Azər Həsrət: - 30 İyun Sevgililər Günün qutlu olsun, Türk Milləti! (FOTO)

Azər Həsrət: 30 İyun Sevgililər Günün qutlu olsun, Türk Milləti! (FOTO)

30 iyun Azərbaycanda və ondan kənarda yaşayan Türklərin Sevgililər Günüdür. Qutlu olsun deyirəm. 30 iyun sevgi, qəhrəmanlıq, fədakarlıq, milli mücadilə tarixinə öz damğasını vuran iki Azərbaycan gəncinin – İlhamla Fərizənin toy gününə təsadüf edir. Onlar 1989-cu ilin 30 iyununda el adətincə düzənlənən toyla ailə qurmuşdular. Bu evliliyin fani dünyadakı ömrü cəmi altı ay iyirmi gün çəksə də onların sevgi nümunəsi əbədiyaşar oldu. İlham əsl Azərbaycan gənci, vətənpərvər Türk oğlu kimi 20 yanvar 1990-cı ildə rusların Bakını işğalı zamanı yalın əllə dirəniş göstərərək şəhid oldu. Bu ayrılığa dözə bilməyən Fərizə bir dəfə canına qıymağa cəhd etdi. Mane oldular. Aranı xəlvətə salıb növbəti cəhdini elədi və… bu dəfə mane olacaq kimsə yox idi. Fərizə bu yolla bir daha ayrılmamaq üçün yenidən öz İlhamına qovuşdu… və özündən sonra əbədi qalacaq bir sevgi dastanı qoyub getdi…

İlhamla Fərizə iki Azərbaycan gənci idi. Onlar da hamı kimi sakit, rahat bir evlilik yaşamaq istəyirdi. Ancaq rus-sovet imperializmi və erməni məkri bu iki gənci də milyonlarla Azərbaycanlı kimi evində rahat yaşamağa qoymurdu…

Bu gün biz Sevgililər Günü münasibətilə İlhamla Fərizənin Şəhidlər Xiyabanındakı məzarını ziyarət etdik. Əlbəttə ki, xatirələr yada düşdü. Bir yanda kədər, qüssə, bir yanda da sevginin bəxş etdiyi məsudluq insanlar arasında körpü oldu. Xeyli adam toplaşmışdı Xiyabana. Hələ rəsmi ziyarət başlamazdan öncə də neçə-neçə gənclərimiz qoşa-qoşa gəlib İlahmla Fərizənin məzarını ziyarət edir, onlarla xəyalən söhbətləşib gedirdi. Bir xeyli müşahidə apardım və sevindim ki, Azərbaycan gəncləri bu günə gərəkən dəyəri verirlər…

Günortaya doğru 30 iyunun rəsmi Sevgililər Günü elan edilməsinin təşəbbüskarı Əvəz Zeynallı “Xural”ın qızıl kollektivi ilə birlikdə gəlib çıxdı. Fərizənin və İlhamın ağbirçək anaları, yaxınları, qohum və qardaşları da çiçək dəstələri ilə Şəhidlər Xiyabanına toplaşdılar. Günün istisinə və yayın cırhacırına baxmayaraq xeyli insan Şəhidlər Xiayabanına toplaşdı. Biz birlikdə İlhamla Fərizənin və bütün şəhidlərimizin əziz ruhlarını yad etdik və Tanrıya şükür etdik ki, bizə belə bir gün göndərdi: 30 İyun Sevgililər Günü! Əvəz Zeynallının təbirincə desək, Tanrı heç bir millətə belə bir gün göndərmədi! Doğrudan da kitablardan bildiyimiz Leyli və Məcnun, Əsli və Kərəm, Fərhad və Şirin kimi dastanların bəzən də gerçəklikdən uzaq olan nağıllarını bir anda kölgədə qoyan əsl sevgi dastanı – İlham və Fərizənin müəllifi olduğu bu günü Tanrı məhz bizə – Uca Türk Millətinə göndərdi!

Şəhidlər Xiyabanında İlhamla Fərizənin analarından maraqlı bir əhvalat da dinlədik. Ana deyirdi ki, İlhamla Fərizənin bir müddət qapalı qalan otağının qapısını açdıqları zaman oradan iki göyərçin qanadlanıbmış. Açığı, bunu eşidəndə tüklərim biz-biz oldu! Hələ davamı da varmış bu göyərçin əhvalatının. Ana deyir ki, tez-tez İlhamla Fərizənin məzarları üzərində qoşa göyərçin olurmuş! Nağıl kimi yəni! Al sənə dastan! Al sənə mistika! Al sənə gerçək sevginin göz görə-görə dastanlaşması! Doğrudan da ortada bir Tanrı təqdiri var! Bu günü, bu gerçəkliyi necə görməzlikdən gəlmək olar ki?!

Xiyabanı ziyarət etdik, dedik-güldük, şəkil çəkdirdik. O müdhiş gecəni də xatırladıq. Xatırladıq ki, ruslar hər zamankı kimi bizim torpaqlarımıza – Türk torpaqlarına işğal üçün yer kimi baxırlar. Xatırladıq ki, əlimizdə silahımız olmasa belə bu torpaqları göz bəbəyimiz kimi qorumaq üçün canımızı fəda edə bilərik! Elə lap İlham kimi! Elə lap İlhamı üçün uf demədən şirin canını fəda etmiş Fərizə kimi! Biz bu millətik! Türk millətiyik! Ölümünə sevə bilirik və sevdiyimiz üçün də ölə bilirik! Yenə də İlhamla Fərizə kimi! Bu iki gəncin dünyaya meydan oxuyacaq milli mücadilə, vətənpərvərlik və sevgi nümunəsini kim təkrarlaya bilər ki?! Heç kim! Ona görə də Tanrıya minnətdarıq ki, bu günü məhz bizə göndərdi!

Və fotolar… 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !