Yay aylarında Şəkidə turistlər üçün gündəlik mədəni proqramlar təşkil olunacaq - FOTO

Yay aylarında Şəkidə turistlər üçün gündəlik mədəni proqramlar təşkil olunacaq FOTO

 Qədim tarixə, füsunkar təbiətə, əlverişli iqlim şəraitinə malik, dünya əhəmiyyətli tarixi-memarlıq abidələri, özünəməxsus adət-ənənələri, milli mətbəxi ilə məşhur olan Şəki ilin bütün fəsillərində yerli və xarici turistləri özünə cəlb edir.

AZƏRTAC xəbər verir ki, Şəkidə son illər müasir turizm infrastrukturunun yaradılması istiqamətində görülən işlər, ənənəvi olaraq hər il keçirilən beynəlxalq festivallar turistlərin bu qədim diyara marağını daha da artırıb.

 

İstirahət mərkəzlərində turizm mövsümünə ciddi hazırlıq işləri görülür

Hazırda Şəkinin turizm-istirahət mərkəzlərində, otel və mehmanxanalarda yay turizm mövsümünə ciddi hazırlıq işləri görülür. Turizm obyektlərində yerlərin sayı artırılaraq 850-yə çatdırılıb. Eyni zamanda, fərdi evlərdə qalmaq istəyənlər üçün də hər cür şərait yaradılıb. Bundan əlavə, yeni turizm obyektlərinin yaradılması istiqamətində də iş aparılır. Turistlərə göstərilən xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə əməkdaşlar üçün xüsusi təlimlər də keçirilib.

 

Turizm obyektlərində qiymətlər müxtəlifdir

Məsələn, “Yuxarı Karvansaray” mehmanxana kompleksində iki nəfərlik otağın bir günlük qiyməti 30 manat, üç nəfərlik otağın qiyməti isə 36 manat təşkil edir. Son illər inşa edilən yeni mehmanxana və otellərdə isə bir nəfər üçün qiymətlər səhər yeməyi də daxil olmaqla, 30-50 manat arasında dəyişir.

İstirahət mərkəzlərində, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, eləcə də şəhərin parklarında və digər istirahət məkanlarında turistlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif əyləncələr təşkil edilir.

 

Yay aylarında turistlər üçün gündəlik mədəni proqramların təşkili nəzərdə tutulub

Şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Mirvari Zeynalova AZƏRTAC-a müsahibəsində bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planı əsasında həyata keçirilən pilot-layihəyə uyğun olaraq, yay aylarında turistlər üçün gündəlik mədəni proqramların təşkili nəzərdə tutulub. Bu məqsədlə tədbirlər planı hazırlanıb, cədvəl tərtib edilib. Tədbirlər planına uyğun olaraq, hazırda “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində hər gün turistlər üçün müxtəlif əyləncəli proqramlar, sərgilər, konsertlər təşkil edilir.

Turistlərə xidmət göstərmək üçün Şəki xanları sarayının yaxınlığında, qədim qala divarları ilə əhatələnən geniş yaşıllıq ərazidə yeni asudə vaxt və istirahət guşəsi də yaradılıb. Turistlər qədim dövrləri xatırladan foto-atelyedə milli geyimlərlə şəkil çəkdirə, həmçinin xüsusi çadır-söhbətgahlarda dincələ, Şəki şirniyyatları ilə samovar çayına qonaq ola bilərlər. Uşaqlar da yaddan çıxmayıb. Ərazidə onlar üçün də müxtəlif attraksionlar quraşdırılıb. Qoruğun direktoru Təranə Abdullayevanın sözlərinə görə, iyunun 15-dən başlayaraq həftə ərzində üç gün burada muğam üçlüyü, zurnaçılar dəstəsi və kamera orkestrinin konsertləri təşkil ediləcək.

 

Yay turizmi yerli sənətkarlar üçün həm də gəlir mənbəyidir

Ümumiyyətlə, yay turizm mövsümünün başlanması ilə əlaqədar şəhərdəki bütün muzeylər, həmçinin Şəki xanlarının sarayı, Kiş kəndindəki alban məbədi və digər turizm məkanları fasiləsiz iş rejimində fəaliyyət göstərəcək. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində fəaliyyət göstərən sənətkarlıq emalatxanaları daim yerli və xarici turistlərin xidmətində olacaq. Yay turizmi yerli sənətkarlar üçün həm də gəlir mənbəyidir. Təkəlduz ustası Vəfa Mustafayevanın da qeyd etdiyi kimi, sənətkarlar yay mövsümünün gəlməsini səbirsizliklə gözləyirlər. Çünki yay aylarında əl işləri yaxşı satılır. Sənətkarlar isə turistlərin daha çox maraq göstərdiyi kiçik ölçülü milli suvenirlərin, hədiyyələrin hazırlanmasına üstünlük verirlər. Bundan əlavə, ləziz Şəki mətbəxinin özünəməxsusluğu da daim turistlərin diqqətini özünə cəlb edir.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !