Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisi strategiyasını genişləndirir -

Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisi strategiyasını genişləndirir

Bu gün Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisinin idarə heyətinin növbəti iclası keçirilmişdir.
İclasın gündəliyinə Ofisin 2016-cı ilin ilk rübündə gördüyü işlərin hesabatlılığı, gələcək planlar, yay mövsümündə görülməsi nəzərdə tutulan layihələrin icrası, bir sıra klubların yaradılması və digər məsələlər daxil edilmişdir.
İdarə heyətinə sədrlik edən Ofisin direktoru Tural Kərimov iclası giriş sözü ilə açaraq, 2016-cı ilin ilk rübündə görülmüş işlər və qazanılmış uğurlar barədə məlumat vermişdir. Bildirmişdir ki, Mərkəzdə təşkil edilmiş müxtəlif təlim və seminarlarda 860 nəfər, peşəyönümlü kurslarda 340 nəfər, klubların fəaliyyətində 180 nəfər iştirak etmiş, 150 nəfər məsləhət xidmətlərindən, 370 nəfər kitabxana xidmətində yararlanmış, çoxlu sayda istedadlı gəncin iştirak etdiyi 3 sərgi və 1 festival təşkil olunmuşdur. Göstərilənlərlə yanaşı gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində 1 maarifləndirici aksiya, 2 idman yarışı təşkil olunmuş, habelə gənclərin asudə vaxtının səmərəli təşkili və intellektual səviyyələrinin artırılması məqsədilə yarış və müsabiqələr keçirilmişdir.
Ofisin idarə heyətini üzvləri də çıxış edərək, gənclərin maraq dairəsində olan və gələcəkdə Mərkəzin həyata keçirə biləcəyi bir sıra işlər barədə fikirlərini bölüşmüş, maraq doğuran məsələləri müzakirə etmişlər.
T.Kərimov Mərkəzin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Region gənclərinin inkişafına dəstək” adlı layihəsinin icrası ilə əlaqədar digər regionlarla yanaşı, Mingəçevir şəhərində görüləcək bir sıra fəaliyyətlər barədə təqdimat edərək, əməkdaşlar arasında vəzifə bölgüsünü aparmışdır.
Daha sonra Ofisin növbəti rüb üçün iş planı təsdiq olunmuş, eyni zamanda gənclərdən daxil olan çoxsaylı müraciətlərə əsasən yay mövsümündə Ofisin fasiləsiz fəaliyyət göstərilməsi barədə qərar qəbul edilmişdir.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !