Akademik Opera və Balet Teatrı 107-ci mövsümünü başa vurur -

Akademik Opera və Balet Teatrı 107-ci mövsümünü başa vurur

İyunun 29-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı dahi Azərbaycan bəstəkarı Q.Qarayevin "Don Kixot" və "Leyli və Məcnun" baletlərinin tamaşası ilə cari - say etibarilə 107-ci mövsümünü başa vurur. Mövsüm başa çatsa da, yaradıcı kollektivlər iyul ayı ərzində yeni mövsümə hazırlıqla əlaqədar məşqlərini davam etdirəcəklər.

Teatrın simfonik orkestri isə çox məsul bir qastrol səfərinə hazırlıqlara başlayacaqdır. Bu il musiqiçilərimiz artıq 9-cu dəfə Almaniyada keçirilən Qut-İmmlinq Beynəlxalq Opera sənəti festivalında iştirak etmək üçün dəvət almışlar. Avropa, Asiya və Amerika qitələrinin müxtəlif ölkələrindən bir sıra istedadlı, tanınmış musiqi xadimlərinin, vokalçı və dirijorların qatıldığı festival təşkilatçılar və onun iştirakçıları üçün bu il daha əlamətdardır - belə ki, bu il Qut-İmmlinq festivalının 20 illik yubileyi qeyd olunur.

Azərbaycan musiqiçiləri festivala 60 nəfərlik heyətlə qatılacaqlar. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq qastrol səfəri avqustun 1-dən 9-na kimi davam edəcəkdir.

Orkestr avqustun 7-də festivalın əsas tədbiri olan - Qrand final konsertində çıxış edəcəkdir. Bu il festivalda 32 ölkədən gəlmiş bir çox istedadlı vokalçılar iştirak edəcəklər. Onların ifasında klassik dünya bəstəkarlarının operalarından ariya və duetlər səslənəcəkdir.

Konsertdə həmçinin Azərbaycan bəstəkarları - Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Polad Bülbüloğlunun musiqiləri də ifa olunacaqdır.

Qrand final konsertində orkestri Qut-İmmlinq festivalının musiqi rəhbəri və dirijoru Korneliya fon Kerssenbrok, Azərbaycanın Xalq artisti, professor Cavanşir Cəfərov, Dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev və gənc dirijor Murtuza Məmmədov idarə edəcəklər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !