərsə, bu, milli teatr sənəti üçün təkanverici amil rolunu oynaya bilər.
Özündə Avropa modelli dramaturgiyanın tələb və şərtlərini (dramaturji metod – yəni, zaman, məkan, potensial konflikt), həmçinin sakral arxetipik mənaları ehtiva edən Axundzadə pyesləri XXI əsrdə də yeni teatr sənəti üçün ədəbi əsas rolunu oynamağa qadirdir.
Buna görə də biz Azərbaycan Dövlət YUĞ Teatrı olaraq, M.F.Axundzadənin əsərlərini özəl poetikamız («PSİXOSOF») çərçivəsində fərqli aspektdən səhnələmək cəhdində bulunmuşuq. Başlıca məqsəd M.F.Axundzadə irsinin bu günə qədər aşkarlanmayan naməlum tərəflərini işıqlandırmaqdan ibarətdir.

Plot-line: Yeknəsək həyatdan təngə gəlmiş bir qrup insan məhrəm və qutsal məkana daxil olurlar. Onları buxovlayan yasaqları pozaraq, özlərində yeni həyat eşqini bərpa edib, könüllü surətdə yeni məsuliyyət yükünün altına girirlər.
Log-line: Ey insanlar, sizi buxovlayan zəncirləri qırmaqdan usanmayın, o sizi yeni məhrəm tellərlə həyata bağlayacaq.
Müəllif intensiyası: Bütün oğrular, yolkəsənlər, qatillər... hamısı cəhənnəmə inanan insanların arasından çıxır... (M.F.Axundzadə “Kəmalüddövlə məktubları”).