Gəncədə shushapost.az saytının təqdimatı keçirilib -

Gəncədə “shushapost.az” saytının təqdimatı keçirilib

 Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi (İB) fəaliyyətə başladığı 2006-cı ildən bəri ölkəmizin milli maraqlarına xidmət edən bir sıra layihələrə imza atıb. Belə layihələrdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan “Şuşaya doğru – ShushaPost.az” layihəsidir.

İB-dən AZƏRTAC-a bildirilib ki, əsas hədəf Qarabağ həqiqətlərinin müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırılmasıdır.

Layihə çərçivəsində həm Bakıda, həm də Slavyan ölkələrində ShushaPost.az saytının təqdimatının keçirilməsi nəzərdə tutulub.

“Şuşaya doğru – ShushaPost.az” layihəsinin ilk təqdimatı Avropa Gənclər Paytaxtı Gəncə şəhərində keçirilib.

Tədbiri giriş sözü ilə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov açaraq son illər şəhərdə aparılan uğurlu gənclər siyasətindən danışıb: “Bu gün Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir və bu siyasətdə Gəncə gənclərinin xüsusi rolu var”.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) sədri Səbuhi Abbasov çıxış edərək layihənin məqsədindən danışıb: “Biz bu günə qədər bu istiqamətdə bir çox layihələr həyata keçirmişik. Lakin Dağlıq Qarabağ münaqişəsi ərafında baş verən prosesləri daha sistematik şəkildə və bir neçə dildə gənclərə çatdırmaq zərurətinin yarandığını əsas tutaraq “Şuşaya doğru – ShushaPost.az” layihə təklifini Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna təqdim etdik. Bizim təşəbbüsümüzü dəstəklədiyinə görə Fondun rəhbərliyinə və komissiya üzvlərinə təşəkkürümüzü bildiririk”.

Layihə çərçivəsində nəzərdə tutulan saytın artıq fəaliyyət göstərdiyini deyən S.Abbasov “twitter” və “facebook”da xüsusi qrupların və haştagların yaradıldığını deyib: “Biz İKT-nin bütün mümkün imkanlarından istifadə edərək münaqişə ətrafında baş verən prosesləri dünya ictimaiyyətinə çatdıracağıq”.

Tədbirdə çıxış edən digər natiqlər layihənin əhəmiyyətindən söz açıb və bu işdə elm adamlarının potensialından istifadə etməyin zəruriliyini vurğulayıblar.

Sonra layihə çərçivəsində internet mediada fəal olan bir sıra gənclərə sertifikatlar təqdim olunub.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !