Məşhur jurnalist Əli İldırımoğluya Mahmud Kaşqari medalı təqdim edildi - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Məşhur jurnalist Əli İldırımoğluya Mahmud Kaşqari medalı təqdim edildi FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

“Mayaklar”, “Yazım-yazmayım” kimi oçerklər, felyetonlar toplularından sonra bir-birinin ardınca “Həmin adam”, “Zorən jurnalist”, “Mənim rəncbər atam” “Közərən sətrlər”, “Aqibət”, “Daş yağan gün” kimi bir sıra maraqlı nəsr kitablarını çap etdirən dəyərli ədibimiz Əli İldırımoğlu bu yaxınlarda Beynəlxalq Mahmud Kaşqari adına Fondun medalına layiq görülüb.
Məmişov Əli İldırım oğlu (Əli İldırımoğlu) — nasir, publisist, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist (1988), əmək veteranı (1998), "Qızıl qələm" mükafatı laureatı (1963), Azərbaycan respublikasının "Şöhrət" ordenli yazıcısısıdir (2007).
Əli İldırımoğlu (Məmişov) 1927-ci il noyabr ayının 17-də Qubadlı rayonunun Əliquluuşağı kəndində rəncbər ailəsində anadan olmuşdur. Burada orta məktəbin VIII sinifdə oxuyarkən 1941-45-ci illəri əhatə edən Böyük Vətən müharibəsi başlanmışdı. VIII-IX siniflərdə çoxluq təşkil edən və əsgərlik yaşına çatmış oğlanlar müharibəyə cəlb olunduğundan həmin siniflər tədris fəaliyyətini dayandırmışdı. Məktəbin direktorluğu onun fəal şagird olduğunu nəzərə alıb, birbaşa qızların çoxluq təşkil etdiyi və bu səbəbdən tədrisi davam etdirdilən X sinfə keçirilmişdi. Beləliklə, Əli İldırımoğlu VIII sinfi başa vurub, IX sinifdə oxumadan, birbaşa X sinfə keçmiş və həmin orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. Müharibənin gedişi ilə əlaqədar olaraq, kəndlərdə müəllim qıtlığı yaranmışdı. Ona görə də elə həmin il Əli İldırımoğlu Şuşa şəhərində açılmış müəllim kadrları hazırlayan iki aylıq kursa göndərilmişdir. Həmin kursu bitirdikdən sonra 1941-42-ci dərs ilində ilk dəfə olaraq Məlikəhmədli kənd ibtidai məktəbində sinif müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1946-cı ilə qədər rayonun Xıdırlı, Novlu, Xəndək ibtidai, Teymurmüskanlı yeddiillik məktəblərində müəllim işləmişdir.
Qiyabi yolla Laçın Pedaqoji Texnikumunu, 1946-1948-ci illərdə Ağdam ikiillik Müəllimlər İnstitutunun tarix fakültəsini bitirdikdən sonra yenidən pedaqoji fəaliyyətini davam etdirmişdir. Əliquluuşağı, Dondarlı, Muradxanlı orta məktəblərində direktorun tədris işləri üzə müavini işləmişdir. 1951-ci ildən rayon maarif şöbəsinin inspektoru, Qubadlıda nəşr edilən "Avanqard" rayon qəzetinin məsul katibi, sonra isə redaktor vəzifələrində çalışmışdır.
1955-ci ilin yanvar ayından 1991-ci ilin sonuna qədər respublikanın ən nüfuzlu orqanı olan "Kommunist" qəzetinin xüsusi müxbiri kimi Naxçıvan, Qarabağ, Dağlıq Qarabağ, Mil-Muğan. Sumqayıt-Quba zonaları üzrə fəaliyyət göstərmişdir. "Kommunist" qəzetində qeyri-normal mühit yarandığından öz təşəbbüsü ib respublikada nəşr edilən "Həyat" qəzetinə işə keçmişdir və il yarım həmin mətbu orqanında eyni zonada (Abşeron, Sumqayıt, Dəvəçi, Quba, Qusar, Xaçmaz rayonlarında) eyni vəzifədə işlədikdən sonra ərizəsi ilə təqaüdə çıxmışdır.
Yüzlərlə oçerk, felyeton, hekayə və povestlərdən ibarət olan "Yazım-yazmayım", "Mayaklar", "Telepat", "Çinarlı", "Dərd", "Silinməz izlər" kitablarının, "Həmin adam", "Közərən sətirlər". "Mənim rəncbər atam'", iki hissədən ibarət olan "Zorən jurnalist", "Aqibət". "Qarlı gecələr", "Daş yağan gün" romanlarının müəllifidir.
"Zorən jurnalist" romanının birinci hissəsi ("Eşq, qələm və qovğa" adı altında), "Mənim rəncbər atam", "Aqibət" romanları türk dilinə, "Aqibət" romanı rumın dilinə tərcümə edilib böyük tirajla nəşr olunmuşdur. "Mənim rəncbər atam" romanı İranda ərəb əlifbası ilə nəşr olunmuşdur. 2007-ci ildə onun seçilmiş əsərləri çapdan çıxmışdır. Əsərləri barədə 2006-cı ildə tənqidçi Bəsti Əlibəylinin, 2009-cu ildə filologiya elmləri namizədi Qurban Bayramovun "Milli-mənəvi dəyərlərin bədii salnaməsi" monoqrafiyaları nəşr olunmuşdur.
1941-45-ci illərdə arxa cəbhədə göstərdiyi "Rəşadətli əməyə görə" medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 noyabr tarixli Sərəncamı ilə Azərbaycan ədəbiyyatı və jurnalistikasının inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1988-ci ildə Respublikanın "Əməkdar jurnalisti" adına layiq görülüb. "Qızıl qələm", "Ali Araz", "Ustad jurnalist", Ə.Haqverdiyev adına mükafatların laureatıdır. Türkiyənin Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən türk ədəbiyyatının inkişafında göstərdiyi xidmətlərə görə "Türk Ədəbiyyatına Xidmət" beynəlxalq mükafatı ilə,2007-ci il Noyabr ayının 17si tarixində Azərbaycan respublikasının prezidenti Ilham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilib.'
Beş övlad atasıdır. Oğlanlarından Yusif Ildırımzadə hüquqşünasdır, həm də elmlər namizədidir. Yunis Ildırımzadə"Əmrahbank"ın prezidentidir. Rasim Ildırımzadə polis əməkdaşıdır, polkovnikdir. Nazim Ildırımzadə isə həkimdir. Qızı Səadət Ildırımzadə filologiya elmləri namizədidir. Həyat yoldaşı Şəfiqə Müəllimlər İnstitutunu bitirib. 13 nəvəsi, 9 nəticəsi var. Övladlarının hamısı İldırımzadə familiyasını daşıyır.
Qeyd edək ki, Mükafat - Mahmud Kaşqari medalı məşhur jurnalist, ağsaqqal yazıçı-publisist dostumuza Bakının Şüvəlandakı bağ evində təqdim olunub.
Bu mərasim münasibətilə fondun icraçı direktoru Elxan Zal Qaraxanlı deyib ki, 10 il öncə əsası böyük yazıçımız Anar tərəfindən qoyulmuş Beynəlxalq Mahmud Kaşqari adına Fond get-gedə fəaliyyət dairəsini genişləndirir. Türk dünyasında tədbirlər, görüşlər, konfranslar keçirir. İki ay öncə Bakıda, bu yaxınlarda isə Qazaxıstanda Fondun tədbirləri oldu. Türk mədəniyyəti qarşısında xidmətlərinə görə bir sıra görkəmli sənət adamları, alimlər təltif edildi. Biz fəxr edirik ki, Əməkdar jurnalist, “Şöhrət” ordenli yazıçı-publisistimiz Əli İldırımoğlu da bu gündən tərtib olunanların siyahısına qoşulur.
Tədbirdə Beynəlxalq Fondun icraçı direktorunun müavini Ağacəfər Həsənli laureatın yaradıcılığının məziyyətlərindən danışıb, onu ustad ədib, yeni nəslə örnək qələm sahibi adlandırıb.
##############################
BƏRGÜŞADA SÖZÜM VAR...

Dünyaya göz açdığım Əliquluuşağı kəndinin kənarından bir çay keçir. Bərgüşad adlı. Uzaq-uzaq dağlardan-dərələrdən, yallardan-yamaclardan damcı-damcı, sısqa-sısqa, gilə-gilə, ovuc-ovuc süzülüb bir məcrada qovuşur, gur axınla ümmanlara doğru baş alıb gedir. Daşlara çırpılır, çilik-çilik olur, kükrəyib şahə qalxır, gah bulanır, gah durulur, lakin məcrasından kənara çıxmır Bərgüşad. Həzin nəğmələri ilə qəlbləri ehtizaza gətirən, neçə-neçə elə-obaya, kəndə-kəsəyə xoş ovqat, xeyir-bərəkət bəxş edən Bərgüşad. Gəncliyimdə qənşər bir yerdə dayanıb, uşaq heyranlığı ilə tamaşa etdiyim, ahıllığımda yuxularımın qanadlarında hər gecə görüşünə getdiyim, dəli bir həsrətlə dalğalarını qollarım arasına alıb dərinliklərinə baş vurduğum, duruluğunda durulub, dincəlib, rahatlıq tapdığım Bərgüşad.

Taleyimizdə bir oxşarlıq var bu aşıb-daşan çayla. Qələmimdən süzülən qara mürəkkəb ağ kağızlarda asanlıqla sətirlənməyib. Bu kitabdan əks-sədası gələn saysız-hesabsız məqalələr, oçerklər, felyetonlar, hekayələr, povestlər, qalın-qalın romanlar ərsə yetənə qədər qələmimin yolu heç də rəvan olmayıb. Bərgüşad kimi başı daşdan-daşa dəyib, sərt küləklərə, müxalif rüzgarlara, bəd niyyətlərə məruz qalıb. Lakin sarsılmayıb qələmim, səmtini dəyişməyib sətirlərim. Yalana, yanlışa uymayıb, bayağı hay-küylər-dən, məddahlardan, məddahlıqdan uzaq olub, Tanrının müqəddəs qanunla - rına, vicdanımın paklığına xilaf çıxmayıb qələmim.

Bərgüşadın yaşı neçədir, bilinmir. Min ildir, milyon ildir, səhih xəbər verən yoxdur. Qələmimin ömrü isə... Bərgüşadın yanında nədir ki?.. Əsri başa vura, vurmaya. Lakin mürəkkəbi tükənməkdə olsa da, sətirlər cıdırında yorulmaq bilmədən, büdrəmədən gedir. Ömrün yaxınlaşmaqda olan qürub anlarına doğru...

Bərgüşada nə var ki?.. Yaranışından neçə yerdə bənd qurub bəndə sal-salar da, qələmim kimi başı daşdan-daşa dəysə də, ona təfavütü yoxdur. Dünya binnət olandan gecə-gündüz çağlayır, dağlardan-daşlardan gilə-gilə, ovuc-ovuc süzülüb gələn saf, sərin suları öz maviliyinə qatıb dərin-dərin dəryalara ərməğan edir.

Məni təhdid edən bir arzum, bir diləyim var. Üzümü ulu göylərə tutub deyirəm: Tezliklə erməni əsirliyindən xilas olasan, Bərgüşad! Məcrandan kənara çıxmayasan, suyun qurumasın, yolun rəvan olsun. Cahıllığımın sevinci, ahıllığımın qəmi, kədəri Bərgüşad. Yazıb-pozduğum bəyaz kağızlar kimi sahillərində qalan izimi, sözümü, həsrətli baxışlarımı əmanət saxla. Əsirlikdən zillət çəkən kəndimə, dağlarımıza, daşlarımıza həmişə həyan ol! Qışda suların buz bağlayanda, qərib ellərdən quşların qonaq gələndə, baharda sahillərin əlvan gül-çiçəklərlə bəzənəndə gecə-gündüz həsrətini çəkən bu qələm əhlini də yad et, Bərgüşad. Bir də ki, yoxluğumda yazdıqlarımı bu kitabda yozanların güzarı o tərəflərə düşsə, həzin nəğmələrinlə onların da könlünü şad et, Bərgüşad!..

Əli İldırımoğlu 25.01.2011
######################################

"SƏNƏDLİ HEKAYƏLƏR VƏ OÇERKLƏR" silsiləsindən

ERMƏNİ XİSLƏTİ

Neçə il bundan əvvəlin söhbətidir. Onda Qarabağ zo­na­sında xidmət edirdim. Bir payız çağı yaxın qonşum olan Suvarma Sistemləri İdarəsinin rəisi ilə onun maşınında Şuşaya gedirdik. Fermalar dağdan arana qayı­dır, köç əlin­dən tərpənmək olmurdu. Şuşanın dolay­larında yenə qoyun sürüləri ilə rastlaşdıq. Aşağı sürətlə gedən maşınımız sü­rünü yarıb irəliləmək üçün aramsız siq­nal verirdi. Qara­kərə qoyun gözlənilmədən dazıyıb özünü ma­şı­­nın qabaq fənərlərinə çırpdı, yıxıldı və tez qalxıb sürüyə qarışdı. Əlbəttə, bu, bir təsadüf olsa da, peşmançılıq hissi keçirdik. Tez maşını saxladıq, baxdıq. Qarakərə qoyunun ola bilsin ki, harasısa əzilsin, bir balaca zədələnsin, ancaq əsaslı bir zədə almamışdı. Ar­xayın düşüb yolumuza da­vam etmək istəyəndə sürünün arxasından­ üz-gözünü tük bas­mış, hün­dür­boylu, cantaraq bir çoban çıxıb, əlində də­yə­nək kəsdi qaba­ğımızı və qışqıra-qışqıra:

- Ara, permanın qoyununa vurub hara qaçırsınız e, get­mə­yə qoy­muyacağam! Asma, getsəniz də, maşının nöm­rə­sini bilirəm…

Rəis maşından enib ona yaxınlaşdı, ədəb-ərkanla salam verdi və soruşdu:

- Bağışlayın, a kirvə, adınız nədir?

Erməni rəisin salam-kalamını vecinə almadan, təkəb­bürlə:

- Ara, adamı neynirsən e, - dedi. - Bu yolun içində mə­nə angetimə dolduracaqsan?! Aşotam ha! Aşot Manukyan! Demağına sözün nədi! Qoymuyacağam tərpənməyə, qoy­numa şikəstə eləmisən, cavabını ver! Artığına, əysiyinə söz deməyə faydasına yoxdu!

Rəis xoş dillə:

- Aşot kirvə, əvvəla qoyuna bir şey olmayıb, - dedi. - İkinci də, əgər şübhələnirsənsə ki, sonradan qoyun şikəst ola bilər və ya ölər, onda tut gətir bura, cəriməsini çə­kərik. Neçəyə deyirsən, pulunu verək, qoyun qalsın bizə.

Erməni rəisin yumşaq danışığını, bizim də sus­du-ğu-muzu görüb özünü qaldırıb qoydu dağın kəlləsinə və sə­sini bir azda qaldırdı:

- Ara, mənim başıma xarabdı, burada xata çıxar­da-ca­ğam! Ay müsəlman, bura bazardı, dükandı ki, sizə qoyun sa­tım? Bu, permanın heyvanıdı!

Rəis çıxılmaz vəziyyətdə qaldı və yenə də Aşot Ma­nuk­yanı sakitləşdirib, razı salmaqdan ötrü dil tökməyə başladı:

- A kirvə, yaxşı, - dedi, - onda gəl belə danışaq, hey­va­nın qiyməti neçəyədi, de, pulunu verək, qoyunu da is­tə-mirik, qalsın özünə.

- Ara, yox e, görürəm vəzifəniz də var, mən heç kimə qorx­muram! Permanın qoynuna vurmusunuz! Sizə qoy-ma­ram, bir addıma da gedəsiniz. Bu saat maşına da aza­ca­ğam. Siz qoynuma vurmusunuz, mən də maşınına sın­dıracağam.

Rəis dedi:

- Aşot kirvə, onda imkan ver, arxadan gələn fer­ma­lar­dan sənin ürəyinə yatan saz bir qoyun alaq verək. Əl çək, ayıbdı, gəlib-gedən bizə baxır. Vurulan qoyunu da özün kəsib yeyərsən, halalın olsun. - Rəis ermənini sakit­ləş-di­rib, yola gətirməyə çalışdı.

- Ara, ayıba sizə olsun ki, qoynuma vurmusunuz! Mənə aldatmağına bacarmayacaqsınız. Dağdan sağ-sala­ma­tına gətirdiyim qoyuna qıçına qırmısınız, ha yalvarın, xey­rinə yoxdur. Mənə də Hadrutlu Aşot deyərlər. Qaba­ğı­ma tərpənə bilməyəcaqsınız…

Rəis nə qədər çalışdı ki, erməni başa düşsün, mümkün ol­madı. Aşot qan-qan deyib durmuşdu. Öz-özlüyümdə fikirləşirdim ki, belə bir adamın səviyyəsinə enib ona baş qoşmağa dəyməz. Bir də ki, axı, onun erməni toxu­nul­maz­lığı var. Bir balaca o yan-bu yan olsa, bir ucu gedib çıxacaq Mos­kvaya. "Yan"ların başbilənləri gözlərini yumub, ağız­la­rını açıb, aləmə car çəkəcəklər ki, bax, erməniləri yola ver­mirlər, onları gözümçıxdıya salırlar. Zavallı çoban din­məz-söyləməz qoyun otardığı yerdə, gör onun başına nə müsibət açıblar. Onda da gəl cavab ver! Kimi başa salasan ki…

Sürücü Rəşid də bizdən keçib məsələyə müdaxilə elə­mir­di. Onun xasiyyəti də başqaydı. İyirmi-iyirmi beş yaşı olan bu adamla iki gün yol get, dindirsən danışacaq, din­dir­məsən, kəlmə kəsən deyil. Necə deyərlər, qızdan-gə­lin­dən həyalı adamdı. O da sükanın arxasında mat-məəttəl qu­ruyub qalmışdı. Ancaq hiss edirdim ki, Rəşidin içə­ri­sin­də dişi bağırsağını kəsir.

Üç nəfər adam, bir maşın Aşotun çəngindən qur­tara bil­mirdik. Bəs nə edək, - öz-özümə düşündüm. Aşot Ma­nuk­yan ipə-sapa yatmırdı. O, qovduqca, rəis qa­­çırdı, biz də dinmirdik.

Axır ki, sürücü özünü saxlaya bilmədi. Rəşid sü­ka­nın arxasından çıxıb maşının açarını rəisin üstünə ataraq:

- Yoldaş Məmmədov, - dedi. - Bu gündən sizin işçi de­yi­ləm, əmrimi verin, çıxarın! Əşi, ölmək ölməkdir, xırıl­damaq nə deməkdir?! Bayaqdan qalmısınız bu sırtıq, hə­ya­sız erməninin əlində! Siz bəlkə vəzifənizdən qorxursunuz, mənim itirəcəyim bir şey yoxdu!..

Rəşid hücum çəkdi erməninin üstünə:

- Ə, vicdansız oğlu, vicdansız, - dedi. Bayaqdan bu kişilər abrına qısılıb, sənə baş qoşmaq istəmirlər, sən də həyasızlığına salıb, bizi girinc eləmisən, qoymursan sakitcə yolumuzla gedək. Əvvəla, qoyununa heç nə olmayıb, olubsa da, ya pulunu al, ya da əvəzinə qoyun veririk. Ta bu nə həyasızlıqdı eləyirsən?!

Rəis sürücüyə təpindi ki, çoban adamdı, onnan işin olmasın. Həmişə özündən böyüyün qarşısında "bəli,baş üstə"dən başqa kəlmə kəsməyən sürücü bu dəfə rəisi eşitmədi. Əlində maşından götürdüyü yarım metrlik dəmirlə Aşotu yaxalamaq istəyəndə, erməni arada heç bir şey olmayıbmış kimi, şaqqanaq çəkib güldü və yüz ilin dostu, qardaşı kimi sürücünün boynuna sarıldı:

- Va! Ara! Bu dalıdı - nadı! Ara, məssəb haqqı, zarapat eləyirəm eli! Ara, nə danışırsan?! Sizi kimi kepinə kök adamlara bir qoyun nədi ki?! Mənim sürümün hamısı sizə qurbandı. A kibrə, mən burda nə dedim ki, kepinizə dəydi ki, mənim bir səpim olub, onda gərək günahıma bağışlayasınız…

Sürücünün əl-qolu yanına düşdü. O, xarakterinə xas olmayan hərəkət etdiyinə görə xəcalət çəkə-çəkə geri dönüb sükanın arxasına keçdi və bayaqdan bəri qan-qan deyib qarşımızda meydan sulayan Aşot Manukyanın arsız, yaltaq baxışlarının müşayiətilə yolumuza davam etdik…


1997-ci il."

 

 

Çapa hazırlayanı:

AZpress.AZ -ın
müxbiri.
Əlihüseyn Ş Ü K Ü R O V. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !