Mingəçevir və Qazaxda radikalizmə qarşı mübarizə məsələləri müzakirə olunub - FOTO

Mingəçevir və Qazaxda radikalizmə qarşı mübarizə məsələləri müzakirə olunub FOTO

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi ilə bağlı 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə davamlı olaraq tədbirlər keçirilir.
Aprelin 15-də Mingəçevir şəhəri, Mingəçevir kənd “Cümə” məscidi dini icmasının həyata keçirdiyi “Dindarların radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində Mingəçevir şəhərində “Dini radikalizm və onunla mübarizə üsulları” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Abbasov, dini icmanın sədri Yusif Yusifov, din xadimləri, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirin əvvəlində cəbhə bölgəsində baş verən son döyüşlər zamanı şəhid olmuş hərbi qulluqçularımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən Mingəçevir kənd “Cümə” məscidi dini icmasının üzvü Allahverdi Əliyev layihə çərçivəsində həyata keçirilmiş və keçiriləcək maarifləndirmə tədbirləri barədə tədbir iştirakçılarına məlumat verərək, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Abbasov çıxışında ölkəmizdəki multikultural və tolerant mühitdən, dini radikalizm və onun cəmiyyətə gətirdiyi bəlalardan danışıb.
Tədbirdə, eyni zamanda Mingəçevir kənd “Cümə” məscidi dini icmasının üzvü, ilahiyyatçı Mübariz Kərimov, Mingəçevir şəhər 17 saylı orta məktəbin müəllimi Sadəddin Cəfərov, dini ayin icraçıları Tacəddin Tağıyev və Cuma Məmmədov da çıxış edərək mövzu ilə bağlı öz fikirlərini iştirakçılarla bölüşüblər. Çıxış edən natiqlər dini radikalizmin fəsadları və onunla mübarizə üsullarından, gəncləri qeyri-ənənəvi dini cərəyanlar və dini ekstremistlərin təsirinə düşməkdən çəkindirmədə dini sahədə maarifləndirmənin rolundan bəhs ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

* * *

Aprelin 15-də digər maarifləndirmə tədbiri Qazax rayonu Daşsalahlı kəndində Daşsalahlı məscidi dini icmasının "Radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərin qorunması" layihəsi çərçivəsində "Milli-mənəvi dəyərlərmizin radikalizmə qarşı mübarizədə effektivliyi" mövzusunda keçirilib. Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Eldəniz Vəliyev, Daşsalahlı məscidi dini icmasının sədri İslam Əliyev, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri DQİDK-nın Tovuz bölgəsinin şöbə müdiri vəzifəsini icra edən Eldəniz Vəliyev açaraq vurğulayıb ki, milli-mənəvi dəyərlər hər bir xalqın özünə məxsusdur və radikal qrupların bu dəyərlərə ziyan vurmasına imkan verilməməlidir.
Daşsalahlı məscidi dini icmasının sədri İslam Əliyev bildirib ki, xalqımıza məxsus milli-mənəvi dəyərlərmiz radikal mövqeli insanlara qarşı mübarizədə mühüm təsir mexanizminə malikdir. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !