Şamaxıda meksikalı rəssam Marqarita Moralesin fərdi yaradıcılıq sərgisi açılıb - FOTO

Şamaxıda meksikalı rəssam Marqarita Moralesin fərdi yaradıcılıq sərgisi açılıb FOTO

Şamaxıda Mədəniyyət və Turizm Nazirliyinin, Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin birgə təşəbbüsü və Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə məşhur meksikalı rəssam Marqarita Moralesin “Rənglərin simfoniyası” adlı fərdi yaradıcılıq sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, rayon mədəniyyət mərkəzində açılan sərgidə Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini, rəssam Marqarita Morales, rəsm həvəskarları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov sərginin Şamaxı sakinləri və rayona gələn turistlər üçün maraqlı olacağını, bu cür tədbirlərin sənətsevərlərə dünya mədəniyyəti, incəsənəti və insanları ilə daha yaxından tanış olmaq, dünya xalqlarının milli koloritini dərindən duymaq imkanı yaradacağını söyləyib.

Səfir Rodriqo Labardini bu kimi tədbirlərdə Azərbaycan ictimaiyyətinin Meksika mədəniyyəti ilə daha yaxından tanış olmaq fürsəti əldə etdiyini bildirib. O, bu cür tədbirlərin ölkələr arasında məsafəyə baxmayaraq, hər iki xalqın daha da yaxınlaşmasına, mədəni əlaqələrin inkişafına, ikitərəfli münasibətlərin möhkəmlənməsinə töhfə verdiyini deyib.

Diplomat tanınmış rəssam Marqarita Morales barədə məlumat verərək bildirib ki, rəssamın yaradıcılığının formalaşmasında ənənəvi Meksika mədəniyyəti ilə yanaşı, müasir incəsənətin müxtəlif üslublarının təsiri də duyulmaqdadır. Moralesin əsərləri Meksika, Berlin, Madrid, Nyu York və dünyanın bir çox muzey və qalereyalarında, həmçinin paytaxt Bakı ilə yanaşı, respublikanın bir neçə şəhərində də nümayiş olunub.

Sonra rəssam Marqarita Morales sərginin təşkilində göstərdiyi dəstəyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. O, çıxışında Azərbaycanın ən qədim mədəniyyət və elm mərkəzlərindən olan Şamaxıda əsərlərinin sərgilənməsindən məmnunluğunu ifadə edib.

Daha sonra sərgi iştirakçıları rəssamın əlvan rəng çalarları və heyranedici enerji ilə zəngin abstrakt mövzuda ərsəyə gətirdiyi əsərlərlə tanış olublar.

Sərgi iyunun 27-dək davam edəcək. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !