Mübariz Həmidov-Bacarıqlı teatr rəhbəri və gözəl insan - FOTO

Mübariz Həmidov-Bacarıqlı teatr rəhbəri və gözəl insan FOTO

Cəmi altı ay teatra rəhbərlik etmiş böyük fransız filosofu, yazıçısı, tənqidçisi, «Qeyri qanuni oğlu», «Ailənin atası» kimi maraqlı pyeslərin və məşhur «Rahibə» povestinin müəllifi Deni Didronun teatr rəhbəri olmaq istəyən adamlar haqqında söylədiyi bu maraqlı fikirləri ilə bu yazımı başlamaq istəyirəm. O, belə deyib: « Müharibədə general kimi zəfər qazanmaq olar. Buna görə orduda rəhbərliyi, təşkilatçılığı gücləndirmək və əsgərləri, zabitləri döyüşə səfərbər etmək, onlarda cəsurluğu, qorxmazlığı artırmaq, özlərinə inam yaratmaq kifayətdir. Dərin zəka, böyük fəlsəfi fikirlə, yüksək təşkilatçılıqla, səbrlə, insanlarda inam yaratmaqla xalqı öz ardınca da aparmaq, onların inandıqları, sevdikləri hökmdar da olmaq olar. Amma kiçik bir teatra yaxşı rəhbərlik etmək çox çətindir. Hətta desəm ki, dəhşətdir, cəhənnəm əzabıdr bu daha doğru olar. Çünki teatra rəhbərlik etməkçün yuxarıda qeyd olunan böyük işlərdən başqa, insanda hökmən anadangəlmə fitri istedad və Allah vergisi də olmalıdır. Bu da həyatda hər adama verilmir. Bu, Allah tərəfindən seçilmiş adamlara verilir».
Hələ 1980-ci illərdə mən Moskvada A.V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda rejissorluq fakültəsində təhsil alan vaxt bu sözləri oxuyub, özümün gündəliyimə qeyd eləmişdim. Sonra teatrlara rəhbərlik eləyəndə bu böyük filosofun və yazıçının teatra rəhbərlik haqqında dediyi fikrin necə doğru oldüğünü başa düşdüm və dərk elədim. Doğrudur mən teatra 6 ay yox, uzun illər rəhbərlik elədim və teatrlara rəhbərlik eləyən həmkarlarımın, eləcə də özümün tez-tez necə çətinliklərlə qarşılaşmağının şahidi oldum. Bəzi həmkarlarım çətinliyə dözməyib, bu vəzifədən uzaqlaşdılar. Bəzilər elə bu işə rəhbərlik etdikləri vaxt əsəb gərginliyindən, yüksək rütbəli məmurların tənələrinə, təhqirlərinə dözməyib, ayrı-ayrı xəstəliklər tapıb dünyalarını dəyişdilər. Bəziləri də özlərindən yüksək rütbəli məmurlar tərəfindən heç bir günahları olmadan işdən uzaqlaşdırıldılar...
Yazımın əvvəlində belə böyük müqəddimə yazmağımın səbəbi var. Çünki Mübariz Həmidovun mənim tanıdığım həmin teatr rəhbərlərindən bir sıra çox müsbət keyfiyyətləri və üstünlükləri var. Səkkiz ildir ki, onunla bir yerdə işlədiyim bu müddətdə onda aşağadakı müsbət keyfiyyətləri kəşf etmişəm.
Birinci Mübariz Həmidov teatr rəhbəri kimi yüksək təşkilatların teatra maliyyə köməklik edəcəklərini gözləmədən özü bpyük səbrlə teatrın maliyyə problemlərini həll etməyə çalışır. İkincı o, teatr sənətini yaxşı bildiyinə görə var qüvvəsini sərf edir ki, teatra zəif dramaturdların əsərləri gəlməsin və bütün tamaşalar rejissorlar tərəfindən yüksək peşəkarlıqla hazırlansın. Aktyorlar öz rollarını yüksək səviyyədə oynasınlar. Mübariz Həmidovda teatr rəhbəri kimi ən müsbət cəhətlərdən biri də odur ki, kollektivdə heç kim arasında ayrı-seçkilik aparmır və hər kəs öz bacarığına, məhsuldarlığına görə qiymətini alır. Hətta onlar fəxri adlara təqdim olunanda çalışır ki, Mədəniyyət və Turizm Nazirliyinə təqdim etdiyi siyahıdakı insanların hamısı fəxri adlar alsınlar. Mübariz Həmidovun ən böyük uzaqgörən siyasəti də odur ki, bütün çətinliklərə baxmayaraq, daim axtarışda olmaqla, tez-tez teatrın xarici ölkələrə qastrollarını təşkil edir və bir sıra xarici teatrlarla dostluq əlaqəsi qurub. Tez-tez həmin teatrları tamaşa oynamaq üçün və onların rejissorlarını isə tamaşalara quruluş vermək üçün Azərbaycana dəvət edir və özü də həmin xarici ölkələrə qastrollar təşkil edir. Teatrın reklam olunması üçün, mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mursaquliyevanın vasitəsi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının ən kiçik uğurlarını belə Kütləvi İnformasiya Vasitələri ilə təşkil edir ki, bu üsulla da tamaşaçıların teatra marağı artsın. Bu teatr rəhbərinin ən üstün cəhətlərindən biridir. Çünki dünyanın bütün aparıcı teatrları elə bu üsulla işləyirlər. Bax bu gün Azərbaycan teatrlarına özü belə sərbəst işləyə bilən, heç kimin köməyinə, diqtəsinə ehtiyacı olmayan teatr rəhbərləri çox lazımdır. Amma mübaliğəsiz deyim ki, bu gün belə teatr rəhbərlərimiz çox azdır.
Azərbaycan teatrsevərləri Respublikanın Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidovu yaxşı tanıyırlar. Amma yenə də çoxminli oxuculara onun haqqında və qazandığı uğurlarla bağlı qısa məlumat verirəm.
Məlumat üçün bildirim ki, 2016-cı ilin 12 iyul tarixində, onun 60 yaşı tamam oldu. Milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə və 60 illik yubileyi münasibəti ilə Mübariz Həmidov Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırıldı. O, 12 iyul 1956-cı ildə Göyçay şəhərində anadan olub. 1975-79-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun ( indiki Azərbaycan Dövlət Mədəniyyət Universitet) dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb. 1979-2000-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor, 2000-ci ildən 2006-cı ilin yanvar ayına kimi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi İncəsənət baş idarəsində (hazırda incəsənət şöbəsi) aparıcı mütəxəssis, baş mütəxəssis və baş məsləhətçi vəzifələrində işləyib. Teatrda aktyor işlədiyi dövrdə bir-birindən maraqlı çoxlu rollar oynayıb. Özünü çox perspektivli aktyor kimi sübut edib. Oynadığı rollar tamaşaçıların, teatr mütəxəssislərinin çox xoşuna gəlib. Amma 16 il bundan qabaq aktyor sənətindən uzaqlaşaraq Mədəniyyət Nazirliyi sistemində təşkilatı işlə məşğul olub. Nazirlikdə işlədiyi müddətdə Respublika Prezidentinin müvafiq Fərman və Sərəncamları ilə keçirilən irimiqyaslı dövlət tədbirlərinin, yubileylərin, festivalların və müsabiqələrin, incəsənət bayramlarının təşkili və hazırlanmasında çox fəal iştirak edib, respublikamızın ayrı-ayrı dövlət teatrları ilə birgə müxtəlif ölkələrdə keçirilən Beynəlxalq nüfuzlu Teatr festivallarının iştirakçısı olub. Heydər Əliyev adına Sarayda keçirilən çoxsaylı dövlət tədbirlərinin – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 10 illiyi, Dünya Azərbaycanlılarının I qurultayı, Görkəmli el sənətkarı Aşıq Ələsgərin anadan olmasının 175 illiyi, nakam şairimiz Mikayıl Müşviqin 90 illiyi, Xalq şairi Rəsul Rzanın 90 illiyi, Dövlət Rəqs Ansamblının yaradılmasının 30 illiyi, Xalq artisti Şövkət Ələkbərovanın 80 illiyi, SSRİ Xalq artisti Fikrət Əmirovun 80 illiyi, Hüseyn Cavidin 120 illik yubileyi, Aşıq Şəmşirin 110 illiyi, Xalq yazıçısı İlyas Əfəndiyevin 90 illik yubileyi, dahi Üzeyir Hacıbəyovun 120 illik yubileyi, SSRİ Xalq artisti Rəşid Behbudovun 90 illiyi, Ümummilli liderimiz Heydər Əliyevin vəfatının 40 gününə həsr olunmuş anma mərasiminin, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında mərhum akademik Zərifə xanım Əliyevanın anadan olmasının 80 illiyi, ümummilli lider, mərhum Prezdentimiz Heydər Əliyevin anadan olmasının 80 illiyi, habelə 2003-cü ilin oktyabr ayında Prezident seçkiləri ərəfəsində respublika stadionunda gənclərin III Forumuna həsr olunmuş Ümumrespublika tədbirinin, həmin ilin oktyabr ayının 31-də Heydər Əliyev adına Sarayda Respublika Prezidentinin andiçmə mərasiminin, Azadlıq meydanında keçirilən təntənəli konsert proqramının və digər irimiqyaslı, dövlət səviyyəli tədbirlərin ssenari müəllifi, redaktoru və təşkilatçılırından biri olub Mübariz Həmidov. O, 2000-ci ildə Azərbaycan teatr sənətinin inkişafındakı uzunmüddətli səmərəli fəaliyyətinə və xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub.
2006-cı ilin yanvar ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru vəzifəsinə təyin edilib. Artıq 10 ildir ki, bu teatra böyük uğurla rəhbərlik edir. Belə ki, Mübariz Həmidov teatra rəhbərlik etdiyi müddətdə kollektiv Türkiyənin Ankara, İğdır, Alanya, Antalya, Dənizli, Rusiyanın Sankt-Peterburq, Moskva, Həştərxan, Perm şəhərləri, Kalmıkiya və Belarus Respublikaları, Şri-Lankanın paytaxtı Kolomboda, Birləşmiş Ərəb Əmirliyi, İran, Böyük Britaniya və bir sıra digər ölkə və şəhərlərdə qastrol və festivallarda uğurla çıxış edərək, mükafatlara layiq görülüb. Teatr məhz Mübariz Həmidovun və yaradıcı heyyətin sayəsində Azərbaycan tearını həmin xarici ölkəlrdə yüksək səviyyədə təbliğ edib. Onun 10 il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına uğurlu rəhbərliyi respublikamız və dünya teatr ictimaiyyəti tərəfindən layiqli səviyyədə qiymətləndirilib. Belə ki, o, 2010-cu ildə Media Print MMC və AKBA Yayıncılık LTD tərəfindən “İlin teatr xadimi” nominasiyası ilə “İlin markası mükafatı”na, 2011-ci il may ayının 18-də Azərbaycan KİV İşçiləri Həmkarlar İttifaqı tərəfindən “Azərbaycan bayrağı” diplomuna, Alman - Azərbaycan Cəmiyyəti tərəfindən “Alman – Azərbaycan dostluq ənənələrinin inkişafına görə” “Körpü” diplomuna, 2012-ci ildə “Kitab evi” İctimai Birliyi tərəfindən “Teatr sənətinə xidmətinə və ictimai təşkilatçılığına görə” “Vətən naminə” və “Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin “Azərbaycan teatr sənətinin yüksək səviyyədə təbliğindəki xidmətlərinə görə” “Ana Yurd” fəxri diplomuna, 2012-ci ilin aprel ayında Almaniyada Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutu tərəfindən “Ölkəmizin mədəniyyətinin, ədəbiyyatının, dilinin geniş miqyaslı təbliğinə və Azərbaycan həqiqətlərinin dünyaya çatdırımasında layiqli xidmətlərinə görə” Fəxri Fərmana, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatındakı siyasi və təşkilati işlərdəki fəaliyyətinə görə Fəxri Fərmana, 2013-cü ilin may ayında İrəli İctimai Birliyinin Mədəniyyət və İncəsənət Mərkəzi tərəfindən keçirilən «Teatr günləri» layihəsində göstərdiyi dəstəyə görə təşəkkürnaməyə, həmin ilin iyun ayında Azərbaycan Dövlət Universitetinin Fəxri Fərmanına, 2013-cü ilin oktyabr ayında Rusiya Federasiyasının Teatr Xadimləri İttifaqının Konstantin Sergeyeviç Stanislavski adına mükafatına, Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin Fəxri Fərmanına, 2014-cü ilin iyul ayında “Avropa Nəşr və Mətbu Evi” tərəfindən “Mədəniyyət ocaqlarının müasir tələblər səviyyəsində işinin qurulmasında olan yaradıcı elmi təkliflərinə, torpağına-Vətəninə sonsuz sevgisinə, gənclərdə Vətənpərvərlik hisslərinin aşılanmasında, Ümummilli lider Heydər Əliyev ideyalarının sədaqətlə yerinə yetirilməsində və Azərbaycan mədəniyyətinin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə” qızıl medala və diploma, 2015-ci ilin aprel ayında “Səməd Vurğununun şəxsiyyəti və yaradıcılığına olan tükənməz sevgisinə, şairin ev-muzeyində keçirilən tədbirlərə dəstəyinə görə” “Səməd Vurğun mükafatı”na layiq görülüb. Mübariz Həmidov 2016-cı il 10 mart tarixində 60 illik yubileyi münasibəti ilə Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri Fərmanı ilə də təltif olunub.
O, teatr sənətindəki uzun illik təcrübəsinə, yüksək təşkilatçılığına, tetr sənətimizi dünyada yüksək səviyyədə təbliğ etdiyinə görə 2011-ci ildə dünyanın 104 aparıcı ölkə teatrlarının üzv olduğu çox mötəbər bir təşkilat olan Beynəlxalq ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin prezidenti seçilib. Artıq bu 5 ildə həmin Beynəlxalq təşkilatın işini təkcə Azərbaycanda yox, dünyada layiqli səviyyədə təmsil, təbliğ edir və insanlarda teatra marağı daha da artırır.
Azərbaycan və Rusiya teatrları arasında yaradıcılıq əlaqələrinin qurulması işində də onun xidmətləri əvəzsizdir. Məhz buna görə də bu ölkələrin teatrlarının inkişaf etdirilməsi sahəsində yüksək təşkilatçılıq qabiliyyətinə və fəallığına görə Mübariz Həmidov 2014-cü ilin mart ayının 27-də Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Fəxri adına layiq görülüb. O, belə böyük fəxri ada layiq görülən ilk iki azərbaycanlı tear xadimlərindən biridir. İkinci bu fəxri ada layiq görülən Bəhram Osmanovdur.
Mübariz Həmidov yaxşı təşkilatçı olmaqla yanaşı həm də yaxşı, qayğıkeş, gözəl insandır. Bu iki keyfiyyət eyni vaxtda hər rəhbərdə olmur. Yuxarıda yazdığm kimi o, hər bir işçisinin qayğısına qalır və onları kənar qüvvələrdən var qüvvəsi ilə qoruyur. Çünki mən özüm 2014-cü ilin may ayında bunun tam şahidi olmuşam. Belə ki, həmin vaxtı mən bəzi yüksək rütbəli məmurların “quyruğunu tapdalayanda”, onları mətbuatda haqlı tənqid edəndə və onlar da məni sifarişlə həbs etdirəndə, Mübariz Həmidov mənə görə bir qrup məmurlarla mübarizə aparırdı və onlara mənim heç bir günahımın olmadığını var qüvvəsi ilə sübut edirdi. Əlbəttə, tez bir zamanda haqq öz yerini tapdı. Mən cəmi 58 gündən sonra heç bir günahım olmadığı sübüta yetiriləndən sonra həbsdən azad olundum. Amma məni həbs etdirənlər və edənlər özləri cəzalandılar. Həbs olundular... Mən isə yenə də quruluşçu rejissor kimi teatrda öz işimi davam etdirirəm. Mən, ailə üzvlərim, qohumlarım və yaxın dostlarım Mübariz Həmidovun bu yaxşılığını heç vaxt unutmuruq.
Bu gün Azərbaycan teatr rəhbərlərinin ən aparıcı simalarından biri olan, ölkəmizin teatr sənətinin inkişafında, xaricdə tanınmasında böyük işlər görən, 37 il Azərbaycan peşəkar teatrına yüksək səviyyədə xidmət edən və bütün teatr işçilərinin dostu olan Mübariz Həmidovu 60 illik yubileyi münasibəti ilə təbrik edib, ona həyatda can sağlığı, əvvəlki kimi xasiyyətindəki bu sadəliyi qorumağı və bundan sonra da əvvəlki illərdə olduğu kimi heç kimdən təmənna güdmədən Azərbaycan teatrına bundan sonra da təmənnsız xidmət etməyi arzu edirik. Ən böyük arzumuz da budur ki, adı kimi həmizə necə mübariz olubsa, haqqlı insanları haqsızlardan qoruyubsa, məmləkətimizin bütün teatrlarına həmişə necə köməklik edibsə, bu müqəddəs işi elə belə də davam etdirsin.

 


Mübariz Həmidovu sevən və ona hörmət edən bütün teatral insanlar adından-
Ağalar İDRİSOĞLU
Əməkdar İncəsənət Xadimi

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !