Unudulan generalımız, xalq qəhrəmanımız - - Xudu Borçalı

Unudulan generalımız, xalq qəhrəmanımız - Xudu Borçalı

Unudulan generalımız, xalq qəhrəmanımız
(Yazıçının gündəliyindən)


Ulularının unudan, yaddan çıxaran xalq, özü də unudular.
Qədim el məsəli


Bu tarixi həqiqətdir ki, biz unutqan millətik. Təkcə düşmənlərimizin bizim başımıza gətirdiyi faciələri unutmaq bir yana qalsın, hətta çox vaxt öz ulularımızı da unuduruq və yaddan çıxarırıq. Onların gördüyü işləri vaxtında tarixə köçürüb, gələcək nəsillərimiz üçün saxlamırıq. Bax ona görə də uzun qərinələr, tarixlər boyu millətimizin məşhur adamları, xalqı, milləti üçün əlindən gələnləri edənlərin çoxu yaddan çıxıb. Həttə çoxumuz özümüzün yeddi arxadan dönənlərimizi belə tanımırıq. Hansı nəsilin davamçısı olduqlarımızı belə dəqiq bilmirik. Amma dünyanın tanınmış millətləri tarixlər boyu öz nəsillərinin şəcərəsini yazıb və həmin şəcərəni nəsil-nəsil biri-birinə ötürüblər. Ona görə də onlar təkcə yeddi arxadan dönənlərini yox, uzun əsrlər boyu davam edən nəslinin lap qədim uluları haqqında ətraflı məlumata malikdirlər.
Söz düşəndə, xalq qəhrəmanlarımızından, sərkərdələrimizndən misal gətirəndən biz, Cavanşirin, Babəkin, Şah İsmayılın, Koroğlunun, Qaçaq Nəbinin, Qaçaq Kərəmin və başqa bir neçə şəxsiyyətin adını çəkirik. Amma axı bizim millətin yüzlərlə belə igidləri olub və əfsus ki, bizim onlardan xəbərimiz yoxdur və tanımırıq. Çünki bu igidlərin çoxu haqqında yazılı ədəbiyyatda heç nə yazıb saxlamamışıq. Şifahi ədəbiyyat da ağızdan-ağıza keçən olduğuna görə, belə insanları yalnız həmin adamların yaşadığı dövrə və ən çoxu da onların ölümündən 50 il sonraya qədər saxlaya biliblər. Amma müstəqillik qazandığımız bu dövrdə bizim borcumuzdur ki, belə şəxsiyyətləri arayıb-axtarıb tapmaq və onların haqqında yazıb, gələcək nəsillərçün saxlamaq.
Bax belə əfsanəvi qəhrəmanlardan, böyük şəxsiyyətlərdən, xalqın igid oğlullarından, haqqında çoxlu maraqlı faktlar, fikirlər danışılan və XVIII əsrdə Borçalı çökəyində yaşamış 2 dəfə xalq qəhrəmanı Xudu kişi Borçalıdır. Gürcülər ona Xudu Borçalinski, azərbaycanlılar Xudu Xuduoğlu, II çar İrakli isə ona Xudiya deyiblər. Hətta gürcülər öz xalqlarının tarixi haqqında çəkdikləri 5 seriyalı «And kitabı» adlı kinofilmdə Xudu Borçalı haqqında maraqlı epizodlar çəkib, onu gürcülərə II çar İraklinin dostu və gürcü xalqının bu gün yaşamasında əvəzsiz xidməti olan böyük səbəbəkarlardan biri kimi təqdim ediblər. Amma əfsus ki, II çar İrakli tərəfindən geniral rütbəsi alan, gürcülərin 2 dəfə xalq qəhrəmanı kimi tanınan, gürcü ordusunda əsas vəzifələrdən birini tutan, suvari dviziyaya rəhbərlik edən, xalqımızın belə igid sərkərdəsi, əfsanəvi qəhrəmənı, böyük şəxsiyyəti haqqında demək olar ki, biz heç nə bilmirik.
Xudu Borçalı haqqında yalnız Sovetlər İttifaqı dövründə, Əməkdar curnalist olan, hal-hazırda Bakı Dövlət Universitetinin professoru, filologiya elmələri doktoru Həmid Vəliyev 1983-cü ildə «Sovet Gürüstanı» qəzetində baş redaktor işlədiyi vaxtda «Xudululara müraciət edək» başlığı altında çap etdirdiyi bir məqalədə artıq Xudi kişinin böyük tarixi şəxsiyyət olduğu aydınlaşıb. Onu da vurğulayım ki, «Sovet Gürcüstanı» qəzetində çap olunan həmin yazı o vaxtlar Gürcüstanda böyük rezonans yaratsa da Azərbaycandan buna səs verən olmayıb. Müstəqillik qazandığımız dövrdən bu günə qədər Xudu Borçalı haqqında yalnız Surəddin Məmmədlinin yazdığı «Paralanmış Borçalı» kitabında kiçik bir fəsil və tədqiqatçı zabit Şəmistan Nəzirlinin bir yazısı çap olunub. Amma gürcülər bizdən çox irəli gedərək bu tarixi şəxsiyyət haqqında, bir neçə kitabda böyük məlumatlar çap etdirib, onun rolunu gürcü aktyoru oynamaq şərtilə general Xudu Borçalını özlərinin tarixi kinofilmində yaşadırlar. «And kitabı» kinofilminin 3-cü seriyasında onunla bağlı maraqlı faktlar çoxdur. Belə ki, gürcülərin həyatına, yaşamasına, respublika kimi qalmasına böyük köməklik edən tarixi həqiqət, II çar İrakli dövrünə təsadüf edir. Həmin dövrdə mürtəce qüvvələr Gürüstanı daxildən və xaricdən parçalayıb məhv etməyə çalışırdılar. Onlar, II çar İraklini devirmək arzusuna düşürlər. Buna görə də vəziyyət çox kəskin halda mürəkkəbləşib və xəzinə boşalıb. Dövlət maddi çətinliklər qarşısında qalıb və nəhayət haradan olsa belə, maddi yardıma ehtiyac duyulub. Həmin vaxt II çar İraklinin ətrafında olan məmurlar və aznaurlar yeganə ümid yerini Gürüstanda yaşayan, möhkəm dostluq və qardaşlıq münasibətində olduqları azərbaycanlılara müraciət etməkdə görürlər. Onlar daima dosta-dost, düşmənə-düşmən, igidlikdə ad qazanan, səxavətdə tayı-bərabəri olmayan Borçalı elində, Sadaxlı kəndində yaşayan böyük bir tayfaya, Xudulular tayfasına müraciət edirlər. Doğrudan da 5 seriyalı «And kitabı» adlı kinofilmdə bu epizod çox səimimi və ətraflı formada göstərilib. Bu kinofilm Gürcüstanda da çox yaxşı qarşılanıb. Həmin vaxt Xuduluların başçısı, Borçalıda böyük mədən sahibi olan Xudu kişi II çar İrakli başda olmaqla gürcü elçilərini böyük hörmətlə qəbul edib. Onu diqqətlə dinləyib və II çar İrakliyə lazimi miqdarda təmənnasız olaraq pul, qızıl və gümüş məmulatları verib. Çar özü və gələn elçilər böyük razılıqla görüşüb gedəndə, Xudu kişi də onları ehtiramla, hörmətlə yola salıb. Kinofilmdə bu epizodlar ssenarist və recissor tərəfindən çox dolğun işlənilib.
«And kitabı» kinofilmində çəkilən bu epizodlar böyük tarixi həqiqətə malikdir. İndi də azərbaycanlıların və gürcülərin yaxşılığı çox şeydə, adət-ənənələrdə, dar gündə bir-birinə kömək əli uzatmaqda, bir-birinə arxa, dayaq durmaqda, dostluq telləri ilə bir-birinə bağlanmaqda özünü aydınca göstərir.
Bəli. Azərbaycan və gürcü xalqlarının bu dostluğu və bir-birinə mehribançılığı haqqında çox danışmaq olar. Elə üç faktı deməyimiz kifayətdir ki, bu iki xalqın dostluğunun bariz nümunəsini görək. Məşhur şairmiz, Qarabağ xanlığının Xarici İşlər üzrə vəziri Molla Pənah Vaqif Tiflisə gəlib, bu gözəl şəhərə və çarın oğlu Levona şeirlər həsr edib. II çar İrakli Qarabağ xanı İbrahim xanla dostluq müqaviləsi bağlayıb. Şair Molla Vəli Vidadi də II çar İraklinin oğlu vəfat edəndə ona mərsiyyə yazıb. Həmin mərsiyyə də gürcülər və azərbaycanlılar tərəfindən çox yaxşı qarşılanıb.
Xudu kişi nəinki Sadaxlıda, həm də Borçalı çökəyində öz xeyriyəçiliylə məşhur olmuşdur. O, Sarvanda, (indiki Gürüstan respublikasının Marneuli şəhərində), Calaloğlunda (Ermənistanın indiki Stepanavan şəhərində), su, kanal və yolların çəkilməsində öz həmyerlilərinə çox böyük maliyyə köməkliyi göstərmişdir.
Xudulular öz torpaqlarına bağlı olduğundan çoxu elə Sadaxlıda yaşayırlar. Amma hal-hazırda Sadaxlı Xudulularının az da olsa nümayəndələrindən Azərbaycan Respublikasının Bakı və Sumqayıt şəhərlərində də yaşayan ailə üzvüləri var. Onlar da ulu babalarının qoyduğu yolla gedərək, dövlətə və dövlətçiliyə xidmət etməklə, müxtəlif iqtisadi, sənaye, təhsil, elm, mədəniyyət və başqa sahələrdə uğurla çalışırlar.
Xudu kişinin kötücələrindən birilə görüşmək mənə də qismət oldu. Bu dəyərli insan, böyük ziyalı şəxs Veys Həmid oğlu Xudiyev Sumqayıt şəhərində yaşayır. Uzun illər tikinti sahəsində çalışıb. Adi usta köməkçisi vəzifəsindən İstehsalat Birliyinin baş direktoru vəzifəsinə qədər yüksəlib. 35 il rəhbər vəzifədə işləyib. Təkcə Sumqayıtda yox, respublikanın çoxlu bölgələrində böyük tikinti işləri görüb. Biz onunla həmsöhbət olduq. O, ulu babası haqqında böyük etiramla, məhəbbətlə və həm də yanğı ilə bu sözləri dedi:
- Dədə-babaların, ağsaqqalların dediklərinə və söylədiklərinə, bəzi tarixi faktlara söykənərək, ilk öncə mən bir məsələyə aydınlıq gətirmək istəyirəm. Hərbi jurnalist, polkovnik-leytenant Şəmistan Nəzirli bir yazısında qeyd edib ki, guya ulu babam Xudu Borçalı, Yadigarovların nəslindəndir. Hətta onların qardaşıdır. Amma əslində bu fakt düz deyil. Onun Yadigarovlarla heç bir qan qohumluğu yoxdur. Ola bilər ki, hansısa qohumluq əlaqələri olub. Bu nəsil, o nəslə qız verib, qız alıb. Yalnız belə qohumluq əlaqələri ola bilər. Hətta mən Şəmistan müəllimi Sumqayıta dəvət edib, onula çay süfrəsi arxasında əyləşəndə mən bunu ona sübut elədim və o da mənimlə razılaşdı ki, sən düz deyirsən. Yadigarovgillə Xudi kişi arasında yalnız arvad qohumluğu ola bilər. Çünki həmin vaxt Xudu kişi Gürcüstanda tanınırdı. El ağsaqqalı idi. Ola bilər ki, Yadigarovgillə bir-birindən qız alıb-veriblər.


- Yadigarovlar haqqında bəzi yazılarda, elə Şəmistan Nəzirlinin də yazılarında çoxlu dəqiq olmayan məlumatlar var. Bu nəsil haqqında siz nəsə bilirsinizmi?
- Əlbəttə, bilirəm. Bu haqda məndə dəqiq məlumatlar var. Belə ki, Yadigarovlar nəsli çox məşhur nəsil, böyük sülalə kimi XVI əsrin axırları və XVII əsrin əvvəllərində Gürcüstan Respublikasında sayılıb-seçilən nəsillərdən olublar. Hələ 1701-ci ildə I çar İrakli, 1707-ci ildə I Daviddən, Anna Konstantinov II Teymuraz tərəfindən Yadigarovlara Sınıq körpü ətrafındakı kəndlər verilib. II İrakli isə bunlardan əlavə Fətəli Xan Sadıq bəyi səfir göndərib. Əlavə də olaraq, Sadıx bəyə və oğlanları Ağacan, Mustafa və Allahverdi bəylərə Tiflis şəhərində meydanda, məscidin yaxınlığında beş maqazin bağışlayıb. Təxminən 1787-ci ildə. Bu nəsil çara həmişə sadiq olmaqla və bütün döyüşlərdə onun tərəfində olub, qəhrəmancasına vuruşublar. Hətta general Abbasqulu Ağa Bakıxanov özünün «Gülüstani -İrəm» əsərində də bu nəsil haqqında maraqlı məlumat verib. O, belə yazır: « Gürcüstanda yaşayan azərbaycanılar arasında tarixi şəxsiyyətlər çox olub. Onlardan biri də polkovnik İsrafil bəy Yadigarov olub. Onun haqqında məşhur rus yazıçısı, şərqşünas V. Dmitriyev «Koran Maqameda» kitabını ona həsr edib. Bu kitab 1864-cü ildə yazılıb. O, kitabda qeyd edir ki, «onun qardaşı Ağa bəy Yadigarov Həsən bəy İsrafil ağa oğlu Yadigarov general-mayor rütbəsi alıb. Həmişə də ön cəbhədə qəhrəmancasına vuruşub». Yadigarov qardaşlarının əsas tədqiqatçısı Şəmistan Nəzirlinin verdiyi məlumata görə heç bir arxiv sənədində İsrafil bəy Yadigarovun genaral-mayor rütbəsi alması haqqında məlumat yoxdur. Onu da vurğulayım ki, bu vaxta qədər nə İsrafil bəyin, nə Sadıx bəyin, nə də Həsən bəyin, ümumiyyətlə Yadigarovların fota şəklinə rast gələn olmayıb. Həm də bu qəhrəman oğulların Gürsütanın Təkəli kəndində nəslindən heç kim qalmayıb. Amma Şəmistan Nəzirli Xudu Borçalının şəklini götürüb və bu şəkli İsrafil bəy Yadigarovun adına internetdə yerləşdirib. Guya bu şəkil İsrafil bəy Yadigarovun şəklidir.
Bu məsələ ilə bağlı hər şeyin dəqiq olması üçün sizə bir maraqdı məlumat da verim. Bunu mənə bizim bölgədə tanınan tarix müəllimi və tədqiqatçı, mənim əmim İsmayıl Xudiyev danışıb. O, deyirdi: « Günlərin birində mən atama belə sual verdim. Necə olur ki, bizim nəslimizin də Yadigarovlardan olduğunu deyirlər. Atam Qurban kişi mənə dedi ki, «oğlum, elimizin adət-ənənlərinə görə ən yaxın eloğlanları özlərinə qardaşlıq kimi ən yaxın dost tuturdular. O vaxtlar Sadıx bəy Yadigarovun oğlu Mustafa bəylə dostluq və qardaşlıq edənlərdən biri də sənin ulu baban Xudu oğlu Xudi kişi olub. Onun da yenə səbəbi, onlarla qız qohumluğundan yaranıb. Yəni biz, Yadigarovlar nəslindən Mələk adlı qız almışıq. Məhz bu səbəbdən də Xudu kişi, Sadıx bəyin oğlu Mustafa bəylə qardaş kimi idilər. Gürcüstanda demək olar ki, hamı onları qardaş bilirdi. Heç təsadüfü deyil ki, mənim böyük qardaşım üçüncü Xudu kişinin oğlanları Həmid, Məcid, Abdulladan başqa bir yeganə qızı olub, onun da adını Mələk qoyublar. Ondan başqa Məmməd adlı qardaşım da böyük oğlunun adını Mustafa qoyub. Çünki bizim babamız ikinci Xudu belə tövsiyyə edib. Ona görə mən Qurban da sənin adını İsmayıl qoymuşam». İsmayıl müəllim onu da deyirdi ki, Yadigarovların nəslindən bəziləri Gəncədə, bəziləri isə Qazaxda yaşayıblar. Sonra da onlar Təkəli kəndinə köçüblər. Amma bizim nəsil Sadaxlıdandır və həmişə də Sadaxlıda yaşamışıq. Ulu babamız Xudu kişinin də adı Xudu olub və bizim nəslin bütün uluları elə xuduluların köhnə Sadaxlı qəbirsatlığında uyuyur.


- Hə. Bunlar çox tutarlı məlumatlardır. Sizin ulu babanız Xudu kişi nə vaxt anadan olub?
- Ulu babam Xudu kişi təxminən 1730-cu ildə Sadaxlı kəndində anadan olub. Onun haqqında yazılanlardan və deyilənlərdən belə məlum olur ki, həddindən artıq uca boylu, enli kürək kişi olub. Cavanlıq illərini kənddə və rayon mərkəzində, əvvəlki adı Sarvan olan indiki Marneulidə keçirib. Sarvan Borçalı çökəyində əvvəllər ən böyük kənd imiş. Xudu kişi yay vaxtları isə Calaloğlu ( indiki Stepanavan) yaylaqlarında yaşayıb. Deyilənə görə mahir ovçu və məşhur qılıncoynadan olub.
- Bəs Sadaxlı ilə onun nə əlaqəsi vardı. Həm də sadaxlı sözünün mənası nədir?

- Sadaxlı sözü «Sadax» sözündən götürülüb. Belə ki, oxlar qoyulan və saxlanılan yerə sadax deyirlərmiş. Bu kənd əsl qarapapaq Azəri türklərinin kəndidir. Təxminən 500 il yaşı var. Sonralar bu kəndə başqa yerlərdən köçüb gələnlər də olub. Burada evlər əsasən bir mərtəbəli idi. Sadaxlıda iki yaşayış evi iki mərtəbəli idi. Bunlar da Xudulu Qurbanın və Xudulu Ömərin evləriydi. Onlar da yəqin ki, mədənlərdən gələn gəlirlərin hesabına həmin evləri tikdiriblər. Burada yaşayan insanların da əsas işi əkin-biçin, mal-qara saxlamaq və ovçuluq olub. Yuxarıda dediyim ki, ulu babam Xudu kişi Sadaxlıda anadan olub. O, cavanlıq illərində Sarvanda ( indiki Marneulidə) yaşayıb.
Ulu babam otuz yaşlarından faydalı qazıntıların axtarılıb tapılması və onların çıxarılıb emal olunması işilə məşğul olub. Onun şəriki isə fransız mədən mühəndis olub. Yəqin qızıl-gümüş mədənlərini də həmin fransız kəşf edib. Həmin emal olunan qiymətli metallardan isə gümüş kəmərlər və hətta gümüş sikkələrin, yəni pulların kəsilməsilə də məşğul olublar. O, həmin şərikilə ilk mədənini Axtala kəndində yaradıb. Axtala Sadaxlının şimal hissəsində, Borçalı çökəyi adlanan yerdə idi. Sonra Allahverdi, Calaloğlu kəndlərndə də mağaralar qazdıraraq, orada gümüş, miss və qızıl mədənlərini də işə salıblar.


- Siz onun şərikinin fransız olduğunu hardan bilirsiniz?
- Mənim atamın atasınının da adı Xudi idi. O, danışırdı ki, Xudu Borçalının şəriki bir fransız olub. Xudu kişi ilə möhkəm dostluq əlaqələri qurublar. Həm də Xudu kişi gürcü və fransız dillərini də öz ana dili kimi bilirmiş. O, həmin fransızla mədənləri bir yerdə işlədiblər. Hətta deyirdi ki, o vaxtlar həmin mədənləri oğrulardan qorumaq üçün Xudu kişinin böyük, 150 nəfərdən çox silahlı, suvari dəstəsi də varmış. Bu suvari dəstəyə də özü rəhbərlik edirmiş. Çünki Xudu kişi lap cavanlıqdan yaxşı ovçu, qorxmaz və qoçaq insan kimi həmin bölgədə ad-san qazanıbmış. Həm də o, çox xeyirxah, öz malını, dövlətini xalqdan əsirgəməyib. Kasıblara, yetimlərə həmişə əl tutub. Həmişə də xeyir-şərdə çox yaxından iştirak edib. Xeyiri-şəri olanlara da lamız olan qədər köməkliklər edirmiş. Onun qoçaq, qorxmaş olmasından qorxuya düşən qaçaqlar, oğrular onun mədənlərinin həndəvərinə belə dolanmırmışlar. Xeyirxah əməllərinə, kasıblara əl tutduğuna görə də ona böyük hörmət edirmişlər. Xudu kişinin qoçaqlığı, qonaqpərvərliyi və səmiyəti elə «And kitabı» kinosunda da çox dolğun formada göstərilir. Bax bütün bu müsbət keyfiyyətlərinə görə, Xudu Borçalı bütövlükdə Gürcüstanda sayılıb-seçilən qorxmaz, igid kişilərdən biri sayılıb. II çar İrakli onunla görüşəndən və ondan maddi kömək alandan sonra onların arasında böyük dostluq əlaqləri yaranıb. II çar İrakli Xudu kişinin dostluğa sadiq insan və güclü döyüş qabiliyyəti olduğunu görüb. Sonra onu öz yanına çağırıb və özünün çox etibar etdiyi, milliyatca gürcü olan suvari qoşunun generalını işdən çıxarıb. Onun yerinə böyük bir suvari qoşuna milliyatca qarapapaq Azəri türklərindən olan Xudu kişinin rəhbərlik etməsini tapşırıb. Döyüşlərdəki şücaətinə görə Xudu Borçalıya general rütbəsi verib. Onu Gürcüstanın 2 dəfə xalq qəhrəmanı edib. Bu qəhrəmanlıqları da o, avarlarla olan, Aspinza və Ağa Məhəmməd şah Qacarla olan döyüşlərdə alıb. Görün onların arasında nə qədər böyük, təməmmasız və səmimi dostluq olub.


- Siz Ağa Məhəmməd şah Qacar haqqında dendiniz. Elə bu sual da həmin fikirdən doğdu. Belə deyirlər ki, Xudu Borçalı hətta gürcülər tərəfindən Ağa Məhəmməd şah Qaracırın ordusu ilə də vuruşub. Bu doğrudurmu?
- Bəli. Baxmayaraq Ağa Məhəmməd şah Qacar da milliyatca türk idi. Amma Borçalı çökəyi Xudu kişinin vətəni idi. Həm də o, II çar İrakli ilə əsl dost idi. O, həm öz torpağını və həm də dostunu qorumaq üçün, eyni zamanda elin-obanın vicdanlı vətəndaşı kimi Ağa Məhəmməd şah Qacarın ordusu 1797-ci ildə Gürcüstana hücum edəndə və şah Qacar II çar İraklini hədələyib ruslarla müqaviləni pozub onun tərəfinə keçməyi əmr edəndə ulu babam, əlbəttə də ki, İraklini müdafiə edib. Çünki şah Qacar ona göndərdiyi məktubda hətta belə sözlər də yazdırıb : «Əgər ruslarla müqaviləni pozub bizim tərəfə keçməsən, əks halda Gürcüstanda yaşayan xalqların qanından ikinci Kür çayı yaradacam». Onun bu məktubu ilə tanış olan və Gürcüstanda yaşayan təkcə gürcülərin yox, azərbaycanlıların da öldürüləcəyini yəqin edən Xudu kişinin 400 nəfərdən ibarət suvari dəstəsilə şah Qacarın ordusu ilə vuruşa girir və ulu babam onun suvari dəstəsini darmadağın edərək, həmin dəstənin sərkərdəsini də əsir alır. O, sərkərdənin başını kəsdrib, II çar İraklinin ayaqları altına atır. Həmin döyüşlərdə azərbaycanlı Allahverdi bəy Yadigarov da böyük igidlik göstərib. Bütün bu tarixi faktlar olduğu kimi Gürcüstan arxivində saxlanılır.


- Bütün bunlar haqqında sizdə yazılı məlumatlar varmı?
- Bəli. Bu haqda çar II İraklinin dövrünə aid Gürcüstanın tarix kitablarında və bədii əsərlərində maraqlı məlumatlar var. Xudu kişinin qəhrəmanlıqları haqqında gürcü yazıçıları da maraqlı əsərlər yazıblar. Hətta gürcü yazıçısı Akakiya Belaşvli özünün «Besuku» romanında Xudu kişi ilə bağlı bir neçə fəsil yazıb və orada belə faktlar da yazıb: « O, ( Xudu kişi) vuruşdan qayıdaraq, atdan düşür və düşmən sərkərdəsinin başını İraklinin ayaqları altına atır. İrakli döyüşlərdən birində rus generalına məktub yazaraq birldirir ki, «Sizə başda qorxmaz, qəhrəman Xudu Borçalinki olmaqla 400 nəfər müsəlman-azəri əsgərlərini göndərirəm. Onlar bu döyüşlərdə sizə çox köməklik edəcəklər. Çünki mən onlara özüm kimi inanıram»…


- Xudu kişi təxminən nə vaxt dünyasını dəyişib?
- O, təxminən 85 il yaşayıb. II çar İrakli vəfat edəndən sonra Xudu kişi Tiflisdən Sadaxlıya qayıdıb. Ömrünün sonuna qədər də bu kənddə yaşayıb və özünün mədəndəki işlərilə məşğul olub. Yuxarıda dediyim kimi mənim babamın da adı Xudu olub. O, danışırmış ki, 1905-ci ildə Erməni-Azərbaycan davası vaxtı ermənilər həmin mədənlərə hücum ediblər. Orada çox möhkəm dava olub. Amma azərbaycanlılar erməniləri oradan qovublar. Həmin mədənləri yenə də özləri işlədiblər. Xudu Borçalının yaratdığı mədənlər 1915-18-ci illərə qədər Calaloğlunda, Axtalada fəaliyyət göstərib. Onun nəsli tərəfindən həmin mədənlərdə mis, qızıl, gümüş istehsal olunub. Həmin vaxta qədər mədənlərdə fransızlar da şərik olublar. Amma 1918-20-ci ildə fitnəkar ermənilər tərəfindən azərbaycanlılara qarşı ikinci dəfə dava başlayanda, Borçalıda da bu döyüşlər davam edib. Həmin vaxt ermənilərlə gürcülərin də davası olub. Bu vuruşlarda da azərbaycanlılar gürcüləri müdafiə ediblər. Həmin vaxtı Azəri qarapapaq türkləri ermənilərlə vuruşda öz ellərini, torpaqlarını erməni daşnak gavurlarından qoruyublar. Bu döyüşlərdə Xudu kişinin bizim nəsildən olan nəvələri, nəticələri- Xudu, Qurban, İsmayıl, Məmməd və əli silah tutan bütün Sadaxlı kənd sakinləri, məşhur çopur Əlinin dəstəsində ermənilərə qarşı qəhrəmancasına vuruşublar. Onları Sadaxlıdan qovublar. Bütün bunlar haqqında Surəddin Məmmədlinin yazdığı «Paralanmış Borçalı» kitabında həmin epizodlar çox geniş yazılıb. Təvazökarlıqdan uzaq olsa da deyim ki, həmin kitabın çap olunmasına maliyyə yardımı da mən eləmişəm.
1918-20-ci ildə Ermənistan Respublikası yarananda Borçalının güney tərəfini ermənilər işğal etdiklərindən həmin yerlər də bu respublikanın tərkibinə qatılıb. Ulu babam Xudu kişinin Cəlaloğlunda, Allahverdidə və Axtalada olan mədənləri də onların işğalında qalıb. Ermənilər həmin vaxtı Sadaxlıya da hücum edib, bu yerləri də ələ keçirmək istəsələrdə onların aruzları ürəklərində qalıb. İgid sadaxlılar tərəfindən onlar məşğul olub geri çəkiliblər. Hətta həmin vaxtı bizim ulular deyirdilər ki, Sadaxlının güney dağlarında öldürülən ermənilərin kəsilmiş başları donquldana-donquldana dağ aşağı dığırlanırmış. Həmin vaxlardan ermənilərin gözü Sadaxlıdadır. Bu gün Gürcüstan- Ermənistan sərhəddi Sadaxlıdan başlayır. Borçalı elinin Çubuqlu dağlarından, Calaloğlundan başlayaraq, Qarakilsə, Gümrü, əlavə 20 Azəri türklərinin kənd və qəsəbələr də ermənilər tərəfindən zəbt olunub. Onlar hamısı ermənilərin işğalı altındadır. Amma bilmirəm neyçünsə indi də Gürcüstan Respublikasının rəhbərliyi bu işə laqeyid yanaşır və bu haqda heç nə demir, yazmır və tədbir görmürlər. Axı həmin yerlər Borçalı bölgəsində yaşayan Azəri türklərinə aiddir və Qarabağ torpaqları kimi ermənilər tərəfndən işğal olunub. Bu haqda hökmən dünya mətbuatında yazılmalı, dünyanın aparıcı ölkələrinin rəhbərlərinə deyilməli və işğalçı erməniləri yerində oturtmaq lazımdır. Həmin yerlər də dərhal müstəqil Gürcüstan Respublikasına qaytarılmaqla və Borçalı elinə qatılmalıdır.


- Gürcüstan üçün bu qədər işlər görən Xudu kişinin adı əbədiləşdirilibmi?
- Marneuli şəhərində bir küçəyə onun adı verilib. Məncə bu çox azdır. Çünki bu qədər böyük xidmətləri olan, əfsanəvi əsl xalq qəhrəmanı, general Xudu Borçalının ən azından Sadaxlı kəndində heykəli ucaldılmalı, həmin heykəlin ətrafında park salınmalı, məktəblərə onun adı verilməlidir. Biz xududular və Borçalı bölgəsində yaşayan vətənpərvər inanlar, bu haqda Azərbaycan Respublikasının prezidenti İlham Heydər oğlu Əliyev cənablarına, Gürcüstan Respublikasının Prezidentinə, Parlamentinə və Gürcüstan-Azərbaycan dostluq qrupunun rəhbəri, Millət vəkili Qənirə xanım Paşayevaya bu haqda məktublarla mən müraciət etmişəm.


- Onlardan müsbət bir cavab alınıbmı?
- Artıq Gürcüstanın Parlamentində bu işlə bağlı məsələ qaldırılıb və qərar verilib. Mən 2015-ci ilin noyabr ayında Gürcüstanda olanda, Marneulu rayonunun qamrabelisi ( İcra Hakimiyyətinin müavini) Teymuraz Beridze mənə zəng vurub, Xudu Borçalının portretinin tapılmasını xahiş etdi. Mən də qohumlardan birini Tiflis Tarix Arxivinə göndərdim. Artıq Xudu Borçalının porterit tapılıb. Belə bir məsələ var ki, Marneuli rayonunu mərkəzində Xudu Borçalının heykəlini qoyacaqlar. Hətta bu məsələ ilə bağlı bir neçə gürcü alimləri də ölkə başçısına müraciət ediblər. Həmin müraciətdə də yazıblar ki, Xudu Borçalının heykəlinin qoyulması və məktəblərdən birinə onun adının verilməsi, bu Azərbaycan-Gürcü xalqlarının dostluğunun ən gözəl nümunəsi ola bilər. İnanırıq ki, bizim uzun illər yazdığımız məktubların nəhayət ki, müsbət cavabı olacaq və Xudu kişinin böyük qəhrəmanlıqları, şücaəti özünün müsbət həllini tapacaq. Biz, Xudu Borçalının nəslindən olan xudullu və xudiyevlər sevinəcəyik, «axır ki, illərlə çəkdiyimiz zəhmət yerdə qalmadı və haqq öz yerini tapdı. Yəqin ki, bundan sonra artıq Xudu kişi haqqında kitab yazmaq və kinofilm də çəkmək olar».
Doğrudan da böyük xeyriyyəçi, əsl sərkərdə, general, 2 dəfə xalq qəhrəmanı Xudu kişinin adının Gürüstan Respublikasının rəhbərliyi tərəfindən əbədiləşdirilməsi iki xalqın dostluğuna da çox müsbət təsir göstərər. Axı general, 2 dəfə xalq qəhrəmanı Xudu Borçalı buna çoxdan layiqdir. Onun adının müstəqil Gürcüstan Respublikasında əbədiləşdiliməsi, orada yaşayan soydaşlarımıza da böyük təskinlik və fəxarət olar.
Biz inanırıq ki, xuduluların bu arzuları tezliklə reallaşacaq. Çünki Azərbaycan və Gürcüstan dostluq əlaqələrinin daha da möhkəmlənməsi, oradan Bakı-Tibilisi-Ceyhan neft-qaz kəməplərinin, beynəlxalq dəmir yolunun keçməsi üçün və orada yaşayn 500 mindən çox həmvətənlərimizin firavan yaşaması məqsədilə Azərbaycan hökuməti 3 milyarddan artıq pul xərcləyib. Bu böyük dostluğun müqabilində gürcülər tərəfindən Xudu Borçalının da adı yəqin ki, tezliklə əbədiləşəcək. Ömrünü xalq üçün şam kimi əridənlər, heç vaxt yaddan çıxmamalıdır. Haqq gec-tez öz yerini tapır. Bəli. Ulularını unudan, onları yaddan çıxaran, onları müdafiə etməyən xalq, özü də unudular.

 


Ağalar İDRİSOĞLU
Yazıçı-rejissor, Əməkdar İncəsənət Xadimi


 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !