XATİRƏSİ ƏBƏDİDİR NATİQİN... - (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

XATİRƏSİ ƏBƏDİDİR NATİQİN... (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

 ...Natiq dünyaya göz açmışdı ki, yaşıdları kimi böyüsün, onlar kimi arzusuna çatsın. İşıqlı dünyada arzuladığı kimi yaşasın, müharibə görməsin. Göylərin üzü qara buludsuz olsun, səmalarda gündüz günəş, axşamlar ulduz olsun. Beləcə öz balaca dünyasını seyr edərdi, qoca dünyaya qoşulan nəğmələrə qulaq asardı. Vətən mahnısı hissini cilovlaya bilmirdi. O, boy atdığı torpağı hamıdan çox sevirdi, ürəyiylə, sinəsiylə torpağın üstünü ikiəlli qucaqlayırdi, sonra çevrilib sevincək əngin göylərə baxardı, baxardı...

 AZpress.AZ - ın Masallı rayonunda yaşayan müxbiri Əlihüseyn ŞÜKÜROV növbəti məktubunda yaxından tanıdığı, uşaqlığını gördüyü Masallı rayonundan olan Qarabağ şəhidi haqqında ürəkdolusu yazır.

1991-ci ildə Yeddioymaq kənd məktəbini bitirmiş, orta təhsil aldıqdan sonra ordu sırasına getmiş, 730 nömrəli Gəncə batalyonunda xidmət etmişdir. Həmin vaxt yurdumuzda müharibə ocağının alovu günü-gündən Qarabağda azərbaycanlı kəndlərini bürüyürdü. Hərbi xidmətdə qulluğunun altı ayı ərzində həmişə haqqında xoş sözlər deyilmiş, döyüş tapşırığını layiqincə yerinə yetirmişdir. Hərbi hissə və kiçik komandirləri, birlikdə xidmət etdiyi dostları Natiqin haqqında xoş sözlər demişdir. O və döyüşçü dostları torpağımızın azad olunması uğrunda mübarizəni hələ səngərdə aparırdı. Döyüşlər olduqca gərgin vəziyyət almışdı. Azğın, mənfur qonşular ana toprağımızdan çıxmaq istəmirdi. Ağdərə rayonunun ona yaxın kəndinin erməni quldur dəstələrindən təmizlənməsində fəal iştirak etmiş və döyüşlərdə zəfər çalmışdır Natiq.

O, cəsur bir igid kimi bütün döyüş əməliyyatının önündə gedirdi. Yoldaşları onu gözündə qorxu olmayan qəhrəman kimi tanıyırdı. Heç nədən ehtiyat etmirdi. Tez-tez deyirdi ki, quldur erməniləri torpağımızdan tez çıxarmaq lazımdır. Çıldıran kənd camaatı səksəkəli günlərini yaşayırdı, əsl döyüş gedirdi. Erməni quldurları Çıldıran üzərinə böyük qüvvə ilə basqın etmişdi, günlərlə kənd sakinlərinə olmazın əzab-əziyyəti verilirdi. Əsgərlərimiz mərdliklə döyüşürdü, qorxu nə idi bilmirdi. Natiq də müdafiəsinə gəldiyi kəndin, onun camaatının erməni quldurlarından təmizlənməsində döyüşlərin önündə gedirdi. Bəli, o, öndə olan igidlərdən biri idi. 1992-ci il sentyabrın 22-də Ağdərə bölgəsində, Çıldıran kəndi uğrunda gedən döyüşdə, səngərdə ağır yaralanır. Ağrı ona aman vermir ki vermir. Axır ki, onu səngərdən Tərtər hospitalına gətirirlər. Həmin qızğın döyüşdən 5 gün sonra- sentyabrın 27-də Natiq işıqlı dünyaya əlvida dedi. Bu qanlı vuruşma onun qəhrəmanlıqla dolu döyüş yoluna son döyüş günü yazdı. Şəhid oldu. Bu onun layiq olduğu addır. Amma, arzusu ürəkdə qalmadı. Döyüşçü dostları son anadək vuruşmağı, ermənilərdən hayfını almağı söz verdilər. Məhz cavan Natiqin nakam ölümü də yoldaşlarını səfərbər etdi, erməni qəsbkarlarına qarşı daha səlib hərəkət etdilər.

Bu yazını çapa hazırlayanda həmişə salam-kalamlı qardaşı Zaminlə görüşdüm, söhbət etdik və şəhid qardaşı Natiqə dair sənədləri mənə təqdim etdi...

Masallıdan olan gənclər Qarabağ uğrunda döyüşün ilk anından-1988-ci ildən son günədək cəbhədə hünərlə döyüşüb. Şəhid olub, itkin düşüb, yaralanıb...Şəhid olmaq zirvəsi tək bir evin, bir ailənin yox, bütöv el dərdi və kədəridir. Onlar unudulmur, illər keçdıkcə xatırlanır, adına kitablar yazılır. Natiq də az yaşadı, amma xatirəsi əbədi qaldı. Onun da ölümündən sonra xatirəsi əziz tutulur. Doğulduğu və ətraf kənddə, oxuduğu məktəbdə xatirəsi əzizdir. Azərbaycanın müstəqilliyi naminə, birliyimiz naminə şəhidlik zirvəsini fəth etmiş fatehdir. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 1993-cü il tarixlı qərarı ilə Natiq Əliyar oğlu Orucovun bir zaman təhsil alıdığı Masallı rayonundakı 1 nömrəlı Şıxlar kənd əsas məktəbinə onun adı verilmişdir. Adına məktəbdə guşə yaradılmışdır. Müəllim və şagirdlər, həmkəndliləri Natiqin qəbri üstünə gəlir, onu ziyarət edirlər. Vətənpərvər, vətəni Azərbaycanı canından çox sevən Natiq haqqında fəxrlə danışır, ondan nümunə götürürlər. Fəxr edirlər ki, Qarabağ torpağı uğrunda canından keçmiş 19 yaşlı cavanın döyüş şücaəti əbədi yaşayacaq və doğmalarına, kəndinə şöhrət gətirəcək...Igid eloğlumuz Natiq Orucov haqqında “Masallının şəhid oğulları” kitabında şəkli və haqqında məqalə çapdan çıxmış, mətbuat səhifəsində yazılar dərc edilmişdir. Məzarı Şıxlar kəndindədir.

 

AZpress.AZ -

MÜXBİR
Əlihüseyn ŞÜKÜROV.