Azər HƏSRƏT: - Erməni nümayəndə heyəti prinsipial olaraq bu təklifin üzərində təkid edirdi

Azər HƏSRƏT: “Erməni nümayəndə heyəti prinsipial olaraq bu təklifin üzərində təkid edirdi”

İyulun 6-7-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində ATƏT-in media azadlığı üzrə təmsilçiliyinin təşkilatçılığı ilə “Azad media və ifadə azadlığına çoxyönlü yanaşmalar” mövzusunda XIII Güney Qafqaz Media konfransı keçirildi.

Gərgin müzakirələr və qalmaqallarla yadda qalan konfrans haqqında Azərbaycanı təmsil etmiş Əməkdar jurnalist, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) rəhbəri Azər Həsrət “Eurasia Diary”nin suallarını cavablandırıb.

 

Azər müəllim, siz mütəmadi olaraq bu cür konfranslarda iştirak edirsiniz. Bu dəfəki konfrans əvvəlkilərdən nə ilə fərqlənirdi? Sizə görə, bu dəfəki konfrans əsas hansı amilə görə yadda qalan oldu?

– Bəli, mən hər il bir neçə belə beynəlxalq tədbirdə iştirak edirəm. Təkcə budəfəki deyil, bu vaxta qədər iştirak etdiyim konfranslar, tədbirlər də yaddaqalan olub. Təbii ki, bu cür tədbirlərə rəng qatan əleyhdarlarımız olan işğalçı Ermənistanın təmsilçilərinin yanaşmasıdır. Bununla bərabər, bir də Azərbaycanlı olub, yalnız Azərbaycanın əleyhinə fəaliyyət göstərən şəxslərin belə tədbirlərdə iştirakı yaddaqalan olur. Bu baxımdan Tbilisi toplantısı istisna olmadı. Tədbirin başlandığı gün Azərbaycanlıların Azərbaycan əleyhinə çıxışları və bizim məcburən onlara verdiyimiz cavablarla yadda qaldısa, ikinci-sonuncu gün erməni nümayəndələrin üstüörtülü şəkildə Azərbaycanı hədəf alması və bizim onlara arqumentli cavablarımızla diqqət çəkdi.

 

Azər Həsrət

 


ATƏT-in təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanda media azadlığı ilə bağlı məsələnin daha çox müzakirəyə çıxarıldığının şahidi olduq. Halbuki konfransın adından göründüyü kimi tədbir “Güney Qafqaz media konfransı” adlanırdı və eynilə Azərbaycandan olduğu kimi Gürcüstan və Ermənistandan da nümayəndələr burada iştirak edirdi. Sizcə, Azərbaycana duyulan bu “marağın” əsas səbəbi nədir?

– Bunun səbəbi mənim üçün gün kimi aydındır. Azərbaycan, bir qayda olaraq beynəlxalq tədbirlərdə hədəf alınır. Bizi hədəf seçənlər gizli planda ermənilər və onların havadarları, görünən planda isə onlara ötürmə verən “azərbaycanlılar” olur. Bu dəfə də eyni ssenari işlədi. Azərbaycanı ermənilər deyil, məhz bir neçə Azərbaycanlı hədəfə aldı. Bundan da ermənilər hər zamankı kimi həvəslə istifadə etdi. Bizdən fərqli olaraq, Ermənistan və Gürcüstan nümayəndələri öz ölkələrindəki problemlər haqqında ya susdular, ya da ötəri danışdılar. Mən həmişə bu tip tədbirlərdə onları məhz belə davranan görmüşəm. Onlar, bizim bəzi tənqidçi “azərbaycanlılar”dan fərqli olaraq öz problemlərini hansısa beynəlxalq tədbirlərdə deyil, ölkə içində, öz aralarında müzakirə edirlər. Halbuki hər iki ölkədə medianın problemləri bizdən qat-qat artıqdır.

 

Azər müəllim, iclasın sonunda, xüsusilə yekun sənədin müzakirəsi zamanı Ermənistan nümayəndə heyəti bu sənədə jurnalistlərin adlarının “qara siyahı”lara salınmasını pisləyən müddəanın daxil edilməsi təklifini irəli sürdü. İki gün ərzində müzakirələrdə passiv iştirak edən Ermənistan nümayəndə heyətinin bu cəhdi Azərbaycan nümayəndə heyəti tərəfindən birmənalı qarşılanmadı. Bu hadisənin şahidi kimi sizin baş verənlərlə bağlı təəssüratlarınızı və rəyinizi bilmək istərdik.

– Əslində, biz də arzu etməzdik ki, jurnalistlərin adları qara siyahılarda olsun. Bununla belə, ermənilərə cavab verməli olduq. Çünki onların bu məsələdə təkid etməsi birbaşa Azərbaycana qarşı yönəlmişdi. Onların iddiasına görə, Azərbaycan guya belə bir praktikadan istifadə edir. Halbuki elə bir şey yoxdur. Bütün normal ölkələr kimi, bizim ölkəmiz də sərhədlərimizi qanunsuz keçən şəxslərin qara siyahısını tərtib edir. O cümlədən jurnalistlər də belə siyahıya düşə bilir. Yəni Azərbaycandan xəbərsiz Ermənistan ərazisindən keçməklə işğal altındakı torpaqlarımıza gələn jurnalistlər təbii ki, qanunları, hətta beynəlxalq normaları pozduqları üçün barələrində müvafiq tədbirlər görülməlidir. Bu isə Ermənistana sərf eləmir. Ona görə də təkidlə belə bir maddənin qəbulunu tələb edirdilər. Amma bizim nümayəndə heyətindən Kamran Həsənov (PA ictimai-siyasi şöbəsi), Sərxan Ağakişiyev (XİN Mətbuat Xidməti) və başqalarının arqumentli müdaxiləsi sonucu ermənilərin bu istəyi alınmadı. Onlar da etiraz əlaməti olaraq zalı tərk etdilər. Məncə bu, bizim qələbəmiz idi.

 

Azər Həsrət və Müşfiq Ələsgərli

 

 


Ümumiyyətlə, konfrans çərçivəsində bir sıra təkliflər irəli sürülür və tövsiyələr verilir, bütün bunlar yekunda qəbul edilən sənəddə də öz əksini tapır. Həmin təklif və tövsiyələrin Azərbaycan üçün əhəmiyyəti haqqında fikrinizi bilmək istərdik.

– Sonda qəbul edilən sənəd ümumi müddəalardan ibarət idi və hər üç Güney Qafqaz ölkəsini əhatə edirdi. Bəzi məsələlər bizi qane etməsə də, bu sənədi konsensus naminə qəbul etməyin tərəfdarı olduq. Mən müzakirədən öncə millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşovla, həmçinin daha bir millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli ilə fikirlərimi paylaşdım və təklif etdim ki, ümumi sənəd olduğu üçün ciddi təpki verməmək daha məqsədəyğun olar. Amma iki gün ərzində sakit oturan ermənilər bu məsələdə sakit durmadılar və faktiki bütün iştirakçıların narazılığına səbəb olan yersiz müzakirə açdılar. Ona görə biz də onlara cavab verməli olduq. Hətta elə məsələlər vardı ki, ermənilər prinsipial olaraq bunların üzərində təkid edirdilər. Örnək üçün, sənəddə dövlətlər terror məqsədilə mediaya dəstək verməməyə çağırılırdı. Ermənilər bu maddəni çıxarmağı təklif etdilər. Mənsə təkid etdim ki, qalsın. Erməni nümayəndə “məgər Qafqazda terrora dəstək verən dövlət var” deyə soruşanda “bəli, var” cavabını verdim. Müzakirə davam etsəydi faktlarla Ermənistan dövlətinin terroru dəstəkləməsini sübut edəcəkdim. Lakin o, bunu anladığından müzakirəni dayandırdı. Yaxud da onlar iddia edirdi ki, bir sıra çağırışlar bütün ölkələrə deyil, bəzi ölkələrə şamil edilsin. Guya ki, Ermənistanı bu yolla kənar tutmaq istəyirdilər. Mən də söz alıb dedim ki, “əgər hansısa ölkədəki problemlər haqqında danışılmırsa, bu o demək deyil ki, orada problem yoxdur”. Mənim bu yanaşmam ATƏT rəsmilərinin də dəstəyini qazandı və ermənilərin özlərini kənara çəkmək cəhdləri alınmadı. Bütün bu proseslərin sonunda qəbul edilən sənəd bizim üçün o baxımdan məqbul sayıla bilər ki, Azərbaycan media sahəsində istənilən yaxşılaşdırma çağırışını qəbul edir, bu yöndə addımlar atmaqdan çəkinmir. Bu baxımdan həm mediayla bağlı çağırışların özü, həm də sənədin müzakirəsi zamanı ermənilərlə gərgin, amma üstün müzakirəmiz bizim haqlı olduğumuzu göstərdi. Elə olmasaydı onlar sənədin müzakirəsi tam başa çatmamış zalı tərk etməzdilər. Sonda meydanda qalan biz olduq, qalib də biz olduq.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !