Rus Dram Teatrında “Kazanova: sevgi dərsləri” tamaşasının premyerası olacaq -

Rus Dram Teatrında “Kazanova: sevgi dərsləri” tamaşasının premyerası olacaq

Aprelin 24-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “Kazanova: sevgi dərsləri” tamaşasının premyerası olacaq.

Səhnə əsəri Viktor Korkiya və Aleksandr Lavrinin pyesi əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, quruluşçu rəssamı Mustafa Mustafayevdir.

Kazanova obrazını Rus Dram Teatrının səhnəsində ilk dəfə Xalq Artisti Fəxrəddin Manafov ifa edəcək. Tamaşada Xalq Artisti Yuri Baliyev, Əməkdar Artist Firdovsi Atakişiyev, habelə aktyorlar Murad Məmmədov, Yeganə Hüseynli, Yuri Omelçenko, Yaroslav Trifonov, Rüfət Nəzərov, Boris Brodski, Olqa Arsentyeva, Tamilla Abutalıbova, Olesiya Qasımova, Fəridə Nesterenko, Maya Vorobjanskaya, Fatimə Əliyeva və Zümrüd Əliyeva çıxış edəcəklər.

Tamaşanın süjet xətti əzəli problem – atanın ağıllı, qəşəng, inadkar xarakterə malik qızına nişanlı seçimi üzərində qurulub. Tale onun qarşısına yoxsullaşmış, lakin əsilli-nəcabətli nişanlı çıxarır. Sövdələşmə baş tutandan sonra şəhərə qadın düşkünü və adamı yoldan çıxaran Don Juanın gəlməsi haqqında şayiə yayılır. Ata qızını günah iş tutmaqdan yayındırmaq üçün ona qocaman Kazanovanı sevgi dərsləri müəllimi tutur... Heç kəs hadisələrin necə cərəyan edəcəyini xəyalına gətirə bilmir.