Şəkili usta: - Bədii metal sənəti çox zəhmət tələb etdiyinə görə gənclər bu sahəyə maraq göstərmir

Şəkili usta: Bədii metal sənəti çox zəhmət tələb etdiyinə görə gənclər bu sahəyə maraq göstərmir

Azərbaycanda metalişləmə sənətinin çox qədim tarixi var. Arxeoloji qazıntılar zamanı ölkəmizin müxtəlif ərazilərindən tapılan metaldan hazırlanan məişət əşyaları, qab-qacaq, həmçinin silah və digər sənət nümunələri bunu bir daha təsdiq edir. Mütəxəssislərin bildirdiyinə görə, bu əşyaların yaşı 5 min ilə yaxındır.

Azərbaycanda digər el sənətləri kimi, bədii metal sənətkarlığı da hələ orta əsrlərdə sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycan sənətkarları həmin dövrlərdə metaldan təkcə məişət əşyaları deyil, zərif zinət əşyaları da hazırlayırdılar. XVIII əsrin əvvəllərindən başlayaraq Şəki şəhəri metalişləmə sahəsində Azərbaycanda qabaqcıl yerlərdən birini tuturdu.

Hazırda Şəkidə metalişləmə sənətini yaşadan sənətkarlardan söz düşəndə, ilk növbədə, usta Məhəmməd Məmmədovun adını çəkirlər.

AZƏRTAC-ın müxbiri bədii metal sənətinin sirlərinə yaxından bələd olmaq məqsədi ilə sənətkarın emalatxanasına baş çəkib, onu bu sənətə bağlayan tellərlə maraqlanıb.

Yaşı əllini haqlayan usta Məhəmməd 20 ilə yaxındır bu sənətlə məşğuldur. Dediyinə görə, sənətkar ailəsində doğulsa da, nəsillərində metalişləmə sənətinə maraq göstərən olmayıb. Yalnız ulu babası dəmirçilik edib, bıçaq, dəhrə, balta və digər məişət əşyaları hazırlayıb. Gənclik illərində tikinti sahəsində çalışan Məhəmməd sonralar metalişləmə sənəti ilə maraqlanmağa başlayıb. İlk olaraq şamdan düzəltməyi sınaqdan keçirib. Birinci işi uğurlu alındığından həvəslənib, metaldan yeni əşyalar düzəltməyə başlayıb, eyni zamanda, köhnəlmiş bədii metal nümunələrinin bərpası ilə məşğul olub. Nəhayət, meylini birdəfəlik bu sənətə salıb.

Onun sözlərinə görə, hazırda Şəkidə metalişləmə sənəti ilə məşğul olan usta demək olar ki, yoxdur. Bədii metal sənəti çox zəhmət tələb edən sənət növü olduğundan gənclər bu sahəyə maraq göstərmir.

Ustanın mis, gümüş, bürünc və digər əlvan metallardan hazırladığı əntiq sənət nümunələrinin çeşidi çox müxtəlifdir. Çilçıraq, qəndil, samovar, manqal, şamdan, qapı-pəncərə dəstəyi və digər əntiq bəzək əşyaları sifarişçinin zövqünə və istəyinə uyğun olaraq hazırlanır. Düzəltdiyi sənət nümunələri əntiq əşyalardan heç də fərqlənmir. Usta Məhəmməd düzəltdiyi əşyaların üzərinə işin hazırlandığı tarixi, həmçinin ad və soyadını həkk edir. Deyir ki, qoy, gələcəkdə işbazlar bu işləri əntiq əşyalar kimi baha qiymətə satmasınlar.

Şəkili usta qeyd edir ki, metal işlərin hazırlanmasında əsasən, bədii tökmə, döymə, naxışbasma kimi müxtəlif texnika və emaletmə üsullarından istifadə olunur. Tökmə üsulu zamanı əvvəlcə məmulatın eskizi, daha sonra gildən qəliblər hazırlanır. Kürədə 1200 dərəcəyədək temperaturda əridilən metal kütlə qəliblərə tökülür. Soyuduqdan sonra gələcək məmulatın formasını alır. Bu, çox əziyyətli və vaxt aparan bir prosesdir.

Şəki şəhərindəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən XVIII əsrə aid ölkə əhəmiyyətli tarixi abidə - “Şəki xanlarının evi”ndə 2012-ci ildə bərpa işlərinə başlanarkən otaqlar üçün əntiq üslubda çilçıraqların, qapı və pəncərələr üçün isə dəstək və cəftələrin (dəmir qarmaq) hazırlanması məhz usta Məhəmmədə həvalə olunub. Sənətkar bu işin öhdəsindən layiqincə gəlib. Bundan əlavə, Azərbaycan memarlığının nadir incisi – Şəki xanlarının sarayının bərpası zamanı da metal bəzək işlərinin hamısını usta Məhəmməd yerinə yetirib.

Müsahibimiz Bakının Qala kəndində yerləşən “Əntiq əşyalar” muzeyində qorunub saxlanan qədim eksponatların bərpasında da yaxından iştirak edib. Bu kolleksiyada qədim samovarlara, həmçinin enolit dövrünə aid bəzək əşyaları, məcməyilər, şərbət qabları, kuzə, çıraq, qəndil və digər sənət nümunələrinə rast gəlmək olar.

Usta Məhəmməd deyir ki, bu sənət həm də ailəsinin qazanc mənbəyidir. Düzəltdiyi metal işlərin satışından narazı deyil, ailəsini dolandıra bilir. Hər iki övladına ali təhsil verə bilib. Oğlu Baxşəli Texniki Universiteti bitirdikdən sonra cihazqayırma ixtisasına yiyələnsə də, metalişləmə sənətindən də az-çox başı çıxır. Özü sərbəst şəkildə bədii metal işini görə bilir. “Şəki xanlarının evi”ndəki 5 çilçıraqdan ikisini məhz Baxşəli düzəldib.

Bir sözlə, Şəkidə tarixən formalaşan zəngin mədəni irs bu gün usta Məhəmməd kimi sənətkarların fədakar əməyi sayəsində qorunub saxlanılır və inkişaf etdirilir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !