Təhsil Nazirliyi və Microsoft Korporasiyası İT sahəsi üzrə təhsil alan tələbələri iş mühitinə hazırlayır - FOTO

Təhsil Nazirliyi və “Microsoft” Korporasiyası İT sahəsi üzrə təhsil alan tələbələri iş mühitinə hazırlayır FOTO

İyunun 9-da Təhsil Nazirliyində “İT üzrə Təcrübə Proqramı” layihəsi çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrinin SABAH qruplarında informasiya texnologiyaları sahəsində təhsil alan tələbələrə təcrübə toplamaq imkanını yaradacaq 50-yə yaxın şirkətin və Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə görüş keçirilib.
Layihənin əsas məqsədi tələbələri İT sahəsinin iş tələblərinə uyğun hazırlamaq, o cümlədən onların təcrübə proqramları ilə təmin olunması üçün yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq yaratmaqdır.
Layihənin icrası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, SABAH layihəsinin İcra Komitəsi və “Microsoft” Azərbaycan şirkətinin birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək. SABAH qruplarında İT sahəsində təhsil alan, II və III kurs tələbələri “Microsoft” korporasiyası tərəfindən hazırlanmış təlim məzmunu ilə təmin ediləcək, sertifikat almaq üçün beynəlxalq səviyyədə tanınmış Microsoft Technology Associate (MTA) imtahanına cəlb olunacaqlar.
Eyni zamanda tələbələrə imtahan öncəsi “Microsoft” texnologiyaları üzrə sertifikatlaşdırılmış yerli mütəxəssislər tərəfindən müvafiq məsləhət xidmətləri göstəriləcək. İmtahan zamanı yüksək nəticə əldə edən tələbələrə ali təhsil müəssisələrində və təlimlər zamanı öyrəndikləri bacarıqları iş mühitində tətbiq etmələri üçün tərəfdaş şirkətlərdə təcrübə toplama imkanları yaradılacaq.
Sözügedən layihəyə SABAH qrupunun tələbələrinin cəlb olunması məqsədilə 25-27 may tarixlərdə Azərbaycan Texniki Universitetində təqdimat mərasimi keçirilib. Təqdimatda SABAH qruplarının 100-dən çox tələbəsi iştirak edib.
Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən yaradılmış, hazırda 11 ali təhsil müəssisəsini və 1600-dən çox tələbəni əhatə edən SABAH layihəsinin əsas məqsədi, ali təhsil sahəsində davamlı, uzunmüddətli, hərtərəfli və əhatəli keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi üçün zəruri mühitin yaradılmasıdır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !