Azər HƏSRƏT: - Qarabağ ermənilərilə danışıqlar məqbuldur

Azər HƏSRƏT: Qarabağ ermənilərilə danışıqlar məqbuldur

İşğal altındakı torpaqlarımızın qurtuluşu üçün imkan yaranıb. Millət ümidlidir, həvəslidir və şəhid verməkdən də əsla çəkinmir. Uzun illərdir atəşkəs olsa da Azərbaycan xalqının döyüş ruhu nəinki öləziməyib, əksinə, daha da kamilləşib, qətiləşib. Bu da təsadüfi deyil. Çünki indi öz ayaqları üstündə möhkəm dayanan dövlətimiz, onun da nizami ordusu var. Yəni 25 il öncənin Azərbaycanı deyil indiki Azərbaycan.

Aprelin 2-də başlayıb qısa müddət ərzində düşmənin gözləmədiyi Azərbaycan ordusunun qələbələrilə ara verilən savaş bizim indi üstün durumda olduğumuzu rəsmən təsdiqləmiş oldu. Təbii ki, belə bir şəraitdə atəşkəsə razılaşıb düşmənlə üstün tərəf kimi danışıqlar masası arxasında oturmaq başa düşülən və qəbul ediləndir.

Danışıqlar masasına otururuqsa, hansı şərtləri özümüz üçün də məqbul saya bilərik? İndiki halda Azərbaycan cəmiyyətini ən çox məşğul edən bu sualdır. Elə isə, mümkün seçənəklərə baxaq.

Bu vaxtadək Azərbaycanın məqbul saydığı əsas seçənək ilkin mərhələdə Dağlıq Qarabağ dışında, Ermənistanın işğalı altında olan bütün torpaqların – konkret olaraq, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və Tərtər rayonlarının bütün ərazilərinin azad edilməsidir.

Ardından da bəlli bir vaxt kəsimində Dağlıq Qarabağın Azərbaycanın tərkibində statusunun birdəfəlik həll edilməsi seçənəyi gəlir.

Yəni dünyada gedən prosesləri, ümumi geosiyasi gerçəklikləri nəzərə alsaq, həm bizim üçün, həm də işğalçı Ermənistan üçün ən uyğun seçənək də elə budur. Problemin tam həlli bir qədər uzana bilər, amma hər iki tərəf ciddi itkilərdən sığortalanmış olar.

Təbii ki, Ermənistan hər zamankı kimi cığallıq edir və gündə bir fikirlə ortaya çıxır. Bunlardan biri də onların tez-tez dilə gətirdiyi Dağlıq Qarabağ “rəhbərliyinin” danışıqlara cəlb edilməsidir. Şəxsən mən bu təklifə qarşı deyiləm. Səbəbini də izah edirəm.

Dağlıq Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır. Onlar bölücülük ediblər, Ermənistan və onun havadarlarının oyununa gəliblər, öz dövlətlərinə – Azərbaycana qarşı silah qaldırıblar. Dövlət də bir qayda olaraq bağışlamağı bacardığı üçün Azərbaycan onları bağışlaya bilər. Əgər ölkəmizin qanunlarına tabe olmağa hazırdırlarsa. Danışıqlarda da iştiraklarını qəbul edə bilərik. Amma burada bir əmma olmasaydı.

Ermənistan uzun illərdir iddia edir ki, onun Azərbaycanla heç bir işi yoxdur, münaqişə tərəfi Dağlıq Qarabağdır. Elədir? Elədirsə, onda Ermənistan ordusu tam olaraq Azərbaycan torpaqlarını tərk etsin, Dağlıq Qarabağ ermənilərini də Azərbaycan dövləti münaqişə tərəfi kimi qəbul etsin. Və danışıqlar masası arxasında Ermənistanla deyil, Dağlıq Qarabağın erməni icmasıyla otursun.

Əgər Ermənistan ortadan çəkilərsə, öz işğalçı qoşunlarını Azərbaycan torpaqlarından çıxararsa, bizim Dağlıq Qarabağdakı erməni vətəndaşlarımızla dil tapmağımız heç də çətin olan deyil. Ona görə də indiki şəraitdə bu təklifi məhz bu kontekstdən dəyərləndirmək olar. Ermənistan buyursun, ortalıqdan çəkilsin ki, guya qayğısına qaldığını iddia etdiyi Qarabağ erməniləri də rahatlıq tapsın.

Əgər indiki şəraitdə Azərbaycan Dağlıq Qarabağ ermənilərilə tək başına, heç bir vasitəçi olmadan danışıqlar apararsa, heç kim şübhə etməsin ki, bir neçə ildən sonra bütün Dağlıq Qarabağ ərazisi ən inkişaf etmiş iqtisadi zonaya çevriləcək. Bu isə orada yaşayan ermənilərin rifah halının sürətlə yüksəlməsi deməkdir. Halbuki indi onlar hər saniyəni səksəkə içində, can hayında yaşamaqla özlərinə zülm edirlər. Dəyərmi buna? Ermənilərin düşünməsi lazımdır bunu.

Yanlış anlaşılmasın deyə, təkrar edirəm ki, yalnız Ermənistan işğal etdiyi torpaqlarımızdan çəkilib getdiyi və münaqişə tərəfi olmaqdan çıxdığı halda biz Dağlıq Qarabağ ermənilərini tərəf kimi qəbul etməkdən çəkinməməliyik. Ona qədərsə Azərbaycan haqlı olaraq münaqişə tərəfi kimi yalnız Ermənistanı tanımağa davam etməli, döyüşü də ona qarşı aparmalıdır. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !