Rəssam Vüqar Muradovun Rənglərin formulu adlı fərdi sərgisi keçiriləcək -

Rəssam Vüqar Muradovun “Rənglərin formulu” adlı fərdi sərgisi keçiriləcək

03 iyun 2016-cı il tarixində saat 17:30-da Azərbaycan Muzey Mərkəzində (IV mərtəbə) Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə rəssam Vüqar Muradovun “Rənglərin formulu” adlı fərdi sərgisi keçiriləcək. Sərgidə müəllifin 80-ə yaxın rəngkarlıq və qrafika əsərləri nümayiş olunacaqdır.

V.Muradov özünün yaradıcılıq yolunun təkamülü boyu hissi işarənin incə vizual strategiyasını işləyib-hazırlayır ki, bu da istedadlı və bənzərsiz rəssamın əsərlərində dərin bir hissin simvoluna çevrilərək hər bir həssas tamaşaçının qəlbinə asanlıqla yol tapır. Ölkəmizdə müxtəlif təbəqələr arasında V.Muradovun rəsm əsərlərinin populyarlığını məhz bu xüsusiyyəti ilə izah etmək olar. Əslində, nəinki bizim ölkəmizdə - Azərbaycanlı rəssamın bir çox sənət əsərlərini xarici ölkələrin nümayəndələri də böyük məmnuniyyətlə əldə edir: rəssamın yaradıcılıq irsinin böyük hissəsi hazırda Azərbaycandan kənarda, sənətsevərlərin fərdi kolleksiyalarında yer almışdır.

V.Muradovun yaradıcılığının əsas xarakterik xüsusiyyəti onun müstəvi, ornamental və işarəvi vizual təsvir ənənələrinə sadiq qalmasıdır: öz yaradıcılığı çərçivəsində rəssam əşyanın öz fərdi işarə-simvoluna çevrilmə dinamikasını müşahidə edir. Rəsm əsərinin süjeti və onun ideya (hekayət) məzmunu rəssamın diqqətini çox da cəlb etmir. Onu kətan müstəvisi üzərində mövzunun formal izahı, seyrçi üçün tanış üçölçülü təsvirin ikiölçülü işarəvi obraz-ideyaya çevrilməsi maraqlandırır.

Hal-hazırda rəsm müstəvisi və işarəvi təsvirlə bağlı bu ənənəni V.Muradov da daxil olmaqla, müasir Azərbaycan incəsənətinin bir sıra parlaq ustaları davam etdirir. Lakin bir prinsipial mülahizəni qeyd etmək vacib olardı. Biz ənənə haqqında danışarkən söhbətin ya dekorativ-tətbiqi incəsənət (xalçaçılıq, keramika, naxış basma), yaxud da qrafika (Təbriz miniatür məktəbi) haqqında getməsini nəzərə almalıyıq.

Lakin incəsənətin bir növü kimi, rəsm sənətinin öz spesifik xüsusiyyəti də var – boya qatı ilə örtülmüş, daha dəqiq desək isə, yaxmalarla işlənmiş və özündə “canlı fırçaların” izini saxlamış kətan səthi. Rəsm sənətində işarəvi-simvolik üsulun tətbiqi kətanı konseptual əsərin quru və mücərrəd səthinə çevrilməsi və yaxud, indi yalnız dizayn elementi kimi qəbul edilən dekorativ dəbdəbəli əşyaya çevrilməsi təhlükəsi ilə nəticələnə bilər. V.Muradov sənətin bu mürəkkəb çağırış və təhlükələrinə məharətlə sinə gərməyi bacarır. Onun rəsm əsərlərini heç cür konseptual adlandırmaq olmaz. Onun sənəti, həm də, sırf dizayn formalizminin dekorativ tapıntılarından da uzaqdır. Qərb təsviri sənət məktəbinin rəssamlıq ustalığına əminliklə yiyələnərək rəssam ahəngdar şəkildə öz yaradıcılığında kətanın rəng və işıq izahının yumşaqlığı və bəzən, hətta, yayğınlığı ilə kompozisiya və təsvir əşyalarının müstəvi üzərində ifası ilə uyğunlaşdırmağı bacarır.

V.Muradov (1967) Azərbaycan müasir rəngkarlığının nümayəndəsidir. 1986-cı ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirmişdir. Azərbaycan Rəssamlar İttifaqı, Karikaturaçılar Birliyinin və Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür.

Onun əsərləri Azərbaycanda və xarici ölkələrdə tanınmışdır. O müxtəlif beynəlxalq və yerli sərgi və simpoziumların iştirakçıdır. Əsərləri ABŞ, Türkiyə, İtaliya, Fransa, Almaniya, Niderland, Belçika, Lüksemburq, İran və b. ölkələrdə nümayiş olunub və şəxsi kolleksiyalarda saxlanılır. Sərgilərdən Muradovun əsərləri Solomon Quqenhaym Muzeyində, Nyu York Müasir İncəsənət muzeyində, Eastern European Art Fondunda nümunə gətirmək olar.

“Rənglərin formulu” adlı indiki fərdi sərgi Vüqar Muradovun 6-cı sərgisidir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !