Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi Beynəlxalq Muzeylər Günü ilə əlaqədar sərgi təşkil edəcək -

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi Beynəlxalq Muzeylər Günü ilə əlaqədar sərgi təşkil edəcək

Hər il mayın 18-i tarixini dünya mədəni ictimaiyyəti Beynəlxalq Muzeylər Günü kimi qeyd edir. 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının XI konfransında təsis olunmuş bu peşə günü 1978-ci ildən etibarən vahid deviz altında 150-dən çox ölkədə keçirilir.

2016-cı ilin devizi “Muzeylər və mədəniyyət landşaftları”dır. Landşaftların müxtəlif növləri vardır: real, intellektual, xəyali, virtual, təbii, şəhər, kənd, müasir, arxeoloji və tarixi. Bu gün mədəni irsin qorunması və inkişafı ətraf mühitin landşaftı ilə sıx təmasdadır. Bu landşaftların Azərbaycanda qorunması üçün yaradılmış muzeylər regionun mədəni irsini qoruyur və onun inkişafına kömək edir.

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi respublikanın aparıcı muzeylərindən biri kimi bu il də Beynəlxalq Muzeylər Günü ilə əlaqədar keçiriləcək tədbirlərə qoşularaq mayın 18-də teatr rəssamlarının fondda qorunan əsərlərindən ibarət sərgi təşkil edəcək. Sərgidə Əzim Əzimzadə, Kazım Kazımzadə, İzzət Seyidova, Mikayıl Abdullayev, İsmayıl Axundov, Ənvər Almaszadə, Fyodor Qusak, İsmayıl Məmmədov, Nazim Bəykişiyev kimi rəssamların müxtəlif tamaşalara çəkdikləri geyim və dekorasiya eskizləri sərgilənəcək. Sərgiyə giriş sərbəstdir.

Eyni zamanda 18-22 may tarixləri muzeydə “Açıq qapı” günü elan olunacaq. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !