Roberto Rossellini. Neorealizmə sədaqət -

Roberto Rossellini. Neorealizmə sədaqət

Romada atasının memar kimi layihələrini verdiyi “Korso”, “Barberini” kinoteatrlarında filmlərə pulsuz baxa-baxa böyüyən, Ali texniki məktəb bitirsə də, yarış avtomaşınlarına, aeroplanlarına maraq göstərən, kabare müğənnisi Lilian Kostanola, aktrisa Asya Norislə sevgi macəralarında aldığı əsəb sarsıntılarına görə ruhi xəstəxanada müalicə alan Roberto Rossellininin (1906-1977) kinematoqrafa gəlişi təbii sayıldı. Benito Mussolininin kino tənqidçisi-rejissor oğlu Vittorio ilə dostluğu sayəsində “Bəyaz gəmi” (1941), “Təyyarəçi qayıdır” (1942) “Xaçlı adam” kimi bədii-oyun filmlərini çəkən Roberto Rosselininin (1906-1977) hərbi-siyasi məzmunlu sənədli təbliğat kinojurnalları da hazırlaması qaçılmaz idi.


***


Gizlində əl kinokamerası ilə antifaşist reportajlar hazırladığı üzə çıxan Roberto Rosselininin müqavimət hərəkatının üzvü Alberto Konsilionun hekayəsi əsasında quruluş verdiyi, sosial tarixi konteksti önə çəkən neorealizim cərəyanının ilk qaranquşu sayılan “Roma açıq şəhərdir” (Roma əbədidir) filmi (ssenari müəllifi Serco Amidei, Federiko Fellini, Roberto Rosselini. 1945) diktatura rejiminin devrildiyi, Mussolininin həbs olunduğu, alman faşıstlərinin ölkəni işğal etdiyi dövrlə bağlı (1943) hadisələri əks etdirir. Faşistlərin axtardığı müqavimət hərəkatının lideri, mühəndis Corco Manfredinin (Marçello Palyero) dama gedən yolla aradan çıxması ilkin hadisəni üzə çıxardır. Corco Manfredinin dostu, müqavimət hərəkatının üzvü, çapçı Françeskonun (Françesko Qranjaken) sevdiyi, dul qadın Pina ilə nigahının kəsilməsinin alman zabitindənsə keşiş don Pietroya (Aldo Fabritsi) həvalə olunması yeni bir personajı da struktura qoşur. Artıq Françeskodan hamilə qalan Pinanın (Anna Manyani) əvvəlki ərindən olan 9 yaşlı oğlu Marçellonun (Vito Annikyariko) dostları ilə faşistlərin yanacaq sisternini məhv etmələri, qoca qarının belə axtarılan mühəndis Corco Manfredinin qaçmasına şərait yaratması müqavimət hərəkatına rəğbətin faşizmə nifrətin miqyasını göstərir. Romanın analıq simvolunun ləyaqətini uğurla göstərən siyasətdən uzaq olsa da müharibənin qurbanına çevrilən yeganə ümidi saydığı Françeskonun itirilməsinə dözməyən qaynar ehtiraslı Pinanın faşistlər tərəfindən güllələnməsi epizodu filmin mənəviyyatın qələbəsinə çağıran ideya istiqamətinin tənzimlənməsində müstəsna əhəmiyyət daşıyır.
Digər tərəfdən Corco Manfredinin durub oturduğu, uyuşdurucu aludəçisinə çevrilən Marinanın (Mariya Mikki) bir şubaya görə sevgilisini satması, günahını anlamaqla dünyasını dəyişməsi mənəviyyatsız həyatın puçluğunu üzə çıxarır. Əlbəttə ki, filmin əsas qayəsi İtaliyanın faşizmin vətəni almanların müttəfiqi olmadığını sübuta yetirmək olsa da, müqavimət hərəkatının insani münasibətlərinin önə çəkilməsi mövzunun bədii səviyyəsini yüksəldə bilir. Siyasiləşmiş yerli polisin xidmətinə güvənən gestaponun müqavimət hərəkatı üzvlərini cəzalandırmasının birbaşa ekrana gəlişi naturalizmi artırsa da insani münasibətlərin önə keçməsi mövzu həllini qabardır. Keşiş don Petronun (Aldo Fabritsi) müqavimət hərakatına qoşulması şərə qarşı mübarizəni mənəvi baxımdan zənginləşdirir. Gestapo mayoru Berqmanın (Harri Fist) məşuqəsi İnqridin (Covanna Qalletti) şuba bağışlamaqla ələ aldığı rəqqasə Marinanın məşuqu Corco Manfredini satması təklif olunan vəziyyəti dəyişir. Gestapoçuların Corco Manfredi ilə Keşiş don Petronun avstriyalı Fərari (Akoş Tolnai) həbs etmələri xeyir-şər qarşıdurmasını kəskinləşdirir. Mayor Berqmanın keşiş Don Petronun gözü qarşısında amansız cəza verdiyi Corco Manfredinun məslək dostlarını satmaması ideyası uğrunda ölümə gedən xarakteri canlandırır. Aldığı yaralardan dünyasını dəyişsə də, müqavimət hərəkatı üzvlərindən bir kimsəni ələ verməyən Corco Manfredinun vətənpərvərliyi mənəviyyatın qələbəsinə çevrilir. Əlbbəttə ki, məğlubiyyətin qaçılmazlığını bilən digər gestapo mayoru Xartmanın (Yoop Van Xyulzen) “başqa xalqların azad yaşamaq istəyini anlamayan almanların məhvə məhkumluğunu” dilə gətirməsi bədii emal prosesi keçmədiyindən müəllif mövqeyini bayağı, açıq şəkildə üzə çıxarır. Finalda alman faşistlərinin açıq havada keşiş Don Petronun güllələnməsini barmaqlıqlar arxasından ümüdsizliklə seyr edən azyaşlı Marçello ilə dostlarının uzaqda görünməklə amerikalılar üçün açıq olduğu tarixdən bəlli olan Roma şəhərinə üz tutmaları filmin adını gündəmə gətirir.
Dünyanın mədəniyyət mərkəzlərindən biri sayılan Romanın faşizmdən azad olunması ərəfəsini (04.06.1944) göstərən real hadisələrin cəmi bir neçə aktyorun iştirakı ilə canlandırılması, çəkilişlərin studiyalarda aparılmaması ekranda neorealizmə xas sənədlilik, humanist dəyərlərə söykənən müəllif yozumu isə bədiilik faktorunu qabardır.
“İtaliyanın müqavimət hərəkatı haqqında ilk poetik sənəd ölkəmizin müasir mərhələsində sadə, xırda insanların; uşaqların, qadınların qəhrəmana çevrilməsinin gerçəkliyini sanki canlanan təsvirdə göstərən “Roma açıq şəhərdir” filmi oldu” yazan kinoşünas Karlo Lidzaninin: ““Roma açıq şəhərdir”in gücü məhz sanki qaynaqla birləşdirilən insan kollektivinin təsvirində oldu” qənaəti ekran əsərində ictimai fikrin qələbəsini təcəssüm etdirir.

Kino tənqidçisi Andrey Bazen: “Roma açıq şəhərdir” dünya kinematoqrafını yüksək səviyyəli aktyor oyunu ilə zənginləşdirdi. Unudulmaz hamilə qadın Anna Manyani; keşiş Fabritsi; müqavimət hərakatının iştirakçısı Palyero və digərləri bizim qəlbimizdəki əvvəlki illərdə yaranan maraqlı obrazları yaddaşlarda canlandırdı” qənaəti strukturdakı personajların həlledici qüvvəyə malik olduqlarını vurğuladı.
“Roma açıq şəhərdir” filminin Beynəlxalq Kann kinofestivalında münsiflər heyətinin və ABŞ kino tənqidçiləri şurasının mükafatlarına layiq görülməsi Vittorio De Sikanın sənətkarlığını belə üstələyən vətənpərvərliyinin təsdiqinə çevrildi. Çezare Dzavattininin “Həyat gündəlikləri və kino” kitabındakı: “Rossellini indi artıq İtaliyada qeyri məşhurdur. Halbuki o ölkənin son əlli il ərzində daha çox borclu qaldığı adamlardan biridir. Beş-altı həftə əvvəl bir banketdə deputat Bruzaska söylədi ki: 1946-ci ildə Paris konfransında olarkən “Roma açıq şəhərdir” filmi bizim diplomatlara daha çox xeyir gətirdi” kimi faktlara söykənən fikirləri kinematoqrafın dünyanın düzəninə birbaşa təsirini göstərən peşəkarın dəyərləndirməsidir.

 

***


Uzun sürən fasilədən sonra yenidən hərbi mövzuya qayıdan Roberto Rossellininin jurnalist, tarixçi İndro Montanellinin “General Della Rovere” povesti əsasında quruluş verdiyi eyniadlı filmi (ssenari müəllifi Serco Amidei, Dieqo Fabbri. 1959) neorealizim cərəyanının son uğurlu nümunəsi sayıldı. İkinci dünya müharibəsi dövründə Genuya şəhərində özünü polkovnik Qrimaldi kimi etməklə, alman faşistlərinin həbs etdikləri müqavimət hərəkatı üzvlərinin qohumlarından, ailələrindən aldığı pulla dolanan qumarbaz, fırıldaqçı Vittorio Emanuele Bardone (Vittorio De Sika) əsas personaja çevrilir. Boy-buxunu, səliqə-sahmanı, geyim keçimi ilə seçilən bu personajın ilk epizodlardan tamaşaçı rəğbəti qazanması nəzərdən qaçmır. Üstəlik, səhər kimsəsiz küçədə avtomaşınlarının təkəri buraxan faşist əsgərlərinin silahla durdurduğu, şəhərin alman komendantı, polkovniki Müllerə (Xannes Messemer) özünü mühəndis kimi təqdim edən Vittorio özünün dərin düşüncəsini, məntiqini də nümayiş etdirə bilir. Vəkil Bargezionun almanların həbs etdiyi oğlunun azadlığı üçün verdiyi məbləği qumarda uduzan Vittorionun pul qoparmaq istəyi xanımına, aktrisa Valeriyaya (Sandra Milo) “Şərq yaqutu” adı ilə bağışladığı üzüyün də saxtalığının üzə çıxması bu personajın fırıldaqçılığının hüdudsuzluğunu göstərir. Vəkil Bargezionun oğlunun xilası müqabilində Vittorionun saxta üzüyü komendaturadakı rüşvətxor alman zabitinə sırıya bilməməsi faşizmin yaratdığı əcaib mühiti səciyyələndirir. Qaynanası ilə komendaturaya gələn xanım Kyara Fassioya (Anne Vernon) kommunist əri Migeli həbsxanadan rüşvət hesabına çıxara biləcəyini guya ölkəsinə xidmət etdiyini bildirən saxta ordenlərini göstərməklə özünü polkovnik Qrimaldi kimi edən Vittorionun fırıldaqçılığı daim gündəmdə saxlanılır. Vittorionun fırıldağının qurbanı, evini girov qoyub aldığı pulu rüşvət verməklə oğlunu xilas etmək istəyən qocaya, müxtəlif yaşlı qadınlara sata bilmədiyi saxta üzük mənəviyyatsızlığın simvoluna çevrilir. Bununla belə fahişəxanada tapdığı keçmiş sevgilisi Olqanın (Covanna Ralli) rəfiqələrinə təklif olunan üzüyün saxtalığını bilsə də həmən imzaladığı çeki cırıb parçalayan Vittorio Emanuele Bardonenin insani duyğulardan tam məhrum olmadığını göstərir.
Şəhərin havadan bombalanması fonunda dənizdə görünən hərbi gəmidən rezin qayıqla sahilə çıxan, müqavimət hərəkatının lideri Fabritsio ilə görüşüb partizan hərəkatı yaratmalı olan antifaşist general Della Roverenin alman patrulları tərəfindən güllələnməsi filmin ideya istiqamətini nizamlayır. Polkovniki Müllerin (Xannes Messemer) general Della Roverenin diri tutulmasına təəssüflənməsi, bombalardan dağılan binalardan cəsədlərin çıxarılması ilə zəng etdiyi xanım Kyara Fassioyadan yüksək məbləğ alan Vittorionun fırıldaqçılığının davamı süjet fabula əlaqəsini möhkəmləndirir. Polkovniki Müllerin (Xannes Messemer) əmri ilə tutulub gənc xanımı Valeriya başda olmaqla çoxsaylı şahidlərin üzünə durduğu fırıldaqçının həbsxanaya güllələnən general Della Rovere kimi göndərilməsi əsas hadisəni nizamlayır. Siyasi dustaqlar arasından gizli təşkilat üzvlərinin üzə çıxarılmasına yardım göstərməli olan Vittorio Emanuele Bardonenin təkadamlıq kameradakı çarpayısını quraşdırmağa gələn çapçı Aristid Bankelliyə (Vittorio Kaprioli) özünü general Della Rovere kimi təqdim etməsi ilə bu xəbərin dustaqlar arasında yayılması təklif olunan vəziyyəti yeniləşdirir. Faşistlərin məhv etdiyi müqavimət hərəkatı üzvlərinin kameranın divarına yazdıqları son cümlələrin Vittorio Emanuele Bardonenin daxilində yaratdığı təbəddülat nəzərdən qaçmır. Vaxtilə Afrikada general Della Roverenin teleqrafçısı olmuş Migeluçinin qardaşının və digər iki zabitin də həbsxanada olduğunun üzə çıxması dramaturji ziddiyyəti artırır. Amerika ordusunun gəlişini gözləyən siyasi dustaqların əqidələrindən dönməzliyi fonunda hamını ruhdan düşməməyə çağıran Vittorio Emanuele Bardoneni general rolunun öhdəsindən gələn aktyor kimi qəbul edən tamaşaçı onun ifşa olunacağını gözləyir. Qarlı bir gündə bombalardan dağılan binanın xarabalıqlarında görüşən gizli təşkilat üzvlərinin general Della Roverenin həbsi ilə bərabər müqavimət hərəkatının lideri Fabritsionun da tutulduğunu bildirmələri süjeti yeniləşdirir. Polkovnik Müllerin yeni gətirilən doqquz nəfər arasındakı Fabritsionun tapılmasını tələb etdiyi Vittorio Emanuele Bardonenin tərəddüdləri onun daxilində yaranan müqaviməti səciyyələndirir. Şəhəri təyyarələrin bombalanması ilə sevincdən hayqıran siyasi dustaqları sakitləşdirmək istəyi ilə partlayışlardan pəncərələri işıqlanan dəhlizə çıxan “general Della Roverenin” müraciəti qlobal dünyanın faşizm probleminin həllinin yaxınlaşdığını filmin strukturunda obrazlı şəkildə göstərir. General Della Rovere ilə görüşmək üçün İsveçrədən qeyri-qanuni şəkildə ölkəsinə gələn əsl-nəcabətli xanımını yalandan uydurulan xoş sözlərlə yola salan polkovnik Müller satqınlıqdan imtina edən çapçı Aristid Bankellini amansızlıqla cəzalandırılaraq intihara vadar etməsi ilə özünün yırtıcı simasını nümayiş etdirir. Satqınlığı qəbul etmədiyinə görə “general Della Roverenin” də eyni amansızlıqla cəzalandırılmasına dözməyən dustaqların hamılıqla alüminium qabları dəmir barmaqlıqlara döyəcləməklə üsyanı yalanla gerçəkliyi birləşdirir. Ağır vəziyyətdəki Vittorio Emanuele Bardonenin indi rolunu oynadığı general Della Roverenin azyaşlı oğlanları ilə fotoşəklini də göndərən xanımının məktubunun sətirlərini dinləməsi vətənpərvərlik hissini oyatmaqla filmin ideya istiqamətini səciyyələndirir. Finalda güllələnmədən əvvəl yaxınlaşdığı Fabritsionu satmayan Vittorio Emanuele Bardonenin ölkəsi uğrunda ölümü şərəflə qəbul etməsi vətənpərvərliyin təntənəsinə çevrilir.
Professor Yuri Lotmanın “Kinonun semiotikası və kinoestetikanın problemləri kitabındakı: ““General Della Rovere”ni oynayan Bardone əclafdır. O, gestaponun xırda məmurları ilə əməkdaşlıq edən, onların qurbanlarından pul qoparan kollaboranta; alverçiyə, qumarbaza, oğraşa çevrilməklə sanki həyatın dibinə yuvarlanan adamdır. Bu yuvarlanmanın son pilləsində tamaşaçını ekrandan üz döndərməyə qoymayan bir məqam vardır. Personaj cazibədardır (biz bunu əvvəldən daxili bir heyrətlə, müqavimətlə duyuq). O istedadlıdır, bədiidir, zahirən nəcabətlidir (bir sözlə şulerlərə-qumar fırıldaqçılarına məxsus nəcabətliliyi nəzərdən qaçmır)” mülahizələri ssenarinin mükəmməlliyi ilə yanaşı quruluşçu rejissorun aktyor seçimindəki uğurunun və əlbəttə ki, Vittorio De Sikanın peşəkar oyununun dəyərləndirilməsidir. “Həbsxanada Berdone hətta düşmənin belə hörmətlə yanaşdığı zadəgan, peşəkar hərbçi, vətənpərvər və qəhrəman rolundadır. Qarşımızdakı qəhrəman rolunu oynayan əclafdır. Əgər məsələ bu cür bitsəydi, bu adamları olduqları kimi qavrayan əks qütbdəki Müllerin və gənc Fassionun qənaəti bəraət qazansa da, filmin bütün ikinci hissəsi tamaşaçıya artıq görünərdi. Bununla belə gözlənilənlərə rəğmən əhvalat başqa istiqamətə yönəlir. Berdonenin sonrakı taleyi – özünün xırda fırıldaqçı (əlbəttə ki, aktyorun müəyyən dərəcədə qəlbində sadəlövhlük qığılcımını uşaq kimi qoruması və istedadı) taleyi ilə qəbul etdiyi rol arasındakı mübarizədir. Cəhənnəmin mərhələlərini, bombalanmanı, ölüm gözləntisini keçərək keyfiyyət dəyişkənliyinə uğramaqla o, maskasının mahiyyətinə vararaq General Della Rovereya çevrilə bilir” qənaətləri ustad alimin dəqiq müşahidəsidir. 20-ci Beynəlxalq Venesiya kinofestivalında “General Della Rovere” filminin “Qızıl şir” mükafatına layiq görülməsi quruluşçu rejissor Roberto Rossellini ilə baş rolun ifaçısı Vittorio De Sika ilə iş birliyi hesabına gerçəkləşən ekran əsərinin vətənpərvərlik mövzusundakı örnəyə çevrilməsini təsdiqlədi.


***


Ötən əsrin 50-ci illərinin sonlarından yaradıcılığını Hindistanda reallaşan sənədli filmlər layihəsinə həsr edən Roberto Rossellininin düzənlədiyi mətbuat konfransında öldüyünü bəyan etdiyi kinodan uzaqlaşmaqla yalnız televiziyada çalışacağını bildirməsi əslində hər bir sənətkarın yalnız bir ictimai üslubda – cərəyanda fəaliyyətinin məntiqliliyini sübuta yetirir. Çezare Dzavattininin “Həyat gündəlikləri və kino” kitabındakı: “Rosssellini anarxist olsa belə bilmir ki, ona siçan bicliyi həyatda hərəkət etməsinə” çətinliklər törədir. Ona istedadı və bir azacıq təmkin kifayət idi” qənaəti isə sənətkarın siyasiləşməsinin acı nəticələrini açıq şəkildə bildirir. Bununla belə yaradıcılığında sadiq qaldığı neorealizm cərəyanında az büdcə ilə yüksək bədii səviyyə əldə etməyin mümkünlüyünü filmlərində təsdiqləyən Roberto Rossellininin tarixi mövzulu silsilə verilişləri televiziyanın maarifçilik funksiyasını zənginləşdirdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !