YUĞ Dövlət Teatrında premyera: Rindi-Şeyda -

YUĞ Dövlət Teatrında premyera: “Rindi-Şeyda”

6 iyul saat 19.00-a YUĞ Dövlət Teatrında “Rindi-Şeyda” tamaşasının premyerası keçiriləcək.
Mərcan Dədənin “Sufi arzuları” musiqili kompozisiyası əsasında hazırlanan tamaşanın ideya müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Gümrah Ömər, quruluşçu rəssamı teatrın baş rəssamı Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyeva, rejissor assistenti Aytən Məmmədovadır. Tamaşanın musiqi tərtibatı Amid Qasımova, plastik həlli Mikayıl Mikayılova məxsusdur.
Janrı səmavi eşq ayini kimi təyin olunan tamaşada YUĞ Teatrının aktyorları Mətanət Abbas, Təranə Ocaqverdiyeva və Amid Qasımov iştirak edir.
Səhnə əsərində Məhəmməd Füzuli, Kamal Abdulla, Ramiz Rövşən, Salam Sarvan, Vaqif Bayatlı Odərin poetik mətnlərindən və ifaçıların öz ədəbi materiallarından istifadə olunub.
Tamaşada 3 aşiq xüsusi məkana daxil olub, onları narahat edən, əzab verən mənəvi-psixoloji komplekslərindən azad olub, yeni mənəvi-psixoloji keyfiyyətlərlə yollarına davam edirlər.
“İlk dəfə olaraq biz “Aşiqlik”, “Eşq” mövzusuna müraciət etmişik və tamaşanın adından da göründüyü kimi, əbədi aşiq anlayışını “Psixosof” teatr poetikası vasitəsilə realizə etməyə çalışmışıq” (Gümrah Ömər).

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !