Sumqayıt polisi üçün sakinlərin sağlamlığı vacibdir, yoxsa ki, - onların sağlamlığı hesabına cinayətkarın tutulması?!

Sumqayıt polisi üçün sakinlərin sağlamlığı vacibdir, yoxsa ki, onların sağlamlığı hesabına cinayətkarın tutulması?!

Redaksiyamıza daxil olan məlumata görə, iyulun 24 – də Sumqayıt şəhərinin 2 – ci məhəlləsi sayılan ərazidə , daha dəqiq desək, Səməd Vurğun 106 ünvanında dəhşətli bir hadisə baş vermişdir. Məlum olmuşdur ki, Yol Patrul Xidməti polisinə aid olan avtomobil şəhər daxilində yol hərəkəti qaydasını pozan bir sürücünün arxasınca düşərək, az qala ağılasığmaz bir faciənin baş verməsinə səbəb olsun. Polis maşınından qaçan 90 RF 979 nömrəli Audi markalı maşının sürücüsü qəflətən binanın həyətinə girərək, həyətdə bu vaxtlarda oturub dincələn qonşular və uşaqlar üçün təhlükə yaratmışdır. Bu zaman həyətdə yaşlılar və uşaqlar da olmuşdur. Ancaq, xoşbəxtlikdən son məqamda cinayətkar maşını yoldan çıxarıb və dirəyə vurmuşdur. Yayın isti aylarında həyətə çıxıb dincələn yaşlılar və uşaqlar bu hadisədən ciddi psixoloji stress keçirmişlər. Məlum olmuşdur ki, sürücünü qovan polis avtomüfəttişinin adı İsmayıl imiş. Baş vermiş hadisə barədə təcili surətdə 102 – yə zəng vuran qonşulara belə cavab verilmişdir ki, avtomüfəttiş öz işini bilir, narahat olmağa ehtiyac yoxdur.
Belə olduğu halda bizim əlaqədar təşkilatlara bir neçə sualımız var :
1. Maraqlıdır ki, nəyə narahat olmaq lazım deyildi? Yəni, narahat olmaq üçün həyətdə olan uşaqlardan kiminsə ölümünü görmək lazım idimi? Onsuz da bir neçə saniyə içərisində baş vermiş bu hadisədən yaşlılar və uşaqlar ciddi psixoloji stress keçirmişlər.
2. İsmayıl adlı bu polis məgər bilmirmi, yəni qanunlardan özü xəbərsizdimi ? Yəni, ona məlum deyilmi ki, şəhər daxilində hər hansı bir maşının arxasınca düşüb, onu qovmaq qanunla qadağandır? Ya biz bunu səhv başa düşmüşük? Ya bu qanunlar, ümumiyyətlə, polislərə aid deyil?
Bununla əlaqədar olaraq, redaksiyamız Daxili İşlər Nazirliyinə, Baş Dövlət Yol Polisi İdarəsinə və Sumqayıt şəhər İcra Hakimiyyətinə cavab almaq üçün məktublar göndərmişdir. Yaxın günlərdə bu mövzu haqqında sizləri məlumatlandıracağıq. Hadisə yerindən şəkilləri oxucularımıza təqdim edirik.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !