Samid Quliyev : - “Bu gün milli-mənəvi dəyərlərmizə qarşı çıxanlara həyəcan təbili çalınmasa, onların yayılmasına daha da imkan yaranar

Samid Quliyev : “Bu gün milli-mənəvi dəyərlərmizə qarşı çıxanlara həyəcan təbili çalınmasa, onların yayılmasına daha da imkan yaranar

Müsahibim ilahiyyatçı-alim Samid Quliyevdir. O, Bakı İslam Universitetinin məzunu, AMEA-nın doktorantıdır. Dövrü mətbuatda elmi-dini məqalələri ilə müntəzəm çıxış edir.


-Azərbaycanda ənənəvi dindarlıq necə formalaşmış və bu gün İslam dünyasında ənənəvi dindarlığda problemləri nədə görürsünüz?
- İslamın yayılması Peyğəmbərin dövründə Mutə və Təbuq döyüşləri ilə başlanılıb, coğrafi ərazisi genişlənərək sərhədləri böyümüşdür. Xəlifə Əbu Bəkrin dövründə İslam ordusu Azərbaycan torpaqlarına qədər gəlməsə də, sərhədlərmizə yaxınlaşıb, İraqın fəth edilməsindən sonra Qafqaza doğru bir qapı açılmışdır. Xəlifə Ömər bin Xəttabın hakimiyyəti illərində İslamın Azərbaycan ərazisində yayılması, Fərruxzad oğlu İsfəndiyarın ərəblərlə sülh sazişi imzalanmasından sonra baş tutmuşdur.
Həmin dövrdən etibarən İslam dini milli mədəniyyətimizlə həmahənglik təşkil edib, ənənəvi Azərbaycan dindarlığı formalaşmışdır. Bu dindarlıq nəsildən-nəsilə keçərək günümüzə qədər gəlmişdir. İslamın hüquqi prinsipləri ilə götürdükdə ənənəvi dindarlığın bəzi formaları şəriətə uyğunluğu olmasa da, bu qaydalar keçmişdən gələn, yəni dədə-babadan ötürülən, bəzən başa düşülməyən ənənələrdir.
Bu gün İran, Türkiyə, İndoneziya, Pakistan, Misir və bir sıra ölkələrin əhalisinin əksəriyyəti müsəlmanlar olsa da, aralarında müəyyən fərqlər vardır. Bu fərqlər özünü islam qaydaları ilə yanaşı dünyagörüşdə, həyat tərzində, geyimdə və bir sıra sosial məsələlərdə birüzə verir. Ümumilikdə götürdükdə isə bütün müsəlman cəmiyyətləri arasında kəskin fərqlər vardır. Müsəlman cəmiyyətlərinin problemləri, demək olar ki, eyni məzmunlu və ənənəvidir.


-Bir çox qeyri-ənənəvi təriqətlərin yayılmasına təsir edən amillər hansıdır?
-Ənənəvi dindarlıq ilə yanaşı qeyri-ənənəvi təriqət daşıyıcılarının olmasının başlıca səbəblərindən biri maariflənmənin aşağı səviyyədə aparılmasıdır. Dini maariflənmə səviyyəsinin aşağı olduğu cəmiyyətlərdə qeyri-ənənəvi dindarlığın yayılmasına şərait yaranır. Zəif təbliğat işi ilə yanaşı qeyri-ənənəvi təriqətlərin yayılmasına maddi vəziyyətin aşağı olması, qarşı tərəfin güclü təbliğatı və bir sıra amillər güclü təsir göstərir. Qeyri-ənənəvi təriqətlərin yayılması daha çox xarici qüvvələrin himayədarlığı ilə həyata keçirilir.


-Bu cür yad ünsürlərin qarşısı hansı formada alınmalıdır?
-Azərbaycan dövləti bu sahədə zəruri qanunlar qəbul edib, bir sıra tədbirlər həyata keçiribdir. Buna baxmayaraq bir çox hallarda qeyri-ənənəvi cərəyan daşıyıcıları ilə rastlaşır, bəzən törətdikləri fəsadlarının acısını çəkirik. Cənab Prezidentin 27 noyabr 2014-cü il tarixdə imzaladığı sərəncama əsasən Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsi icmalarla layihələr həyata keçirməkdədir. Bu layihələr demək olar ki, Respublikanın bütün bölgələrini əhatə edib. Layihələrdə daha çox “Vətənpərvərlik və şəhidlik”, “Ailə dəyərlərmizin qorunması”, “Alkoqollu içkilərin və tütünün zərərli təsirləri”, “Narkomaniya və onun bəlaları”, “Vəhabilik və radikal meyllər”, “Erkən nigah və onun acı nəticələri”, “Dini radikalizm və onunla mübarizə”, “Qeyri ənənəvi təriqət və məzhəblər” və bu kimi mövzulara toxunularaq, gənclərimiz maariflənmə işinə cəlb edilirlər. Həmçinin Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyətə başlamış din xadimlərinin təkmilləşdirmə kursu bu sahədə atılan addımların bariz nümunəsidir. Kurslarda radikal cərəyanların törətdiyi fəsadlar, onlarla mübarizə yolları və bir sıra məsələlər din xadimlərinə tədris olunur, axund-imamların eksremist qüvvələrə qarşı fəaliyyətinin nədən ibarət olduğu öyrədilir. Bütün hallarda din xadimləri fəaliyyətlərini gənclərmizə milli-mənəvi dəyərlərmizin təbliği üzərində qurmalıdırlar ki, radikal, ekstremist qüvvələr boşluqlardan istifadə etməsinlər. Bu gün milli-mənəvi dəyərlərmizə qarşı çıxanlara həyacan təbili çalınmazsa, onların yayılmasına daha da imkan yaranar və doğma övladlarımız bizə yadlaşalar. İlk növbədə qeyd etdiyimiz kimi maariflənmə yolu ilə mənəvi dəyərlərmizi gənclərmizə aşılamalıyıq. Bu işdə təkcə din xadimləri yox cəmiyyətin bütün təbəqələri fəallıq göstərməlidirlər.


-Orta məktəblərdə dini təhsilə ehtiyac varmı?
-Uzun illərdirki bu mövzu müzakirə olunmaqdadır. Gənclər məktəb yaşlarından mənəvi dəyərlərmizi öyrənməlidirlər ki, radikalların qurbanına çevrilməsinlər. Düzdür bu gün orta məktəblərdə tədris olunan bir sıra vəsaitlərdə dini dəyərlər, o cümlədən dinlərin tarixi müəyyən mövzularda öz əksini tapıb. Bu isə məsələnin həll variantı deyildir.
Nardaran hadisələri, həmçinin Suriya və digər ölkələrdə yüzlərlə azərbaycanlı gənclərin radikallığa meyl etməsi, onlarla bərabər silahlı birləşmələrdə iştirakı bir daha bu məsələnin nə qədər ciddi olmasını göstərdi.
Orta məktəblərdə ayrıca fənn kimi dini bilgilər tədris olunarsa bir çox problemlər də, ortaya çıxaracaqdır. Problemlər özünü dərs vəsaitində və kadr məsələsində göstərəcəkdir. Dərs vəsaitlərinin hazırlanması, ilahiyyatçıların bu işə cəlb olunması müəyyən vaxt tələb edir. Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyi birlikdə dərs vəsaitlərinin hazırlanması məsələsini daha tez həll edə bilərlər. Kadrlara gəlincə isə Bakı İslam Universiteti və Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin məzunları bu işə böyük yardımçı olacaqdır.

 

-Son günlərdə Qafqaz Müsəlmanları İdarəsinin bağlanması ilə bağlı fikirlər səsləndirilməkdədir. Bu fikirlərə münasibətiniz?
-Reallığa söykənməyən fikri səsləndirənlərdən biri Elşad Miri, digəri isə Sərdar Cəlaloğludur. Elşad Miri daim ənənəvi dindarlığmıza zidd olan fikirlərlə gündəmə gəlib, daha çox məzhəblərarası ixtilaf salan mövzuları qabardıb. Elşad bəy unudur ki, əsrlərdir Azərbaycanda sünnilərlə şiələr problemsiz yaşayıb, qaynıyıb qarışıb, qız verib qız alıblar.
Sərdar Cəlaloğlu da bir müddət əvvəl eyni mövqeydən çıxış edərək məhərrəmlik mərasimini xristianlara bağlamış, onların adəti olduğunu dilə gətirmişdir. İslam tarixindən anlayışı olan birmənalı şəkildə anlayır ki, bu tarixi hadisənin digər dinlərlə xüsusilə də, xristianlıqla əlaqəsi yoxdur. Əksinə olaraq 1501-ci ildən 1736-cı ilə qədər hakimiyyətdə olan Səfəvilərə bağlılığı vardır. İlk dəfə bu mərasimin ərəblərdən də, farslardan da qabaq 1501-ci ildə dövlət səviyyəsində məhz Şah İsmayılın fərmanıyla azərbaycanlılar qeyd ediblər.
Qafqaz Müsəlmanları İdarəsi haqqında səslənən iddialar kökündən yanlışdır. İdarənin müstəqil Azərbaycanda dinin formalaşmasında, o cümlədən dövlət-din münasibətlərinin nizamlanmasında, müsəlman ölkələriylə əlaqələrin qurulmasında, Qarabağ probleminin dini liderlər səviyyəsində müzakirə olunması və bir sıra məsələlərdə xidməti danılmazdır.


-Qanunlara edilən son dəyişikliklər qeyri-qanuni yolla xaricdə təhsil almış azərbaycanlılara, əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə dini təbliğatı qadağan etdi. Qanunların sərtləşməsi həmçinin dini mərasimlərə, şüarlara habelə dini atributlara da şamil edildi. Dindar kəsimin buna münasibəti necədir?
-Bütün müsəlman ölkələrinin təcrübəsindən görmək olar ki, məscidlərə din xadimlərinin fəaliyyəti yalnız müəyyən qurumların təyinatı ilə həyata keçirilir. Əgər bir şəxs qeyri-qanuni yollarla dini təhsil alırsa və heç bir təyinat olmadan fəaliyyət göstərirsə bu qadağandır. Bu təkcə Azərbaycanda yox, bütün müsəlman ölkələrində belədir. Xüsusilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin fəaliyyətinə gəlincə bu təbliğatın fəsadlarının olması qaçılmazdır. Bundan sonra da hər bir inanclı insan, etiqadını məscidlərdə, ibadət üçün ayrılan yerlərdə azad şəkildə icra edə biləcəkdir. İbadət bəndənin Allahla rabitəsidir. Onu müəyyən şüarlarla, küçə yürüşləri ilə ifadə etməyə heç bir lüzum yoxdur.

 

 

Ayıq Səmədov