Bəxtiyar SADIQOV: - SEVGİ və NİFRƏT

Bəxtiyar SADIQOV: SEVGİ və NİFRƏT

Yaxud korşalan yaddaşı bərpa edəcək etiraflar



Sevənin gözü kor, qulağı kar olur - demişlər.
Bu ideomatik ifadənin mənası odur ki, insan sevəndə sevgi obyektində yalnız müsbət cəhətləri və keyfiyyətləri görər. Kimsə nöqsanı göstərmək, çatışmazlığı söyləmək istəyəndə eşitməz, əhəmiyyət verməz!
Adətən, sevən sevdiyini göylərə qaldırar, az qala müqəddəsləşdirər!


Nifrət edəndə isə vəziyyət tamam dəyişir. Çünki nifrət obyektində yalnız qara rəng görürsən, nöqsan axtarırsan. Müsbət bir şey demək istəyən olanda, acığın tutur, qulaqardına vurursan.
Nifrət də müqəddəslik məqamına yüksələ bilər: düşmənə qarşı tuşlananda, torpağını işğal edənlərə, doğmalarını və əzizlərini şəhid salanlara yönələndə!
İnsan nifrət edəndə gözü başqa rəng görməsə də, qulaqları eşidir. Amma eşitdiklərini elə qulaqardına da vurur.

Azərbaycanı sonsuz məhəbbətlə sevirəm! (Həm də tək mən yox!)
Bir həftədən artıq xarici ölkədə qalanda darıxıram, tez geri dönmək istəyirəm! (Heç bir vacib işim olmasa da!)
Xaraba qoyulmuş el-obam üçün burnumun ucu göynəyir! (Allah bizə məcburi köçkünlük həyatı yaşamağı, əzizlərimizin uyuduqları qəbiristanlıqlara həsrət qalmağı qismət edib!)
Müstəqilliyimizi sevirəm və onunla sonsuz qürur duyuram!
Hər dəfə dalğalanan bayrağımızı seyr edəndə, əzəmətli himnimizi dinləyəndə, gerbimizə baxanda sevinc və qürur duyuram!
Dünyaya çıxan öz qapımız var, müstəqil siyasət yürüdürük, sərhədlərimizi öz əsgərlərimiz qoruyur, xaricə səfər edəndə öz pasportumuzu təqdim edirik...
Yəqin ki, vətənsevərlər bu məsələdə məni yaxşı anlayırlar!
Aqressiv müxalifət isə buna da dodaq büzə bilər!
Azərbaycanı sevdiyim üçün ən əvvəl ondakı gözəllikləri, müsbət cəhətləri, uğurları, ürəkaçan işləri və inkişafı görürəm, sevinirəm!
Aqressiv müxalifət buna görə məni xoşlamırsa, onu başa düşürəm və zərrə qədər də narahat deyiləm!
Anlamadığım bir şey var: vətən məhəbbətinin, dövlət sevgisinin müxalifətçiliyə nə dəxli var?! Axı, onların işi iqtidarla olmalıdır. İqtidara gəlmək üçün mübarizə aparmalıdırlar - dövlətə, milli maraqlara qarşı yox!
“Azadlıq” qəzeti 19 iyul nömrəsində “Rəsmi təbliğat hansı inkişafla öyünür? Yaxud Bəxtiyar Sadıqovu bəxtiyar edən rəqəmlər” yazısı ilə yenə mənim və “Azərbaycan” qəzetinin bostanına daş atıb. Olsun! Bizim bostanımız o qədər geniş, məhsuldar və təravətlidir ki, elə daşlar heç nə edə bilməz!
Sadəcə, Nəcəf Nəcəfov və onun kimi bir neçə vətənpərvər insanların yaratdıqları və yaranışının ilk dövründə azad sözün və demokratiyanın inkişafına müəyyən töhfələr vermiş bir qəzetin niyə belə kökə düşdüyünə acımaya bilmirsən!
DOĞRUDAN DA NİYƏ?
Niyə “Azadlıq” qəzetində yalnız bircə rəng - qara rəng var!
Niyə “Azadlıq” dövləti və milli maraqların nə olduğunu dərk edib nəzərə almır?
Niyə dünyanın harasında, hansı qəzetdə, yaxud telekanalda Azərbaycan əleyhinə bircə kəlmə böhtan, qərəzli söz deyəndə qəzet dərhal onu böyük sevinclə tapıb dərc edərək yaymağa çalışır, xoş niyyətli məqalələrə, obyektiv şərhlərə isə gözünün ucu ilə də baxmır?
Niyə Azərbaycana dönük çıxaraq (AXCP sədri Əli Kərimlinin verdiyi saxta “üzvlük arayış”ları ilə) xaricdə sığınacaq alan, sonra özünü şirin salmaq üçün ölkəmizin maraqları əleyhinə yönələn aksiyaların iştirakçısına çevrilənlər dərhal “Azadlıq”ın sevimli “qəhrəmanı” kimi təbliğ edilir?
Niyə konkret cinayət törədərək məhkəmənin qərarı ilə cəzalandırılan insanları “Azadlıq” düşünmədən öz qəyyumluğuna götürür, hər nömrəsində dərc edilən “vinetka”sında yerləşdirir, “siyasi məhbus siyahısı”na daxil edərək ölkəmizə qarşı qarayaxmalarla məşğul olan antiazərbaycançı şəbəkəyə “yeni fakt” kimi təqdim edir?
Niyə “Azadlıq” müstəqillik illərində Azərbaycanda baş verən dəyişiklikləri (bəli, məhz analoqsuz dəyişiklikləri) görmək istəmir, əksinə, bundan qıcıqlanaraq pəjmürdə olur?
NİYƏ (niyələr çox olsa da, daha uzatmırıq) ?..
“Azadlıq”ın faktiki və gizli redaktoru Əli Kərimli (“həqiqi redaktor” mühacirətdə yaşayaraq Azərbaycan əleyhinə “coşqun” və gərgin iş apardığından qəzeti planlaşdırmaga, materiallarını oxuyaraq redaktə etməyə vaxtı və imkanı yoxdur) ancaq “pisləri” görür! Ola bilsin ki, bu onun xarakterindən və Azərbaycana olan nifrətindən irəli gəlir! Baxın, “müəllim”inə dönük çıxdı, neçə-neçə müavininə və başqa cür düşünən silahdaşlarına savaş açaraq partiyadan didərgin saldı!
Maraqlıdır, niyə (yenə “niyə”) bugünkü “Azadlıq”da Nəcəf Nəcəfov kimi düşünən, yazan bir nəfər belə qələm əhli yoxdur? Hər şeyə pis deməkdən, hər şeyi inkar etməkdən, yalnız mənfi emosiyalar yükü daşımaqdan usanmayıblarmı?
Bu onlara nə verir? Əgər söhbət bir parça çörək qazanmaqdan (halal çörək, xəyanətkarlığa görə verilən xarici qrantları demirik) gedirsə, əvvəla, Azərbaycanda acından ölən jurnalist yoxdur! İkincisi, gərək çörəyini nifrətdən, yalandan, şər-böhtandan çıxarasan? Azərbaycanda belə jurnalistlər var! Kimdənsə pullu sifariş alaraq başqalarını aşağılayırlar. Onlar “reket jurnalist” elan edilərək “qara siyahıya” salınır.
Təəssüf ki, hələlik doğma vətəninə qara yaxaraq qrant alıb villalarda yaşayanların, özləri heç yerdə işləməsələr də, xaricdə övlad oxudub yaşadanların, qrant dəllallarının “qara siyahısı” yoxdur!
Hələlik sevmədiyi xalqa rəhbərlik etmək istəyənlərin, nümayəndəsi olduğu millətin maraqlarını satanların “qara siyahısı” rəsmiləşdirilməyib! Amma xalq onları çox gözəl tanıyır. Həm də öz əməlləri və etirafları əsasında!
“Bir şahını bəyənməyən, cibindən bir abbası çıxarar” demişlər. İndiki iqtidarı bəyənməmək olar! Demokratik cəmiyyətdə belə hal normal sayılır. Amma deyin görək, özünüz iqtidarda olanda (öz ağlınız və qabiliyyətiniz ucbatından nə yatdınız ki, nə yuxu da görəsiniz - vur-tut on bir ay) indi görülən işlərin mində yox, yüz mində (daha milyonda demirik) biri qədər xalqa, dövlətə xidmət göstərib xeyir verə bildinizmi? Nə yaxşı ki, 1993-cü ilin 25 mayında müşavirə keçirərək özünüzün və bir-birinizin simasını, iç üzünü açıb göstərmisiniz. Yoxsa o dövrdə yaşamayanlar sizin indiki “canıyananlığınızı” görüb “qanadsız mələk” sanardılar. Səmimi etirafınızı bir daha özünüzün və həmin müşavirəni televiziya vasitəsilə görüb eşitməyənlərin yadına salırıq.
Beləliklə, söz AXC-Müsavat cütlüyü iqtidarının “dövlət katibi” postunu tutan (indi konspirativ redaktorluq edən) Əli Kərimliyə verilir. O deyir (daha doğrusu, məcburiyyət qarşısında boynuna almalı olur):

* “Xalqın böyük narazılığına səbəb olan bir qüsurumuz da iqtisadi sahədə cinayətkarlığın baş alıb getməsidir. İqtisadi sahədə cinayətkarlıq elə bir vüsət alıb ki, dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yollarla xaricə satılması, həmin vəsaitin xaricdə saxlanması və bir sözlə, dövlət əmlakının talan edilməsi adicə hala çevrilib. Biz bunu etiraf etməliyik”.

* “İqtisadiyyatın bütün sahələrində cinayətkarlıq iri miqyas alıb və hətta ayrı-ayrı cinayət faktları göstərir ki, hüquq-mühafizə orqanlarının da müəyyən vəzifəli şəxsləri daxil olmaqla artıq dövlət orqanlarının daxilində müəyyən cinayətkar təbəqələr formalaşmaqdadır. Bir misal çəkim: dəmir yolunda bir cinayət işi qaldırılıb və məlum olub ki, 198 sisternə qədər şərab məmulatı qeyri-qanuni şəkildə respublikadan kənara çıxarılıb. Görün neçə orqan bununla əlaqəlidir: şərab zavodundan başlamış dəmir yoluna, gömrük, sərhəd, polis orqanlarına qədər və s.”

* “Bu gün Azərbaycanın maddi sərvətləri qaçaqmalçılıq yolu ilə talan olunur. Respublikanın on minlərlə iribuynuzlu mal-qarası, minlərlə texnikası və digər maddi sərvətləri sərhəddən qaçaqmalçılıq yolu ilə keçirilir. Bu, respublikanın iqtisadiyyatına sarsıdıcı zərbə vurur”.

* “Respublikada bütövlükdə nəinki qanunçuluq, hətta icra intizamı xeyli dərəcədə aşağıdır. Prezidentin fərman və sərəncamlarının icrası qənaətbəxş səviyyədə deyil. Bəzən elə ab-hava yaradırıq ki, qanunsuzluq, özbaşınalıq, hakimiyyətsizlik demokratiya ilə eyniləşdirilir. Çox təəssüf ki, hətta fərmanlar icra olunduğu təqdirdə belə, istənilən nəticəni vermir. Qarşıya qoyulan nəticəyə nail olunmur”.

* “Yerlərdə məmurlar elementar ədaləti, hüquqları təmin etmirlər. Son vaxtlar cəmiyyətdə yaranmış haqlı narazılıqların böyük bir qismi məhz məhkəmə orqanlarının fəaliyyəti ilə bağlıdır”.

* “Bəzi məmurların cinayətkar fəaliyyəti nəticəsində minlərlə adamın mənzil hüququnu bərpa edə bilməmişik və bununla da minlərlə adamın mənzil hüququ məhdudlaşıb. Amma həmin minlərlə adamın hüquqlarını cinayətkar üsullarla pozan adamlar bu gün də vəzifələrindən qalırlar”.

Yaxşı bir atalar sözü var: “Oğru elə bilər ki, hamı oğrudur”.
İndi özünüz də anlayırsınızmı ki, niyə hər şeydə bir əyrilik, bir təmənna axtarırsınız?
Vəzifənizi dondurub qaçdığınız dövrlə (nə təhər dondurmusunuzsa, hələ də donu açılmır!) indiki dövrü müqayisə edin. Sizə çətin olarsa, kömək edirəm.
İqtidarda olduğunuz dövr “fövqəladə vəziyyət”lərlə müşayiət edildi. Hava qaralandan sonra insanlar küçəyə, qadınlar isə hətta toya gedəndə belə zinət əşyalarını taxa bilmirdilər. Quldurluq, soyğunçuluq baş alıb gedirdi.
Zavodlar dayanmış (anbarlardakı hazır məhsulları daşıyıb xaricə satırdınız, sonra da dəzgahlara keçdiniz), kolxoz və sovxozlar dağıdılmışdı. İşsiz qalan insanlar ümidlərini “Vahid” bankın verdiyi vaxtı keçmiş ərzaq mallarına bağlamışdılar!
Rüşvətxorluq, korrupsiya baş alıb gedirdi. “Tankın qabağında dayananlar rüşvətin qabağında dura bilmədilər”. (Bunu da sizlərdən kimsə deyib).
Sonda qardaş qanı axıtdınız, ölkəni vətəndaş müharibəsi həddinə çatdırdınız, hətta Gəncəni təyyarələrlə bombalamaq istəyirdiniz!
Adınızı “demokrat” qoysanız da, mətbuata senzura nəzarətini ləğv etməyə belə cürətiniz çatmadı!

İndi bizim hesabımıza sərbəst qəzet bura xırsınız, ağlınıza və ağzınıza gələni qorxub-çəkinmədən yaza bilirsiniz!
İndi Azərbaycan ən təhlükəsiz, əmin-aman və varlı ölkədir. Lap gecə səhərə qədər dənizkənarı parkda gəziş.
Bir milyon 200 mindən çox iş yeri açmışıq, sahibkarlıq inkişaf edib, regionlar paytaxtdan geri qalmır!
Güclü, modern ordu yaratmışıq, aprel ayında yazınızda “tərənnüm” etdiyiniz Ermənistana elə bir şapalaq vurduq ki, hələ də qulaqları cingildəyir. Torpaqları işğaldan azad edəcəyimizə də az qalıb!
İnkişafdan doğan müəyyən problemlərimiz də var. Məsələn, əhali o qədər maşın alıb ki, küçələrdə daimi tıxacdır. Bakıda o qədər yeni, çoxmərtəbəli binalar tikilib ki, havasızlıq yaranıb.
Azərbaycan dünyaya inteqrasiya edib, dünyanın bir parçasına çevrilib. Odur ki, dünyada gedən bütün proseslər bizə də təsir edir. Məsələn, siyasi amillər hesabına neft qiymətdən düşdü, Azərbaycan manatı devalvasiyaya uğradı, bu hesaba qiymətlər qalxıb.
O qədər belə çətinlikləri görüb dəf etmişik ki...
Əsas odur ki, sayılıb-seçilən dövlətə çevrilmişik!
Sabitlik möhkəm və dönməzdir!
Xalqla iqtidar yekdildir, bir-birini sevir!
Ciddi islahatlar aparılır və artıq ilk nəticələr cücərməkdədir!
Xalqımız sabahı və gələcəyi üçün nikbindir!

Bütün bunlara sevgi ilə nail olmuşuq!
Dünyanı yaşadan da, inkişaf etdirən də sevgidir!
Bu yazını bayram təbriki kimi də qəbul edə bilərsiniz!..

 



Bəxtiyar SADIQOV

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !