Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Belarus Teatrının səhnəsində çıxış etmişdir -

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Belarus Teatrının səhnəsində çıxış etmişdir

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının aparıcı solisti, bu yaxınlarda Respublika Prezidentinin sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülmüş Nigar İbrahimova yanvarın 22-də Minskdə - Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının səhnəsində çıxış etmişdir. Anşlaqla baş tutan Adolf Adanın “Jizel” baletinin tamaşasında Nigar Jizel rolunu ifa etmişdir. Tamaşada N.İbrahimovanın tərəf müqabili Qraf Albert partiyasında isə Belarusun Xalq artisti İqor Artamonov çıxış etmişdir. Çox güclü və inkişaf etmiş klassik balet ənənələrinə malik olan Belarus Opera və Balet teatrında Azərbaycanlı balet ustasının uğurlu çıxışı heç şübhəsiz ki, bu gün milli balet truppamızın yüksək professional səviyyəsinin göstəricisidir. Belarus teatrının veb saytında və ümumiyyətlə bir çox elektron KİV, qəzet və televiziya kanallarında N.İbrahimovanın yaratdığı obraz barədə çoxlu xoş sözlər yazılmış və çıxışına yüksək qiymət verilmişdir.

Tamaşadan sonra Nigar İbrahimovanın ifası haqqında xoş sözlər söyləyənlərdən biri də tamaşada onunla səhnəni bölüşən Xalq artisti İ.Artamonov olmuşdur: “Nigar İbrahimova balet artisti üçün vacib olan bir çox yüksək göstəricilərə - gözəl xarici görkəm, yüksək texnika və artistizm, temperament, nadir plastika və s. malikdir. Heç bir mübaliğəyə yol vermədən demək istəyirəm ki, hazırda o klassik balet sənətinin ən parlaq ulduzlarından biri sayıla bilər. Onun bu günkü çıxışı təkcə tamaşaçılarda deyil, həm də balet truppamızın artistlərində xoş təəssürat yaratdı”.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !