Akif Ağayev : - ONLAR MASALLIDANDIR

Akif Ağayev : ONLAR MASALLIDANDIR

Kikboksinq üzrə 9 qat dünya, 3 qat Avropa çempionu, Azərbaycan Mautay və Tayboks Federasiyasının vitse-prezidenti, əməkdar idman ustası, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı Araz Fırqan oğlu Musayev ilk dəfə dünya çempionu olduğu günü belə xatırlayır: Uşaqlıq arzum idi ki, fəxri kürsünün yüksək pilləsinə qalxım, birincilik əldə edim. İlk dəfə dünya çempionu olanda və ölkəmizin bayrağını dalğalandıranda elə hisslər keçirdim ki, onu sözlə ifadə etmək çətindir. Bu, bir başqa hiss idi.
1977-ci ildə Lürən kəndində dünyaya göz açan Araz 7 yaşından idmanla məşğul olmağa başlayıb. Doğulduğu Masallı rayonunda ən qədim idman növü olan güləşin sirlərinə yiyələnib. Həmyaşıdları məktəbə hazırlaşdığı bir dövrdə onun yalnız bir arzusu vardı – idmançı olmaq. Sonradan idman onun həyat tərzinə çevrildi. Bu sahəyə daha ciddi və peşəkar yanaşmağa başladı.
17 yaşında artıq böyük idmana qədəm qoyub. Rayon yarışlarında həmişə birinci olan bu yeniyetmə digər döyüş növünə üstünlük vermiş və o zaman Azərbaycanda təzəcə yayılmağa başlayan kikboksinqlə məşğul olmağa başlayıb. Fasiləsiz öz üzərində işləyən atlet nəhayət, ölkə çempionatlarında, beynəlxalq yarışlarda uğurlar qazanmağa başladı. İlk idman nailiyyəti ölkə ikincisi oldu.
1995-1997-ci illərdə Araz Azərbaycan çempionu oldu və öz çəki dərəcəsində uzun illər bu titulu qoruyub saxladı. 1998-ci ildə ilk dəfə Avropa çempionatında (Almaniya, Köln şəhəri) özünü sınayan Araz Musayev bu mötəbər yarışda qitə çempionu adını qazandı. Sonralar yenilməz pəhləvanın biri-birindən uğurlu qələbələri Azərbaycan idmanına şan-şöhrət gətirdi.
25 yaşında isə dünya çempionu oldu. Yunanıstanda düzənlənən planetin ən güclü yarışmasının yarımfinal mərhələsində 2 erməni döyüşçüsünü məğlub edən Arazın finaldakı rəqibi də Rusiya təmsilçisi erməni idmançı idi. Lakin azərbaycanlı “ qara bəbir”in (idmançılar arasında ona verilən ləqəb) hücum taktikasına bələd olan əks tərəf bu görüşdən imtina etdi.
Tailandın Banqkok şəhərində (2004) dünyanın 50 ölkə idmançılarının güclərini sınadığı muay- tay idman növü üzrə dünya çempionatında bütün rəqiblərinə qalib gələn Araz altınçı dəfə dünya çempionu adını qazandı.
Bir sıra mötəbər yarışların qalibi, Azərbaycan idmanının ləyaqətli təmsilçisi olan A. Musayev İtaliyanın Milan şəhərində keçirilən muay-tay üzrə dünya çempionatından (2011) yenə də qələbə ilə vətənə döndü. Əməkdar idman ustası Araz Musayev üçrəngli bayrağımızı bu çətin yarışda da yüksəklərə qaldırıb, qaliblər kürsüsünün birinci pilləsinə qalxdı. Beş döyüşün hamısında rəqiblərini məğlub edən millimizin üzvü qızıl medallarının sayını yeddiyə çatdırdı. İtaliyanın Karrara şəhərində (2012) uşu və tayboks idman növləri üzrə keçirilən dünya çempionatında – 70 ölkədən 2000-dək idmançının iştirak etdiyi yarışda Araz Musayev (91 kq, 18-35 yaş kateqoriyasında, tay fan üzrə) ənənəsinə sadiq qaldı. İtaliya, Fransa və İsveç idmançılarına qaib gələrək 81 kiloqram çəki dərəcəsində çempion olmaqla yeddiqat dünya çempionu tituluna yiyələndi.
Elə bir dünya, Avropa çempionatı olmadı ki, orada uğur qazanmasın Araz. Masallı torpağının iftixarı doqquz dəfə dünyanın, üç dəfə qitənin birincisi oldu. Məğlubedilməz bahadırımız hansı ölkəyə getdisə, qələbə qazandı: İngiltərə, Macarıstan, İrlandiya, İtaliya, Tailand...
İxtisasca hüquqşünas olan Araz 2 övlad atasıdır. 11 yaşlı qızı atasının yolu ilə gedir. Bədii gimnastika ilə məşğul olan Gövhər yaşının az olmasına baxmayaraq, yeniyetmələr arasında keçirilən respublika birinciliyində üçüncü yeri tutub.
İdman nailiyyətlərində dövlət qayğısının böyük rol oynadığını dönə-dönə qeyd edən Araz Musayev dəfələrlə ölkə rəhbərinin Fəxri fərman və mükafatları ilə təltif olunub. Prezident İlham Əliyev çempiona ev hədiyyə edib. Beynəlxalq dərəcəli idman ustası deyir ki, gəncliyimiz müstəqilliyimizin ilk illərinə təsadüf etdi. Ulu öndərin hakimiyyətə gəlişilə digər sahələr kimi, idman sahəsində də tərəqqi baş verdi. Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyilə ölkədə olimpiya hərəkatı vüsət almağa başladı. Bu bizə böyük stimul verdi, idmançılar arasında ruh yüksəkliyi yarandı. Hər dəfə qızıl medalla ölkəmizə qayıdanda bizi şəxsən cənab Prezidentin özü qəbul edir və tövsiyyələrini verirdi. O, bizi qələbədən qələbəyə ruhlandırırdı. Möhtərəm prezidentimiz İlham Əliyevin idmana, onun inkişafına diqqət və qayğısı sayəsində beynəlxalq yarışlarda ölkəmiz yüksək səviyyədə təmsil olunur, idmanın bütün növlərində böyük qələbələr əldə edilir. Bu gün Azərbaycan dünya səviyyəli idman yarışlarına ev sahibliyi edir. Bu bizim qürur mənbəyimizdir.
FHN-nin əməkdaşı A.Musayev öz işindən zövq alır. Deyir ki, insanların həyatını xilas etmək, onları qorumaq şərəflidir.
Dünyanın adlı-sanlı idmançıları arasında özünəməxsus yeri olan Araz Musayev həm də mautay və tayboks federasiyasının vitse-prezidenti kimi respublikanın idman şərəfini uca tutacaq, müstəqil Azərbaycanın üçrəngli bayrağını ən məsul yarışlarda yüksəklərə qaldıracaq gənclərə bələdçilik edir. Ümidvarıq ki, püxtələşmiş idman mütəxəssisi bundan sonra da ölkə idmanına töhfəsini verəcək. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !