Azər HƏSRƏT: - Helsinkinin yazdırdıqları…

Azər HƏSRƏT: Helsinkinin yazdırdıqları…

Uzun zamandır yazmaq istədiyim məsələlərdən biri haqda yazıram. Bilmirəm, necə qarşılanacaq, amma düşündüklərimi qələmə alıram ki, konkret bir məsələ haqqında mövqeyim hər kəsə bəlli olsun.

Öncə bir haşiyə çıxıram: 2005-ci ilin parlament seçkilərində 56 saylı Xaçmaz kənd seçki dairəsindən (Xudat mərkəzli) namizədliyim qeydə alınmışdı. “Azadlıq” blokunun siyahısındaydım, əsib-gurlayan vaxtlarım idi. Dairəyə ilk səfərimdə yerli fəallarla şərtim bu oldu ki, mən öndə olmadıqca tək bir addım belə atmasınlar. Hətta sonrakı günlərdə Xudatın polis rəisilə görüşüb tanış olarkən ona da dedim ki, əgər döyülməli, söyülməli, öldürülməli, tutulmalı adam axtarsanız, o, mənəm. Yəni mənim komanda üzvlərimlə işiniz olmasın, nə sözünüz olsa, lütfən, mənə deyin. Edəcəyinizi də mənə edin. Mən hər zaman belə olmuşam, belə qalacağam da. Çünki bir işin önündə getməyə hazırsansa, bunu bütün atributlarıyla yerinə yetirəcəksən. Əks təqdirdə sənin liderliyin, uğrunda çarpışdığın amallar inandırıcı olmaz.

İndi isə keçirəm əsas məsələyə. İki il öncə bir sıra QHT-lərin maliyyə pozuntularında şübhəli bilinməsilə başlayan proses hər kəsin yadındadır. Bu proses sonucu bəzi QHT rəhbərləri həbs də edilmişdi. Kimisi məsələdə dövləti, kimisi də QHT fəallarını ittiham edirdi. Ölkə içində, ölkə dışında müzakirələr, ittihamlar baş alıb gedirdi. Amma dövlət baba da təmkinlə öz işində idi.

Yoxlamaya məruz qalan QHT-lərdən biri də Emin Hüseynovun başçılıq etdiyi RATİ – Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu idi. Haqqında çox böyük rəqəmlərlə ifadə edilən ittihamlar səslənirdi. Xaricdən aldığı qrantlarla bağlı şəffaflıq tələb edilirdi bu təşkilatdan və onun gənc rəhbərindən. Amma o da daş atıb başını tuturdu ki, əməllərində heç bir qanun pozuntusu yoxdur. Biz isə prosesə kənardan baxıb müdaxilə etmirdik ki, sonda kimin haqlı olduğu ortaya çıxsın.

Amma və lakin istintaq orqanları kimi bizdə də bəzi suallar yaranmışdı. Örnək üçün, dilə gətirməsək də özümüzə sual edirdik ki, necə olur biz – illərini QHT sektoruna vermiş, jurnalist hüquqlarının qorunmasında ən riskli addımlar atmış insanlar bu on illər ərzində adi bir ofis saxlamaq üçün pul tapa bilmirik, amma nə media, nə də QHT sahəsində heç kimin tanımadığı Emin Hüseynov günün birində göydən düşərcəsinə ən yüksək təchizatlı ofisə də sahib olur, başına işçilər də toplayır və üstəlik ən son texnoloji imkanlarla təchiz edilir? Niyə, nəyin qarşılığında ona bu imkanlar yaradılır? Media, QHT sektoru üçün hansı xidmətlərinə görə? Bu adam ən azından mənim qədər etiraz aksiyaları təşkil etməyib, mənim qədər polis dəyənəyinə tuş gəlməyib, mənim kimi Bakının küçələrini ayaqla dolaşmayıb və mənim kimi qələmilə diqqət çəkən bir yazı yazmayıbsa, hansı fədakarlığına görə xarici donorlar onun üzərində əsim-əsim əsirlər?

Bu suallar bizi düşündürürdü, amma “zamanı deyil” deyib, dilə gətirmirdik. İndi isə dilə gətiririk. Üstəlik, onun qeybə çəkilməsindən sonra ortaya çıxan əlavə suallarımızı da dilə gətiririk.

Emin, bir müddət Bakıdakı İsveçrə səfirliyində gizləndikdən sonra Azərbaycan hakimiyyətinin humanizmi sayəsində ölkəni tərk etmişdi. Yəqin media təmsilçiləri yaxşı xatırlayar, İsveçrə xarici işlər naziri Didye Burkhalter Bakıya səfərindən Eminlə birlikdə dönmüşdü. Eminin Bakıdan getməsi də elə-belə baş verməmişdi. O, dövlətə olan vergi borcunu (hardasa 200 min manatdan yuxarıdır) ödəmiş, üstəlik də Azərbaycan vətəndaşlığından çıxmaq üçün ərizə yazmışdı. Azərbaycan hakimiyyəti də onun vergi probleminin həll edilməsini nəzərə alaraq vətəndaşlıq məsələsini də həll etməklə ölkədən çıxmasına razı olmuşdu. Emin 1-ci Avropa Oyunları ərəfəsində Bakıdan İsveçrəyə uçmuşdu.

Düşünürdük ki, bu adam bu addımları atdıqdan sonra sakit oturar, necə deyərlər, ayıbına kor olar, bir daha Azərbaycanda, özünün iddia etdiyi kimi, media, jurnalist hüquqlarının qorunmasıyla məşğul olmaz.

Amma olmadı. Elə Bakını tərk edən kimi CNN-in canlı efirinə çıxdı, Kristian Amanpurun verilişində Azərbaycana olan nifrətini o ki, var dilə gətirdi. Buna da bənd olmadıq. Dedik, ölkədən yenicə çıxıb, təzə-təzə bir az danışar, sonra da çəkilib gedər istirahətə.

Bu dəfə də olmadı. Adam könüllü şəkildə vətəndaşlıqdan imtina etməsinə, vergi borcunu boynuna alıb ödəməsinə baxmayaraq, hələ də ortalıqda dolaşıb özünü məzlum kimi qələmə verməyə davam edir. Eyni zamanda Azərbaycan jurnalistlərinin hüquqlarını qoruduğu iddiasından da əl çəkmir.

Eminlə bu il mayın 2-4-də Helsinkidə (Finlandiya) görüşdük. Suallarımı verdim, cavablarımı aldım. Söhbət etdik. Sezdim ki, Azərbaycandan uzaqda olmağa, öz Vətəninə tamarzı qalmağa alışana bənzəmir. Amma buna baxmayaraq əməllərindən və iddialarından da əl çəkmir. Şəxsi işidir, özü bilər.

 

Helsinki. Azər Həsrət və Emin Hüseynov



Helsinkidə 3 May Dünya Mətbuat Azadlığı Günü tədbirlərinə qatılmışdıq. Orada bu Emin əlində #FreeKhadija həştəgi yazılmış plakatla dolaşıb hər kəslə şəkil çəkdirir, öz ağlınca Xədicə İsmayılın azadlığı uğrunda kampaniya aparırdı. Hətta mənə də şəkil çəkdirməyi təklif etmişdi. Rədd etdim sadəcə. Amma əlavə də etdim ki, Xədicənin də, onun kimi digər fəalların da azadlığa çıxmasını mən də arzu edirəm və bunun üçün bacardığım qədər çalışıram. Sadəcə fərq ondadır ki, biz bunun üçün semlərin, conların ayağına getmirik, öz dövlətimizə güvənirik.

Bir müddət sonra baş verən bir olay isə məni xeyli düşündürdü. Emin #FreeKhadija həştəgli şəkildən imtinamı gözardı edərək bu dəfə daha “şirnikləndirici” təkliflə gəldi. Adam açıq şəkildə təklif etdi ki, “sən gəl #FreeKhadija ilə şəkil çəkdir, qal burda, qayıtma Azərbaycana. Sənə siyasi sığınacaq təşkil edərik”. Bunu bir qədər zarafatla dedi, mən də zarafat kimi qəbul etdiyimi sezdirdim, ancaq altındakı mənanı dərhal anladım. Bəli, bu adam məni də özünün cəlb olunduğu bataqlığa cəlb etmək tapşırığını icra edirdi. Zatən o günlərdə orada Emingilin çevrəsindəki məlum şəxslərin fövqəladə diqqətinin üzərimdə olduğunu hiss edirdim. Bu, o qədər açıq baş verirdi ki, sezməmək mümkün deyildi. Hətta bəzi adamlara barmaqla göstərilirdim uzaqdan. Ona görə də Kristian Amanpurun moderatorluğundakı plenar toplantıda söz alıb özümü təqdim etdiyim zaman çox yaxın ətrafımdan yüksələn səsləri də təbii qarşıladım. Burada bir gediş edərək onları sadəcə pərt elədim. Bu adamlar gözləyirdi ki, mən rəsmi hakimiyyətin mövqeyindən çıxış edəcəyəm. Çünki onlara belə təbliğ edilirik illərdir. Amma çıxışımı Xədicənin azadlığa çıxmasına ümid və arzumla başlayanda əlləri yanlarına düşdü.

Beləliklə, Emin Hüseynov bu dəfə də qarşısına qoyulan məqsədə çata bilmədi. Azərbaycan media və QHT sektorunun üzdə olan simalarından biri Azər Həsrət növbəti dəfə Qərbdən uzanan cəlbetmə kəməndini geri qaytarmağı bacardı.

…Onu da əlavə edim ki, mənimlə birlikdə olan həmkarım Ayaz Nizamioğlu sonradan bildirdi ki, mən o çıxışımı bitirən kimi Emingilin çevrəsindəki yabançı xanımlardan biri dərhal keçib arxamızda əyləşibmiş. Adını bilmədiyim xanım Ayazla baş-başa verib söhbət etdiyimiz anda cib telefonunu bizə təhlükəli məsafədə yaxın tutubmuş. Bunun anlamı isə odur ki, o xanım səsimizi yazırmış. Yəqin ki, sonradan Azərbaycan dilini bilən dostlarının köməyilə nə danışdığımızı müəyyən etmək üçün…

Qınamıram Emini. Çünki gəncdir, məni yetərincə tanımır. Tək məni deyil, ümumiyyətlə Azərbaycan mediasını yetərincə tanımır. Bu adam, yuxarıda da qeyd etdiyim kimi, bir anın içində göydən düşdü, süni şəkildə parladıldı, aldığı qrantlardan başı gicəlləndi və Vətənindən oldu. Amma biz nə dolların qarşısında əyildik, nə də ki, kimsə bizi Vətənimizə qarşı çevirə bildi. Biz o böyük pulların qarşısında mətanətlə dayandıq, o böyük tribunalarda çıxışlarımız üçün yaradılan imkanları dövlətimizə qarşı çevirməyəcək qədər iradəli olduq! Emin və onun kimiləri isə ola bilmədi.

Yuxarıda 2005-ci ilin parlament seçkisindəki davranışımı qeyd etmişdim. Yenə də o məsələyə qayıdıram. Mənim həyat kredom budur ki, istər böyük, istər kiçik bir prosesin, qurumun önündə gedən insan sonunadək lider olmağı bacarmalıdır. Bu isə o deməkdir ki, gəmin batırsa onu ən son tərk edən sən olmalısan! Emin Hüseynovsa bunu edə bilməyəcək qədər zəif birisi olduğunu göstərib. O yoxlamalar zamanı bir sıra başqa QHT fəalları da hədəfdə idi. Onlardan bəziləri heç yerə qaçmadan tutulmağa da razı oldu. Anar Məmmədli, İntiqam Əliyev, lap elə adı altında özünü ayaqda tutmağa çalışdığı Xədicə İsmayıl kimi Emindən heç də az çəkisi və təcrübəsi olmayan ictimai fəallar tutuldular da, kişi kimi həbsdə yatdılar da, kişi kimi həbsdən çıxdılar da. Eminsə nə etdi? Təşkilatını da, onun əsas fəallarını da ortalıqda buraxıb gizləndi. Yəni, gəmini hamıdan öncə tərk etdi. Bu azmış kimi bir müddət sonra ona qarşı yönələn vergidən yayınma ittihamını da doğrulayaraq dövlətə olan borclarını ödədi. Üstəlik, şəxsi mənafeyi naminə Vətənindən belə imtina etdi! İndi bu adam iddia edir ki, Azərbaycan insanının azadlığı uğrunda savaşır…

Mənim siyasi sığınacaq məsələmə gəlincə: Emin kimilərdən qat-qat qalın bir qovluğum olub bu iş üçün. Lakin heç bir zaman Azərbaycandan kənarda yaşamaq haqqında düşüncəm olmayıb, ola da bilməz! Dünyanın hər tərəfini gəzmişəm, Avropasında, Amerikasında istənilən qədər dostlarım, tanışlarım indi də var. İstədiyim ölkənin üzərinə əlimi qoyub siyasi sığınacaq ala bilərdim. Təbii ki, Vətənsiz yaşamağı bacarmayacaq birisi olaraq heç zaman buna getmədim, getmərəm də! Mən o kəslərdənəm ki, hələ Eminin həmyaşıdları ortalıqda yoxkən meydanları dolduran yüzminlərin içində “təki Azərbaycan müstəqil olsun, onun türməsində çürüməyə belə hazıram” demişəm və bu gün də o düşüncəmə sadiqəm!

Daha bir önəmli məqam: mən Helsinkidə Xədicənin azadlığını ümid və arzu etdiyimi dilə gətirəndə qəti əmin idim ki, Azərbaycan dövləti bu məsələni də həll edəcək. Güvənirdim dövlətimə. Və düz də edirdim. Biz oradan qayıtdıq, 20 gün sonra Xədicə artıq azadlıqda idi. Ona görə yox ki, Emin və dostları #FreeKhadija həştəgli kampaniya aparırdı. Xədicə ona görə azadlığa çıxdı ki, Azərbaycan dövləti növbəti dəfə humanizm nümayiş etdirdi.

Bu arada onu da qeyd edim ki, o tədbirə Bakıdan Ayaz Nizamioğlu, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və xanımı Məlahət Zeynallı, hüquqşünas Ələsgər Məmmədli də getmişdi. Eyni zamanda Emin Hüseynov, Emin Milli, Kənan Kazımoğlu və Gülnarə Axundova da ordaydı. Bir də Xədicə İsmayılın anası və bacısı qatılmışdı o tədbirə…

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !