Azər Həsrət: - Azərbaycan Prezidentindən qətiyyətli mövqe

Azər Həsrət: Azərbaycan Prezidentindən qətiyyətli mövqe

Yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin qətiyyətli mövqe nümayiş etdirməsi ən qısa müddətdə ölkəmizin iqtisadi böhrandan çıxacağının anonsu sayıla bilər. Yalnız bir şərtlə: bütün məmurlar onun çıxışında səslənən tezislərə sonadək sadiq olsun, heç bir qüsura yol verməsin. Örnək üçün, daha şikayəti olan heç bir iş adamına, vətəndaşa hansısa məmur “get, hara istəyirsən, şikayət elə” deməyə cürət etməməlidir. Edərsə, başına gələcək zatən bəllidir. Cənab Prezident açıq mətnlə bəyan etdi ki, Azərbaycanda toxunulmaz heç kimsə yoxdur! Son bir neçə ayda baş verənlər də bunun quru sözdən ibarət olmadığını təsdiq edir. Yəni hər kəs öz hesabını götürsün.
Daxili istehsalın təşviq edilməsi, özəlliklə kənd rayonlarında vətəndaşların işlə təmin edilməsi üçün səslənən fikirlər ciddi perspektiv vəd edir. Çünki ölkə əhalisinin narazı qaldığı əsas sahələrdən biri də elə kənd təsərrüfatı məsələsidir. Örnək üçün, min əzabla meyvə-tərəvəz yetişdirənlər məhsulu realizə etməkdə çətinlik çəkir. Xaçmaz kimi ənənəvi kənd təsərrüfatı rayonunda kəndli bir kq pomidoru inhisarçı alıcıya 6-8 qəpiyə satmağa məcbur edilir. Həmin alıcıysa sudan da ucuz qiymətə aldığı pomidoru öz zavodunda başqa bir formada istehsal edərək, misal üçün, tomatın 1 kq-nı 6-7 manata satır. Təbii ki, belə olan halda kəndli istehsalda maraqlı olan deyil və bu da ölkənin ümumi iqtisadi durumuna mənfi təsir edəcək. Ona görə də Prezident İlham Əliyev kənd rayonlarında kənd təsərrüfatının təşviq edilməsi üçün konkret istiqamət göstərdi. Yəni yerli icra hakimiyyətləri artıq hesabını götürsün.

Prezidentin çıxışında diqqət çəkən bir də o oldu ki, son illər ölkəmizdə təmin edilməkdə olan sabitlik iqtisadi inkişafın əsas təminatı olub. Doğrudan da Azərbaycandakı vətəndaş sülhü, multikulturalizm əsaslı cəmiyyət quruculuğu, insanların rahat yaşaya bilməsi üçün dövlətin təmin etdiyi şərait xarici sərmayədarları da həvəsləndirib ki, onlar iri məbləğdə yatırımlarını ölkəmizə yönəldiblər. Bu isə yüz minlərlə iş yeri, eyni sayda ailənin rifah halının yüksəlməsi deməkdir. Biz ictimai rəylə işləyən insanlar olaraq illər uzunu sabitliyin hər şeydən vacib olduğunu təkidlə təbliğ edərkən tənqidlərə məruz qalanda bilirdik ki, düz yoldayıq. Həqiqətən də Azərbaycanda sabitlik olmasaydı, Allah eləməmiş, biz də Suriyanın, Ukraynanın, İraqın günündə olacaqdıq. Amma hakimiyyətlə vətəndaşın məsələnin mahiyyətini yetərincə anlaması, əl-ələ verib bütün çətinliklərə baxmayaraq sabitliyi sonadək qoruması bütün dünyanı iqtisadi böhran bürüdüyü halda belə Azərbaycanın problemi ən az itkilərlə həll edə bilməsi üçün imkan yaradıb.

Bu baxımdan belə qənaətə gəlmək olar ki, Prezidentin çıxışı önümüzdəki bir neçə il üçün əsas istiqamətləri ən düzgün şəkildə müəyyən edir. Qalır bu istiqamətləri rəhbər tutaraq işləmək. Bu məsələdə istər məmur olsun, istər vətəndaş, hər kəs əl-ələ verməli, yorulmadan çalışmalıdır. Zatən şəxsən Prezidentin özü başda olmaqla Azərbaycan dövləti arxamızdadır. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !