Şəkili sənətkar Rəhman Yunusovun sehrli sənət dünyasına qısa səyahət - FOTO+VİDEO

Şəkili sənətkar Rəhman Yunusovun sehrli sənət dünyasına qısa səyahət FOTO+VİDEO

Azərbaycanda, eləcə də bütün Qafqazda sənətkarlar diyarı kimi məşhur olan Şəkidə geniş yayılan qədim xalq sənəti növlərindən biri də bədii tikmədir. Tikmə sənəti əsrlər boyu qadınların sevimli məşğuliyyət sahəsi olsa da, bu sənət xırda əmtəə istehsalı səviyyəsinə yüksələndən sonra onunla kişilər də məşğul olmağa başlayıb. Haqqında söhbət açacağımız şəkili sənətkar, ikinci qrup əlil Rəhman Yunusovu Şəkidə bədii tikmə sənətinin xovlu tikmə növü ilə məşğul olan yeganə kişi sənətkar kimi tanıyırlar. O, 15 ildir ki, bədii tikmənin bu növü ilə məşğul olur. Xovlu tikməni qədimdə məxmərtel tikmə də adlandırırdılar.

AZƏRTAC-ın müxbiri Şəki şəhərindəki “Sənətkarlar evi”ndə Rəhman Yunusovun emalatxanasında olub, onu bu sənətə bağlayan tellərlə maraqlanıb.

Taleyinə anadangəlmə əlillik payı düşən Rəhman erkən yaşlarında əvvəlcə atasını, sonralar isə anasını itirib. O, uşaqlıqdan fəal şəkildə cəmiyyətə inteqrasiya olunmağa çalışıb, gələcək yaşayışını, dolanışığını özü təmin etməyi, heç kəsdən kömək ummamağı qarşısına məqsəd qoyub. Elə bu həvəslə də 2001-ci ildə Dünya Bankı tərəfindən maliyyələşdirilən “Böyüklər və uşaqlar üçün xalq yaradıcılığı, biçmə-tikmə kursları” adlı layihə çərçivəsində Əlillərin Dizayn Assosiasiyası tərəfindən Şəki şəhərində təşkil edilən xalçaçılıq kursuna yazılıb, bədii tikmə sənətinin incəlikləri barədə ilkin vərdişlərə yiyələnib. Assosiasiyanın Şəkidəki mərkəzinin üzvü olan Rəhman Yunusov burada Əməkdar Rəssam Qüdrət Məmmədovdan rəssamlığın, tanınmış sənətkar Güləndam xanımdan isə bədii tikmə sənətinin sirlərini öyrənib. Daim öz üzərində çalışan Rəhman az müddət sonra Şəkidə xovlu tikmənin mahir ustalarından biri kimi tanınmağa başlayıb.

Bu sənətin özəllikləri, işləmə texnikası barədə məlumat verən müsahibimiz bildirib ki, xovlu tikmə ağ, kətan parçanın tərs üzündən xüsusi iynə və pambıq saplarla işlənilir. Əvvəlcə parçanın arxa tərəfində mövzuya uyğun eskiz çəkilir və elə arxa tərəfindən də tikilir. Sonra artıq saplar qayçı ilə kəsilir. Xovlu tikmə ilə hazırlanan əl işləri uzaqdan baxanda sanki rəsm əsərinə bənzəyir. Yalnız yaxından baxanda, əllə toxunanda əmin olursan ki, bu, bir tikmə nümunəsidir.

Anadangəlmə nitq problemi olan, insanlarla ünsiyyətdən qaçan Rəhman Yunusovun çox sehrli sənət dünyası var. Sənətkar öz əsərlərində sanki ürək sözlərini, duyğularını, deyə bilmədiklərini əks etdirməyə çalışır. Doğulduğu diyarın təbiət mənzərələri, qədim yaşayış məhəllələri, tarixi binalar, daş döşənmiş küçələr, qırmızı kirəmitli evlər, eyvanlar, həmçinin Şəki xanlarının sarayı, Yuxarı və Aşağı karvansaraylar, məscidlər, minarələr, körpülər və digər qədim tarixi abidələr Rəhmanın əsərlərinin əsas mövzusunu, süjetini təşkil edir.

Bu sənət Rəhman Yunusovun həm də dolanışığını təmin edir. Özünün də qeyd etdiyi kimi, heç kəsə möhtac deyil, qabiliyyəti ilə, əlinin zəhməti ilə dolanır. Əl işlərinin qiyməti ölçülərinə görə 50-60 manatdan 1000-1500 manatadək dəyişir. Böyük həcmli işlər 8-9 aya, orta həcmli işlər isə 4 aya ərsəyə gəlir. Kiçik ölçülü işlərin hazırlanmasına 1 ayadək vaxt sərf olunur. Xarici turistlər daha çox Şəki xanlarının sarayının, alban məbədinin, karvansarayların əks olunduğu kiçik ölçülü işlərə maraq göstərir, həvəslə alırlar. Çünki belə əsərləri öz ölkələrinə aparmaq daha asan olur.

Rəhman Yunusovun əl işləri dəfələrlə respublika və beynəlxalq səviyyəli sərgilərdə nümayiş etdirilib, diplomlara layiq görülüb. O, eyni zamanda, 3 dəfə Bakı şəhərində təşkil olunan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin iştirakçısı olub. Rəhman Yunusov 2009-cu ildə Əlillərin VII Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsinin qalibi adını qazanıb, 1-ci dərəcəli diplomla mükafatlandırılıb. Sənətkarın xovlu tikmə nümunələri ötən ilin noyabrında Fransanın Kolmar şəhərində Azərbaycan günləri çərçivəsində təşkil olunan sərgidə də nümayiş etdirilib və iştirakçılar tərəfindən maraqla qarşılanıb.

35 yaşına qədəm qoyan Rəhman Yunusov hazırda sevdiyi sənətdən bir an belə olsa ayrılmır, yaradıcılığını inkişaf etdirmək üçün daim çalışır, axtarır, yeniliklərə can atır. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !