İnternat və uşaq evləri məzunlarının sosial adaptasiyası adlı layihənin icrasasına start verilib -

“İnternat və uşaq evləri məzunlarının sosial adaptasiyası” adlı layihənin icrasasına start verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi “İnternat və uşaq evləri məzunlarının sosial adaptasiyası” adlı layihənin icrasına start verib. Bu barədə məlumat verən Birliyin sədri Samirə Mustafayeva layihənin zəruriliyindən və bu sahədəki problemlərdən danışıb. Onun sözlərinə görə, layihənin əsas məqsədi internat və uşaq evini bitirən gənclərin psixoloji adaptasiyası və onların cəmiyyətə düzgün inteqrasiya olunmasıdır:

“İnternat və uşaq evlərini bitirən gənclərin maddi problemlər bir tərəfə, ünsiyyətə və qayğıya ehtiyacı daha çoxdur. Onların ən böyük çətinliyi cəmiyyətin belə gəncləri öz aralarına qəbul etməməsidir. Məlum olduğu kimi, dünyanın bir çox ölkələrində, hətta inkişaf etmiş ölkələrdə belə internat və uşaq evini bitirən şəxslər cəmiyyət tərəfindən ayrı- seçkiliyə məruz qalır. Əksər valideynlər belə gəncləri cəmiyyətdən təcrid edir, bəzən isə uşaq yaşlarından öz övladlarına psixoloji təsir göstərirlər. Bu da belə insanlarda psixoloji problemlərin yaranması ilə müşahidə olunur. Digər hallarda isə insanlar internat və uşaq evlərini bitirən gənclərə yazıq, köməksiz biri kimi rəftar edirlər. Bu isə onların özünə qapanması və insanlardan uzaq gəzməsi ilə nəticələnir. Bu baxımdan internat və uşaq evini bitirən gənclərin digər insanlardan fərqlənməməsini, onların cəmiyyətin bərabər hüquqlu fərdləri kimi yaşamasını, cəmiyyətə inteqrasiya olunmalarını təmin etmək, komplekslərdən qurtarmalarına çalışmaq hər bir şəxsin borcudur. Bunun üçün mütəmadi olaraq bu gənclərlə ünsiyyətdə olmağa, onlara mənəvi cəhətdən yardım göstərməyə, daima dinləməyə və anlamağa çalışmaq lazımdır.
Buna görə də biz belə müəyyənləşdirdik ki, onlar özlərini cəmiyyətdə tək hiss etməmələri üçün gənclərin bilik və bacarıqlarının müəyyən olunması, onların xüsusi istedadların üzə çıxarılması çox vacibdir. Layihə çərçivəsində də əsas prioritet məsələ internat və uşaq evini bitirən gənclərin yeni həyata tam adaptasiyası təmin eləmək, istedadlarını üzə çıxarmaq, bu sahədə araşdırmalar aparmaq və bu bilik və bacarıqların istifadəsinə istiqamət vermək və şərait yaratmaqdır”

Samirə Mustafayeva onu da qeyd edib ki, layihə 3 ay müddətində keçiriləcək və bu gənclər hüquqşünas, psixoloq və sosioloqlar tərəfindən cəmiyyətə qismən adaptasiya olunacaq. Layihənin bağlanış mərasimində onların əsərlərinin sərgisi təşkil olunacaq və seçilmiş gənclər mükafatlandırılacaq.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !