Şəhid hərbçi Rüstəm Əhmədov Mingəçevirdə dəfn edilib - FOTO

Şəhid hərbçi Rüstəm Əhmədov Mingəçevirdə dəfn edilib FOTO

Qoşunların təmas xəttində aprelin 14-də düşmənin növbəti təxribatının qarşısını alarkən şəhid olmuş Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Əhmədov Rüstəm Oruc oğlu Mingəçevir şəhərində dəfn edilib.

AZƏRTAC xəbər verir ki, dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Mingəçevir Şəhər İcra Hakimiyyətinin kollektivi, hüquq mühafizə orqanlarının əməkdaşları, şəhər sakinləri ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, minlərlə mingəçevirli iştirak edib.

Rüstəm Əhmədovun nəşi Mingəçevirdəki Şəhidlər xiyabanında yaylım atəşi altında torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub. Dəfn mərasimində “Qarabağ bizimdir, bizim olacaq, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib. Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.

Çıxış edənlər qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı cavab verməyə hazır olduğunu, şəhidlərimizin qanının yerdə qalmayacağını, Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun əmrini gözlədiklərini bildiriblər.

Şəhidin atası Oruc Əhmədov oğlu ilə fəxr etdiyini söyləyib, Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !