Yuğ Dövlət Teatrı 28-ci mövsümünə yekun vurur -

Yuğ Dövlət Teatrı 28-ci mövsümünə yekun vurur

Yuğ Dövlət Teatrı 28-ci mövsümünə iki yeni tamaşa ilə yekun vurur. Belə ki, 13 iyul saat 19.00-da “Medeya. Sekvensiya 001”, 14 iyul saat 19.00-da “Rindi-Şeyda” tamaşalarının premyerası baş tutacaq.
V.Klimenkonun “Medeya Teatrı” pyesi əsasında hazırlanan“Medeya. Sekvensiya 001” tamaşasının quruluşçu rejissoru və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənova, geyim üzrə rəssamı Leyla Əliyevadır.
Apokrifik etiraf janrında hazırlanan tamaşada Yuğ Teatrının sənətçiləri, Azərbaycan Respublikasının Əməkdar artistləri Sonaxanım Mikayılova və Gülzar Qurbanova çıxış edirlər.
Ömrü boyu Medeyanı oynamaq arzusunda olan yaşlı aktrisa, teatrın iş günü olmayan vaxtında, boş teatrda öz arzusunu gerçəkləşdirmək cəhdində bulunur. Tamaşa Medeyanı oynamağa cəhd eləyən iki aktrisa arasında olan dialoq üzərində qurulub: biri - uşaqlarını öldürməmişdən öncə, o biri - öldürdükdən sonra.
“Medeya. Sekvensiya 001” – aktyorun zamanla münasibətləri haqqında poetik pritçadır.

Mərcan Dədənin “Sufi arzuları” musiqili kompozisiyası əsasında hazırlanan “Rindi-Şeyda”tamaşasının ideya müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Gümrah Ömər, quruluşçu rəssamı teatrın baş rəssamı Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyeva, rejissor assistenti Aytən Məmmədovadır. Tamaşanın musiqi tərtibatı Amid Qasımova, plastik həlli Mikayıl Mikayılova məxsusdur.
Janrı səmavi eşq ayini kimi təyin olunan tamaşada YUĞ Teatrının aktyorları Mətanət Abbas, Təranə Ocaqverdiyeva və Amid Qasımov iştirak edir.
Səhnə əsərində Məhəmməd Füzuli, Kamal Abdulla, Ramiz Rövşən, Salam Sarvan, Vaqif Bayatlı Odərin poetik mətnlərindən və ifaçıların öz ədəbi materiallarından istifadə olunub.
Tamaşada 3 aşiq xüsusi məkana daxil olub, onları narahat edən, əzab verən mənəvi-psixoloji komplekslərindən azad olub, yeni mənəvi-psixoloji keyfiyyətlərlə yollarına davam edirlər.