Özbəkistanda Azərbaycan kəlağayılarının təqdimatı keçirilmişdir - FOTO

Özbəkistanda Azərbaycan kəlağayılarının təqdimatı keçirilmişdir FOTO

 Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Daşkənddə Azərbaycan kəlağayılarına həsr olunmuş "Azərbaycan kəlağayı sənəti və onun təddimatı" adlı tədbir keçirilmişdir.
Səfirliyin nəzdindəki Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Özbəkistanda fəaliyyət göstərən səfirlərin xanımları, diplomatlar, tanınmış mədəniyyət, incəsənət xadimləri, KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Azərbaycan xanımlarına məxsus baş geyimi olan kəlağayılar haqqında danışaraq, hər bir xalqın maddi və mənəvi dəyərləri, qədim mədəniyyət nümunələri, geyim formaları həmin xalqın xarakterindən və xüsusiyyətindən xəbər verdiyini və xalqın tarixini, mədəniyyətini öyrənmək üçün bu cür nümunələrin böyük əhəmiyyət daşıdığını qeyd etdi.
Səfir Azərbaycanda böyük ipəkçilik ənənələrinin olduğunu, tarixi ipək yolunun üzərində yerləşən Azərbaycanın Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksək keyfiyyətli ipəyin - kəlağayıların hazırlandığını, Gəncə və Basqal kəlağayılarının isə xarici ölkələrə də ixrac olunduğunu qeyd etdi.
Hüseyn Quliyev Azərbaycan Kəlağayısı "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə UNESKO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilməsini Azərbaycan xalqı üçün böyük uğur kimi dəyərləndirdi və bu işdə Heydər Əliyev Fondunun xidmətlərindən danışdı.
Tədbirdə çıxış edən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycan və Özbəkistanın zəngin mədəniyyətindən danışaraq, kəlağayını Azərbaycan xalqının əsrlərdən bəri qorunub saxlanılan sənət incisi adlandırdı.
Daha sonra "Azərbaycan kəlağayıları" adlı sənədli film iştirakçılara nümayiş etdirildi.
Tədbirdə iştirak edən Bakı Dövlət Universitetinin professoru, “Basqal İpək Mərkəzi”nin direktoru, tanınnmış mütəxəssis Rəna İbrahimbəyova Azərbaycan kəlağayı sənətinə dair məruzə ilə çıxış etdi.
Mütəxəssis kəlağayıda həkk olunmuş naxışların ayrı-ayrı forma və motivləri barədə məlumat verdi, kəlağayıya məxsus elementlərin mənalarını və bu baş örtüyünün dizaynını xarakterizə etdi.
Tədbir çərçivəsində Mədəniyyət Mərkəzinin foyesində təşkil olunan sərgidə müxtəlif dizaynda hazırlanmış Azərbaycan kəlağayıları nümayiş etdirildi.
Qonaqların iştirakı ilə kəlağayının naxışlanma prosesi canlı olaraq həyata keçirildi, fəxri qonaqlara kəlağayılar hədiyyə edildi.
Qeyd edək ki, tədbirə maraq böyük olmuş və yerli KİV-lər təqdimat mərasimini geniş işıqlandırmışdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !