HORİZON 2020 araşdırma və innovasiya proqramının məlumatlandırma günü öz işinə başlayıb - FOTO ( YENİLƏNDİ )

“ HORİZON 2020 ” araşdırma və innovasiya proqramının məlumatlandırma günü öz işinə başlayıb FOTO ( YENİLƏNDİ )

Qafqaz Universitetində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Avropa Komissiyasının dəstəyi ilə “HORİZON 2020” proqramının "İqlim Dəyişgənliyi, Enerji, Sağlamlıq" mövzusunda ikinci məlumatlandırma günü öz işinə başlayıb.
AMEA-nın Beynəlxalq Əlaqələr İdarəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Fransanın Milli Elmi Araşdırma Mərkəzi və Pasteur İnstitutu, Macarıstanın Elm və İnkişaf üzrə Regional Mərkəzi, Ukraynanın Odessa Dövlət Ekologiya Universitetinin nümayəndələri də daxil olmaqla müvafiq sahələr üzrə fəaliyyət göstərən 80-dən çox alim və ekspert iştirak edib.
Tədbiri giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç Avropa İttifaqının Horizon 2020 proqramı haqqında məlumat verib. Professor rəhbərlik etdiyi universitetin proqram çərçivəsində həyata keçirilən tədbirləri dəstəklədiyini və yüksək qiymətləndirdiyini bildirib. Əhməd Saniç qeyd edib ki, tədbir alimlərin Horizon 2020 haqqında ətraflı məlumat almalarına və gələcəkdə proqram çərçivəsində müxtəlif layihələrdə iştirakının genişlənməsinə səbəb olacaq.
Sonra AMEA-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini Zərifə Əliyeva çıxış edərək Qafqaz Universitetinin rəhbərliyinə yüksək təşkilatçılığa görə minnətdarlığını bildirib. Qeyd edib ki, "İqlim Dəyişgənliyi, Enerji, Sağlamlıq" mövzusunda keçirilən tədbirin növbəti günü AMEA-da baş tutacaq. Rəis müavini Avropa İttifaqının tədqiqat və innovasiya üzrə proqramı olan Horizon-2020 layihəsinin alimlərin elmi ideyalarının həyata keçirilməsinə böyük dəstək verdiyini vurğulayıb.
Daha sonra AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elxan Səbziyev, həmin institutun Xarici əlaqələr və innovasiya şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev, Təhlükəsizlik və Enerji Tədqiqatları Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Ceyhun Mahmudlu və AMEA İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev məruzələrlə çıxış ediblər.
Tədbir öz işini üç paralel seksiya iclasında davam etdirib. “Sağlamlıq və rifah”, “İqlim dəyişikliyi və ətraf mühit” və “Enerji” seksiyaları üzrə alim və ekspertlərin çıxışları dinlənilib, müzakirələr aparılıb.
Qeyd edək ki, tədbirin yekunu 2 iyun 2016-cı il tarixində AMEA-nın Əsas binasının Kiçik konfrans zalında baş tutacaq.

 


***
 

 

AMEA,Avropa Komissiyası və Qafqaz Universitetinin təşkilatçılığı ilə “ HORİZON 2020 ” araşdırma və innovasiya proqramının məlumatlandırma günü öz işinə başlayıb. Tədbirin açılış proqramında universitetin rektoru professor Ahmet Saniç və AMEA-nın beynəlxalq münasibətlər deparatmentinin sədr müavini Zərifə Əliyeva tədbirin və müzakirə olunacaq mövzuların əhəmiyyətindən danışıblar. İki gün davam edəcək tədbirin ilk günü Qafqaz Universitetində keçirilib. Tədbirdə İnformasiya komnukasiya texnologiyalarının elmi araşdırmalardakı rolu, səhiyyə və rifah, iqlim dəyişgənliyi və ətraf mühit, təhlükəsiz enerji növləri kimi mövzularda çıxışlar, müzakirələr aparılıb.
Xarici qonaqların da iştirak etdiyi tədbir bölümlər üzrə öz işini davam etdirir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !