Rüstəm Məmmədovun rəngkarlıq və qrafika işlərindən ibarət ilk fərdi sərgisi keçirilir - FOTO

Rüstəm Məmmədovun rəngkarlıq və qrafika işlərindən ibarət ilk fərdi sərgisi keçirilir FOTO

Bu gün Rəssamlar İttifaqının sərgi salonunda Azərbaycan Rəssamlar İttifaqının üzvü, istedadlı rəssam və tarixçi Rüstəm Məmmədovun rəngkarlıq və qrafika işlərindən ibarət ilk fərdi sərgisi keçirilir. Sənətsevərlərə təqdim olunan sərgi rəssamın rəngarəng, düşündürücü və fərqli yanaşmasının məhsulu, eyni zamanda əhatəli yaradıcılıq hesabatıdır. Təsviri sənətin, əsasən rəngkarlıq və qrafika sahəsinə aid olan yaradıcılıq nümunələri onun dünyaya özünəməxsus bədii baxışını - münasibətini əks etdirir. Sərginin ekspozisiyasına daxil edilmiş 50-ə yaxın əsər müxtəlif mövzulara həsr olunub. Bu da onun rəssam kimi bir janr çərçivəsində qalmayıb, təxəyyülünü təsviri sənətin ifadə zənginliyini özündə ehtiva edə biləcək digər janrlarında da gerçəkləşdirmək - dünyamızın rənglərin sayagəlməz çalarında nə qədər gözəl və dəyişgən olduğunu tərənnüm etmək istəyini əks etdirir. Bütün yaradıcılığı boyu həyatda gördüklərini, duyğu və düşüncələrində, təxəyyülündə canlandırdığı mövzuları realizm ənənələrinə sadiq qalaraq rənglərdə ifadə edən istedadlı rəssam Rüstəm Məmmədov, əslində, həm də bununla dünyamızı real-gerçəkçi cizgi və rənglərlə ifadə etmək imkanlarının nəhayətsiz olduğunu nümayiş etdirir. Onun düşündürücü, məna-məzmunla zəngin olan süjetli tabloları (“Ömrün qürub çağı”, “Səssizliyin harayı”, “Kamanın Habil zirvəsi”, “Yüksəliş”, “Füzuli ömrü”, “Səmazən”, “Zəriflik” və s.), İmaddəddin Nəsimi, Məhəmməd Füzuli, Əmir Teymur, Aşıq Veysəl, Həsən bəy Zərdabi və Fəxrəddin Paşa kimi görkəmli şəxsiyyətləri əks etdirən portretləri, insanı duyğulandıran mənzərələri ( “Qürub”, “Şamaxıda “Yeddi günbəz” məzarlığı”, “Gün batarkən”, “Tənha ağac”, “Bakı gecələri” və s.), eləcə də müxtəlif təbii sərvət və nemətlərin gözəlliyini əyaniləşdirən natürmortları dediklərimizi təsdiqləyən bədii nümunələrdir. Rəssamın zəngin mənəvi dünyasının və təxəyyülünün rənglərlə təzahürü, tablolardakı təbiiliyin və səmimiyyətin tamaşaçı baxışlarını ovsunlaya bilməsində müəllifin zamanın axarında püxtələşən dəst-xəttinin də rolu böyükdür. Onu da qeyd edək ki, Rüstəm Məmmədov eyni zamanda Xəzər Tv MMC – nin Proqramlar Departamentinin rəhbəridir. Sənətsevərlər tərəfindən böyük maraq və sevgiylə qarşılanan sərgi 7 - 11 iyun tarixlərində davam edəcək.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !