Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Şəki İpək Yolu Beynəlxalq Musiqi Festivalı keçiriləcəkdir -

Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı keçiriləcəkdir

XXI əsrdə müasir həyatımızın müxtəlif sahələrini əhatə edən qloballaşma şəraitində hər bir millət özünü böyük Dünyanın bir parçası kimi dərk edir. Bu mürəkkəb inteqrasiya prosesində bir tərəfdən müxtəlif millətlərin mədəniyyətlərinin sintezi, digər tərəfdən isə özünəməxsus milli xüsusiyyətlərin qabarıq şəkildə üzə çıxması baş verir. Çox qədim tarixi köklərə və zəngin mənəvi dəyərlərə malik olan Azərbaycan bu gün dünya miqyasında öz milli mənliyini təsdiq etmək üçün fəal şəkildə bu prosesə qoşulmuşdur. Hələ qədim zamanlardan, “Böyük İpək Yolu”nun keçdiyi əlverişli tarixi-coğrafi mühitdə yerləşən ölkəmiz mədəniyyətlərin qovuşduğu, mühüm iqtisadi-siyasi proseslərin baş verdiyi məkana çevrilmişdir.

Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə 2010-cu ildən bəri hər il keçirilən Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı bu dəfə 27 iyun – 1 iyul tarixlərində gerçəkləşəcəkdir. VII Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün müxtəlif ölkələrdən – o cümlədən, Türkiyə, İran, Yaponiya, Özbəkistan, Moldova, Tatarıstan, Başqırdıstan, Monqolustan, Qırğızıstan, Qazaxıstan, Saha-Yakutiya, Tuva və Türkmənistandan ifaçılar dəvət olunmuşlar. Xarici ifaçılarla yanaşı festivalda həmçinin Azərbaycanın görkəmli musiqi kollektivlərindən biri – bu günlərdə yaradılmasının 80 illiyini qeyd edən F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri iştirak edəcəkdir.

Yüksək peşəkarlıq səviyyəsində təşkil olunmuş festivalın proqramı geniş və rəngarəngdir. Burada müxtəlif xalqların musiqisinin üzvü surətdə qovuşaraq vahid harmoniya yaratması öz əksini tapmışdır.

Festivalın açılış günündə Şəki Yay Teatrının möhtəşəm zalında TÜRKSOY-un xalq çalğı alətləri ansamblının konserti təqdim olunacaq. Azərbaycan, Türkiyə, Özbəkistan, Moldova, Tatarıstan, Başqırdıstan, Monqolustan, Qırğızıstan, Qazaxıstan, Saha-Yakutiya, Tuva və Türkmənistan ifaçılarının birgə layihəsi kimi hazırlanmış bu konsert proqramına müxtəlif xalqların musiqisi daxil edilmişdir.

Festivalın ikinci günü bütünlükdə Türkiyənin musiqi kollektivlərinin çıxışlarına həsr edilmişdir. Şəki Xan Sarayında gerçəkləşəcək gündüz konsertində İstanbulun “Şimdi” ansamblının (bədii rəhbər – Şirin Pancaroğlu), Şəki Yay Teatrında isə İstanbul Şəhər Bələdiyyəsinin Anadolu Türk xalq mahnı və rəqs ansamblının geniş konsert proqramı təqdim olunacaq.

Festivalın konsert proqramında Yaponiyanın “Vas-Liqa” musiqi ansamblı və İran İslam Respublikasının “Təbriz” musiqi ansamblı da təmsil olunmuşlar.

Festival günlərində həmçinin, Şəki Musiqi Kollecində musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının “Şəkinin musiqi folkloru” və “Şəkidə ifaçılıq sənəti” kitablarının təqdimatı keçiriləcəkdir.

Festivalın sonuncu günündə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Respublikanın xalq artisti, professor Ağaverdi Paşayevlə görüş keçiriləcək və həmin kollektivlərin ifasında Festivalın yekun konserti təqdim olunacaqdır. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !